Təhsilə qısa baxış

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development - OECD) öz ənənəsinə uyğun olaraq 2021-ci il üzrə dünya ölkələrində təhsil sistemlərinin ümumi vəziyyətinə dair növbəti “Təhsilə qısa baxış” hesabatını açıqlayıb.

 

Hesabat bütün dünyada təhsilin vəziyyəti haqqında nüfuzlu məlumat mənbəyidir. Sənəd OECD və bir sıra tərəfdaş ölkələrdə təhsil sistemlərinin quruluşu, maliyyəsi və səmərəliliyi haqqında məlumatları təqdim edir. Beş yüz səhifəlik nəşrdə 100-dən çox diaqram və cədvəl, habelə təhsil bazasının bir çox digər materiallarına istinadlar təhsil müəssisələrinin fəaliyyətinin nəticələri - müxtəlif ölkələrdə təhsilin vəziyyəti; təhsildə əlçatanlıq və irəliləyiş; təhsilə qoyulan maliyyə resursları; müəllimlər, tədris mühiti və məktəblərin təşkili haqqında əsas məlumatlar əksini tapıb. Hesabatın ayrıca bir fəsli BMT-nin Davamlı inkişaf sahəsində IV məqsədlərinə  həsr olunub.

 

Təhsildə bərabərlik: təhsil imkanlarının genişləndirilməsi

 

COVID-19 pandemiyası 2020-ci ildə, demək olar ki, bütün ölkələrdə  məktəblərin bağlanmasına səbəb olub. OECD-nin məruzəsində qeyd edilir ki, aşağı təhsil səviyyəsinə malik ölkələrdə məktəblər daha uzun müddətə bağlı qalır. Həmçinin  vurğulanıb ki, sosial-iqtisadi cəhətdən həssas ailələrdən olan uşaqlar  daha çox dərs saatlarını itirib və  onların səmərəli distant təhsil almaq resursları  olmayıb.  Pandemiya eyni zamanda, hamımızın təhsilə eyni qaynaq və imkanlarla başlamadığımızı və bunun nəticələrinin bütün həyatımız boyu davam etdiyini xatırlatdı. Məhz burada təhsil mühüm əhəmiyyət kəsb edə, bütün yaşlardan olan insanlar üçün daha bərabər şərait yarada bilər ki, onlar öz  həyatlarını yaxşılaşdırmağa imkan verən bacarıqlar əldə etsinlər. Buna baxmayaraq, təhsildə qeyri-bərabərlik qalmaqdadır,  çünki cinsi, sosial-iqtisadi status, ailə mənşəyi və ya coğrafi mövqe  hələ də məktəbdə uğurlu olub-olmamağımızdan asılı olmayaraq, əvvəlki kimi təhsilə çıxışımızı, eləcə də təhsil çərçivəsində edəcəyimiz seçimi  müəyyənləşdirir. Təhsildə bərabərlik təkcə ayrı-ayrı insanlara deyil, hamımıza fayda verir, güclü iqtisadiyyat və davamlı cəmiyyət yaratmağa kömək edir. Onsuz davamlı bərpaya  nail ola bilmərik. İmkansız ailələrdən olan şagirdlərin məktəbdə yaxşı oxumaları və ya rəqəmsal təhsil alətlərinə sahib olmaları ehtimalı azdır.  Onlara evdə oxumaq və dərs tapşırıqlarının həllində valideynlərindən kömək alması üçün sakit yer çatışmır. Onların ali təhsil almaq şansı azdır. Miqrant ailələrindən olan tələbələr tez-tez oxşar maneələrlə qarşılaşırlar. Təhsil sistemləri rəqəmsal təhsilin, tədrisin əlçatanlığı və keyfiyyətində mövcud bərabərsizliyin daha da güclənməsinə kömək etməməsinə diqqət yetirməlidir. Bütün şagirdlərin təhsil almaq və uğur qazanmaq üçün lazım olan resurslara  sahib olmalarını təmin etmək  həyati əhəmiyyət kəsb edəcəkdir.

 

Hesabata əsasən, 2020-ci ilin ilk aylarından həyatın bütün sahələrinə mənfi təsir göstərən pandemiyadan ən çox əziyyət çəkən sahələrdən biri təhsil olmuşdur. Məktəblər 2020-ci ilin yanvar ayından 2021-ci ilə qədər məktəbəqədər təhsil müəssisələrində 55 gün, ibtidai təhsil müəssisələrində 78 gün, natamam orta məktəblərdə 92 gün və orta məktəbin yuxarı siniflərində orta hesabla 100 gündən çox  bağlanıb. Təxminən 1,5 ildir ki, dünya ölkələrində təhsil uzaqdan davam edib.  Uzaqdan təhsil  internetə, kompüterə və ya planşetə çıxışı çətin olan tələbələrin narazılığına səbəb olub. Xüsusilə, sosial-iqtisadi cəhətdən əlverişsiz vəziyyətdə olan tələbələr imkanlar bərabərsizliyi səbəbindən təhsildən məhrum ediliblər. Bu, bir çox uşağın distant təhsil almamasına səbəb oldu. Koronavirus səbəbindən bir çox ölkələrdə məktəblərin bağlanması və distant təhsilə keçid yenə gənclərin təhsilində imkanların bərabərsizliyinə yol açıb.

 

Təhsil büdcəsi pandemiya dövründə artıb

 

Hesabata əsasən OECD və tərəfdaş ölkələrin təxminən 60%-i pandemiyaya cavab olaraq təhsil  büdcələrini artırıb. Bu vəsaitlərin necə xərclənməsi ölkədən-ölkəyə dəyişir: məsələn, müəllimlərin əlavə əmək haqqı,  əlavə korreksiyaedici təlimlər; tələbələrə onlayn təhsil üçün rəqəmsal alətlərin təqdim edilməsi; tələbələr üçün əlavə təqaüdlərin verilməsi və s. Bu, ümidvericidir, amma hələ çox işlər görülməlidir və investisiyanı qorumaq lazımdır. Təhsildə ədaləti gerçəkliyə çevirmək üçün uzaqgörənlik və uzunmüddətli investisiya lazımdır. Məruzədə bildirilir ki, həssas qrupdan olan şagirdlər ali təhsillərini daha az ehtimalla davam etdirə biləcəklər ki, mühacir ailələrindən olan uşaqlar arasında bu göstərici xeyli yüksəkdir. Hesabatda daha bir vacib məqam rəqəmsal təhsilin bu bərabərsizlikləri artırmasıdır.  OECD hökumətləri təhsilə və rəqəmsal bacarıqlara sərmayə qoymağa çağırıb.

 

Hesabatda qeyd olunur ki, təhsilə qoyulan investisiyalar başlıca  əhəmiyyət kəsb edir, lakin təhsil xərclərinin artması, bir qayda olaraq, nəticələrin yaxşılaşmasına gətirib çıxarmır, bu isə o deməkdir ki, ölkələr resurslara daha effektiv investisiya qoyuluşu yollarını və resursların tələbata nisbətini daha diqqətlə öyrənməlidirlər. Orta hesabla, ölkələr üzrə təhsil müəssisələrinin xərcləri 2018-ci ildə məktəbəqədər təhsil səviyyəsində bir təhsilalan üçün  təxminən 9300, ibtidai, orta və  tam orta səviyyələrdə 10500, ali təhsil səviyyəsində isə 17100 ABŞ dolları təşkil edib. Dövlət sektoru  OECD-nin əksər ölkələrində orta hesabla ibtidai və orta təhsil müəssisələrinin ümumi xərclərinin 90%-ni, ali təhsil sahəsində  66%-ni maliyyələşdirir.  Ölkələrin üçdə ikisi 2020-ci ildə, dörddə üçü isə 2021-ci ildə COVID-19-a cavab olaraq təhsil tədbirlərinin dəstəklənməsi üçün dövlət təhsil xərclərinin artırılması barədə məlumat verib. Bu sərmayənin davamlılığı öyrənmə itkilərini azaltmaq, müəllimlərin öyrənmə strategiyalarını fərdi öyrənmə ehtiyaclarına uyğunlaşdırmaq və  inkişaf etdirmək üçün çox vacib olacaq.

 

OECD ölkələri təhsil sistemlərinə və müəllimlərə dəstək tədbirlərini artırmağa çağırıb.

 

Hər kəs üçün davamlı öyrənmənin təşviqi

 

Hesabatda qeyd olunur ki, bir çoxumuz məktəbi və ya universiteti  bitirdikdən sonra təhsildə iştirak etmirik, iştirak edənlərin isə artıq nə qədər təhsil və bacarıqlara malik olması həm təhsildə bərabərlik, həm də işçi qüvvəsinin hazırlıqlı  olması baxımından mühüm əhəmiyyət daşıyır. OECD-nin məlumatları göstərir ki, yüksək təhsil səviyyəsi olan 10 nəfər yaşlı insandan təxminən 4-ü istehsaldan uzaqlaşmadan formal təhsildən və ya təlimdən  keçir, lakin təhsil səviyyəsi aşağı olan 10 nəfərdən təxminən 8-i bu cür əlavə təlimdən keçmir. İxtisasları az olan işçilərin bu cür təhsildə iştirak etmək ehtimalı azdır. Onlar avtomatlaşdırma və rəqəmsallaşdırma hesabına yeniləşən sektorlarda, yəni daha çox indi və gələcəkdə yeni bacarıqların inkişaf etdirilməsini zəruri edən iş yerlərində işləyəcəklər. Pandemiya da təsir göstərib: məhdudiyyətlər səbəbindən istehsaldan uzaqlaşmadan təhsilə sərf olunan saatların sayı təxminən 20% azalıb. Qapanmalar, məhdudiyyətlər sona çatdıqca, uşaqlar və gənclər arasında ömürboyu təhsil almaq üçün düşüncə tərzini təşviq etmək və yaşlı vətəndaşların təlimini yeni inkişaf etməkdə olan sektor və sahələrdə bacarıq ehtiyacları ilə əlaqələndirmək çox vacibdir.

 

Dəyişən dünyada ömürboyu təhsil böyüklər üçün ixtisasın artırılması və yenidənhazırlanmada daha vacib olub.  Buna baxmayaraq, 2016-cı ildə böyüklərin yarıdan çoxu onlar üçün nəzərdə tutulmuş təlimlərdə iştirak etməyib və pandemiya bu sahədə imkanları daha da azaldıb. Hesabata əsasən, müəllimlər digər dövlət sektorları və bizneslə daha sıx əməkdaşlıq etməlidirlər ki, əmək bazarının tələbləri ilə birlikdə inkişaf edən təhsilin əldə edilməsi və genişləndirilməsinin çevik yollarının təşviqinə töhfə versinlər.

 

Yaşlılar arasında hər 5 nəfərdən birinin baza təhsili yoxdur

 

2020-ci ildə OECD ölkələri üzrə orta hesabla yaşlıların  20%-i və gənclərin 15%-i tam orta təhsil almayıblar. Baxmayaraq ki, 2019-cu ildə ölkələrin əksəriyyətində orta məktəbin yuxarı siniflərindən 2005-ci ilə nisbətən daha az uşaq məktəbi buraxsa da, OECD ölkələrinin dörddə birində uşaqların hələ də 10%-dən çoxu  məktəbi erkən tərk edir. Hamının təhsil almasını nəzərdə tutan Davamlı İnkişaf sahəsində Qlobal Məqsədlərə nail olmağa 10 ildən az vaxt qaldığından, COVID-19  pandemiyası son illərin irəliləyişini tərsinə çevirmək riskini yaşadır.Hesabatda qeyd olunur ki, hökumətlər imkan bərabərsizliyi mənbələrini aradan qaldırmaq üçün təhsilə qoyulan investisiyalarını artırmalıdırlar. Bu, bütün yaşlardan olan insanlar üçün daha bərabər şərait yaratmağa kömək edəcəkdir ki, onlar iş yerlərini və həyatlarını yaxşılaşdıran bacarıqları əldə edə bilsinlər. Araşdırmada qeyd olunur ki, OECD ölkələrində yaşlılar arasında hər 5 nəfərdən biri baza təhsili almayıb, bəzi ölkələrdə isə uşaqların böyük hissəsi məktəbi vaxtından əvvəl tərk edib. 2019-cu ildə ölkələrin təxminən dörddə birində məktəb yaşlı hər onuncu şagird  məktəbə getməyib. Lakin bəzi ölkələr irəliləyişə nail olublar: 2005-ci ildən 2019-cu ilə qədər orta məktəbə getməyən şagirdlərin sayı  Meksika, Portuqaliya və Rusiyada 15 faizdən çox azalıb. Sosial-iqtisadi status 15 yaşlıların savadlılıq bacarıqlarına təsir göstərir, lakin bəzi təhsil sistemləri sosial cəhətdən digərlərindən daha çox davamlıdır. Sosial-iqtisadi status da tələbələrin təqib etdiyi proqramın istiqamətləndirilməsinə təsir göstərir, bununla yanaşı, ali təhsilli valideynləri olmayan şəxslərin orta məktəbin yuxarı siniflərində peşə hazırlığını davam etdirmək ehtimalı daha çoxdur. Tam orta təhsili olmayanlar əmək bazarında çətinliklərlə üzləşirlər. 2020-ci ildə tam orta təhsil almamış gənclər arasında işsizliyin səviyyəsi daha yüksək ixtisaslı gənclərlə müqayisədə iki dəfə artıq olub.  Gender bərabərsizliyi də qalmaqdadır.  Oğlanlar qızlara nisbətən  daha tez-tez  tədris ilini təkrarlayır  və oxumağı bacarmırlar, həmçinin daha az ümumi orta təhsil alırlar. Oğlanlar adətən texniki-peşə proqramlarında daha çox təmsil olunurlar və daha az ehtimalla ali məktəbə qəbul olur və onların universitet təhsilini başa çatdırmaq ehtimalı azdır. Qadınlar yaşlıların formal təlimində iştirak göstəricilərinə görə kişiləri üstələyirlər. Buna baxmayaraq, OECD ölkələrində təhsilin bütün səviyyələri üzrə eyni ixtisasları bitirmiş qadınların  kişilərlə müqayisədə iş tapmaq və yüksək əməkhaqqı almaq şansları hələ də azdır. 

 

Bir  çox ölkələrdə ali təhsilə dövlət investisiyaları azalıb

 

Hesabata görə, inkişaf etmiş ölkələrdə milli sərvətin bir hissəsi kimi ali təhsilə dövlət investisiyaları azalıb. Hesabat  universitetlərə özəl  sektorlardan investisiyaların artdığını,  bir sıra ölkələrdə təhsil haqlarının yüksəldiyini göstərir. Qeyd olunur ki,  ümumi daxili məhsulun payı kimi ali təhsilə dövlət xərcləri orta hesabla OECD ölkələri üzrə 2012-ci ildən 2018-ci ilə qədər 8% azalıb. Hesabata əsasən, dövlət büdcəsinin sərtləşdirilməsi şəraitində bir çox təhsil sistemləri əlavə investisiya üçün, xüsusilə ali təhsil səviyyəsində, özəl sektora getdikcə daha çox müraciət edir.Son on il ərzində yerli tələbələr üçün bakalavriat səviyyəsində təhsil haqları İngiltərə, İtaliya və İspaniya da daxil olmaqla, ölkələrin təxminən üçdə birində real ifadədə 20 faizdən çox artıb. İngiltərə universitetlərində təhsil haqqı ən yüksəkdir - orta illik ödəniş təxminən 12330 dollar. Avstraliya, Kanada, Çili, Yaponiya və Cənubi Koreyada təhsil haqqı 4000 dolları keçir. İspaniya, Fransa və Almaniya kimi ölkələrdə təhsil haqları nisbətən daha aşağıdır. Son on ildə ali təhsilli 25-34 yaş arası insanların sayı artıb; OECD ölkələri üzrə orta hesabla bu yaş qrupunun 45 faizi 2020-ci ildə 2010-cu ildəki 37 faizlə müqayisədə  alimlik dərəcəsi əldə edib.

 

Hesabatda  qeyd olunur ki, əldə edilmiş təcrübədən dərslər alınmalıdır, o cümlədən güclü rəqəmsal təhsil infrastrukturunun yaradılması zəruridir. Hesabat  2020-ci ilin yanvarından 2021-ci ilin may ayının ortalarına qədər olan dövrü əhatə edir.

 

Oruc MUSTAFAYEV



24.09.2021 | 09:38