TƏHSİL üçün vaksinasiya | |
Yeni tədris ilinin başlanması ərəfəsində ümumtəhsil müəssisələrində təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması məqsədilə səyyar vaksinasiya məntəqələri yaradılıb. Məntəqələrin yaradılmasında məqsəd təhsil işçilərinin peyvəndlənmə prosesini sürətləndirməkdir. Bu məntəqələr Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində təşkil olunub. Prosesə sentyabrın 14-dən start verilib.
Prosesi yaxından izləmək üçün Bakıdakı 158 nömrəli tam orta məktəbdə olduq. İdman zalında təşkil olunmuş vaksinasiya məntəqəsinə daxil olan müəllimlərin əvvəlcə bədən hərarətləri ölçülür və onlar şəxsiyyətini təsdiq edən sənədlə qeydiyyata alınır. Bundan sonra onların arterial təzyiqi yoxlanılır və hər hansı bir narahatçılığının olub-olmamağı barədə məlumat əldə edilir. Səhhətində heç bir problem aşkarlanmayan şəxs vaksin olunaraq 10-15 dəqiqə gözlədikdən sonra məntəqədən ayrılmasına icazə verilir. Peyvənd məntəqəsində vaksin olunan müəllimlərlə söhbət etdik.
Bakıdakı 158 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Mətanət Süleymanova ikinci dozanı qəbul etdiyini və səhhətində heç bir problem olmadığını bildirib. O, doğma sinif otaqlarında ənənəvi dərslərə qayıtmağın yeganə yolunu peyvəndlənmədə və gigiyenik qaydalara əməl etməkdə görür: “Təhsil üçün vaksinasiya kampaniyasına mən də qoşuldum. Hal-hazırda özümü çox normal hiss edirəm. Vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Təhsil işçilərimizin vaksinasiya olunmasını ürəkdən arzu edirik. Bu, hər şeydən əvvəl sağlamlığımız üçün çox vacibdir. Eyni zamanda biz müəllimlər şagirdlərlə ünsiyyətdə oluruq. Qarşılıqlı ünsiyyət şəklində xəstəlikdən qorunmaq üçün biz müəllimlərin vaksinasiya olunması vacibdir. Gələcəyimiz üçün bunun əhəmiyyətli olduğunu düşünürəm. Bu məqsədlə könüllü şəkildə peyvənd məntəqəsinə gələrək təhsil üçün vaksinasiya olundum”.
Məktəbin alman dili müəllimi Almas Qasımova da dünyanın bəlasına çevrilən “COVID-19”-dan xilas olmağın yeganə yolunu vaksinasiya və gigiyenik qaydalara əməl etməkdə görür: “Təhsil işçiləri üçün burada çox yüksək səviyyədə şərait yaradılıb. Biz müəllimlər vaksinasiya olunmalıyıq ki, şagirdləri və özümüzü bu xəstəlikdən uzaq edək. Şükürlər olsun ki, ölkəmizdə bununla bağlı qabaqlayıcı addımlar atıldı. Dövlətimizin gücü sayəsində biz vaksinlər vurdura bilirik. Fikrimcə, bu xəstəlikdən tezliklə xilas olmaq üçün peyvənd vurdurmalıyıq. Ağlıma gətirə bilməzdim ki, vaksin məntəqəsində bu qədər təhsil işçisi olar. Bu, çox sevindirici bir haldır. Gələcəyimiz və əvvəlki həyatımıza qayıtmaq üçün gəlin vaksin olunaq. Hamımız istəyirik ki, ənənəvi təhsilə qayıdaq. Bunun da yeganə çıxış yolu qaydalara əməl etməklə yanaşı vaksin olunmaqdır. Əziz həmkarlarıma müraciət etmək istərdim ki, gəlin bu xəstəliyə yoluxmamaq və əvvəlki həyatımıza qayıtmaq üçün peyvənd olunaq”.
Qeyd edək ki, martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.
Ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib. Bu göstərici Bakı şəhəri üzrə 88, Sumqayıt şəhəri üzrə 92, Gəncə şəhəri üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir.
Məktəbdənkənar təhsil müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi, ali və orta ixtisas təhsili müəssisələrində çalışan təhsil işçilərinin 80 faizi, peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi artıq vaksinasiya olunub.
Bundan əlavə, ümumi və peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 1 faizinin, məktəbdənkənar təhsil müəssisələrinin işçilərinin 2 faizinin immunitet sertifikatı var.
Rəşad ZİYADOV |
|
24.09.2021 | 12:25 | |
|
|
|