BDU-nun Qazax filialında yeni tədris ilinə hazırlıq müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2021-2022-ci tədris ilinə hazırlıq, tədrisin keyfiyyətinin artırılması, xüsusi karantin rejimi dövründə tədrisin təşkili istiqamətində görülən işlərin müzakirəsi keçirilib.

 

Müzakirələrdə  BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, filialın direktoru Arif Rüstəmov, struktur bölmələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

 

Yeni tədris ilində kafedraların dərs yükləri, professor-müəllim heyəti və tələbələrin vaksinasiyası prosesi, həmçinin 1-ci kursa qəbulun vəziyyəti, tələbələrin tədris, istehsalat təcrübələrinin təşkili və s. məsələlər diqqət mərkəzində olub.

 

F.İmanov BDU-da həyata keçirilən islahatlar, yeni açılmış ixtisaslar, xarici universitetlərlə həyata keçirilən əməkdaşlıq haqqında məlumat verib.

 

A.Rüstəmov isə filialda professor-müəllim heyəti və tələbələr üçün yaradılmış şərait, cari təmir işlərinin vəziyyəti haqqında danışıb.

 

Filialda cari tədris ilində tədrisin keyfiyyətinin artırılması məqsədilə yeni tədris proqramlarının, tədris vəsaitlərinin hazırlanması, beynəlxalq əlaqələrin qurulması, BDU alimlərinin iştirakı ilə elmi seminarların, konfransların, açıq dərslərin keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, yeni tədris ilinə hazırlıq işləri yekunlaşdırılıb, dərs otaqları, kitabxana, dəhlizlər, sanitar qovşaqlar və s. dezinfeksiya olunub.

 



21.09.2021 | 15:27