AzMİU-da Tikinti layihələrinin idarə edilməsi laboratoriyası açılıb | |
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inşaat fakültəsində Tikinti layihələrinin idarə edilməsi laboratoriyasının açılışı olub.
Açılış mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, tədris işləri üzrə prorektor Akif Qasımov, Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyasının direktor müavini Fərid Kazımov, universitetin kafedra müdirləri və dekanlar iştirak edib.
Fakültənin Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri və laboratoriyanın ərsəyə gəlməsinin təşəbbüskarı olan Sahib Fərzəliyev qeyd edib ki, laboratoriyanın yaradılması ilə tikinti istehsalatının operativ idarəedilməsini həyata keçirmək mümkün olacaq. Eyni zamanda vurğulayıb ki, inşaat prosesinin virtual-simulyasiya proqramı vasitəsilə həm tədqiqi, həm də öyrənilib-öyrədilməsi, məhdud tikinti resurslarının-ehtiyatların səmərəli idarə edilməsinin təşkili kimi məsələlərin inşaatçı tələbələrə öyrədilməsi çox aktualdır.
“Amal Group” MMC-nin şöbə müdiri, AzMİU-nun müəllimi Əhməd Əhmədov laboratoriyanın fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, laboratoriyanın yaradılmasının əsas məqsədi tikinti istehsalatında mürəkkəb və sistemli bir prosesi araşdırmaq, onlar arasındakı qarşılıqlı əlaqələri sadələşdirmək, vaxt itkisinin qarşısını almaq və s. üçün müasir komputer modellərinin əldə edilməsinə, onların tədrisə tətbiqinə nail olmaqdır. O, tikintinin planlaşdırılması, təşkili və idarəedilməsi sahəsində tətbiq edilən PRİMAVERA proqramının xüsusi rolundan danışıb, dünyada tikinti sahəsində ən aktual proqram olduğunu vurğulayıb.
Laboratoriyanın əhəmiyyətindən bəhs edən AzMİU-nun rektoru G. Məmmədova bildirib ki, tikinti istehsalatının idarəedilməsi ilə bağlı müasir texnologiyaların tədrisə gətirilməsinə dair nəzəri biliklərlə yanaşı, praktik biliklər də qazanan tələbələr- gənc inşaatçı kadrlar beynəlxalq səviyyədə yetişə biləcək.
|
|
25.09.2021 | 11:26 | |
|
|
|