SDU-da Heydər Əliyev məktəbinin növbəti məşğələsi keçirilib

Fevralın 28-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda növbəti məşğələ keçirilib.

 

Universitetdən verilən məlumata görə, rektor, professor Elxan Hüseynov qadınların cəmiyyətdə yeri və rolundan, onların universitetin ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən söz  açıb. Bildirib ki, tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Respublikamızda ailə, qadın və uşaq problemlərinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu bildirən rektor qeyd edib ki, bu gün təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini xanımlarımız təşkil edir. Artıq cəmiyyətdə elə bir aparıcı sahə yoxdur ki, qadınlarımız orada təmsil olunmasınlar. Bu, ulu öndər Heydər Əliyev siyasətinin tərkib hissəsidir. Ümumiyyətlə, ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərlik edərkən Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır.

 

 Rektor diqqətə çatdırıb ki, bu gün qadınlarımız  cəmiyyətin bütün sahələrində yüksək fəallıqları ilə seçilir.  Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.

 

Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti”, Mühəndislik fakültəsinin I kurs tələbəsi Miralim Bağırov “İlham Əliyev ulu öndərin dövlət qadın siyasətinin davamçısıdır”, Fizika və elektroenergetika fakültəsinin dekanı, dosent Tamella Əhmədova “Mehriban xanım Əliyevanın fəaliyyəti qadınlar üçün parlaq  nümunədir”, Beynəlxalq  əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova.

 

“Heydər Əliyev Fondu dünyada Azərbaycan mədəniyyətinin təbliğatçısı kimi”, baş  hüquqşünas,  dosent Əminə  Həsənova “Azərbaycanda  gender  siyasətinin hüquqi  aspektləri” mövzularında çıxış ediblər.

 

Sonda universitetin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının üzvlük biletləri təqdim olunub.

 

Yusif ƏLİYEV

 



28.02.2018 | 17:00