“İctimai fəal məktəb modelinin formalaşdırılması” layihəsinin icrası başlayıb

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “İctimai fəal məktəb modelinin formalaşdırılması” layihəsinin Bakı şəhər Binəqədi rayonu  83 nömrəli məktəb-lisey tərəfindən icrasına başlanılıb.

 

5 ay müddətində icra olunacaq layihənin əsas məqsədi məktəb və cəmiyyətin tərəfdaşlığının artırılması, könüllülük fəaliyyətinin genişlənməsi, müəllim və şagirdlərin ictimai fəallığını, liderlik qabiliyyətini inkişaf etdirməklə orta məktəblərdə sosial iştirakçılığı yüksəltməkdir.

 

Layihənin digər məqsədi pilot olaraq Binəqədi rayonu 83 nömrəli məktəb-lisey və 2 digər orta məktəbin bazasında Bakı şəhərində 3 “İctimai fəal məktəb” modeli formalaşdırmaqla, bu təhsil müəssisələrinin yerli sosial və icma problemlərinin həllində aktiv iştirakını artırmaq, gələcəkdə ölkə üzrə bu tipli məktəblər şəbəkəsinin qurulması üçün fundamental baza yaratmaqdır.

 

İcra planına uyğun hazırlıq işlərinə başlanılıb, layihənin Facebook səhifəsi yaradılıb, layihə heyəti,  könüllülər qrupu formalaşdırılıb, keçiriləcək canlı təlimlərdə iştirak edəcək fəal müəllimlərin seçimi üçün onlayn qeydiyyat forumu (linki) və ərizə-anket tərtib olunub, təlimçi və ekspert tərəfindən təlim, digər tədbirlərin proqram, modul, qiymətləndirmə, o cümlədən, çap materiallarının hazırlanmasına start verilib.

 

Layihənin icrasında peşəkar təlim almış müəllimlərin qiymətləndirilməsi aparılacaq, mövzulara uyğun əlavə məsləhətləşmələr təşkil olunacaq və “İctimai fəal məktəb”lərin pedaqoqları üçün praktik fəaliyyətlər təşkil ediləcək.

 

Eyni zamanda layihənin sosial media üzərindən geniş PR fəaliyyəti təşkil olunacaq, sosial şəbəkələrdə layihənin xüsusi səhifə və qrupu yaradılacaq, təhsil işçilərinin fəallığı ilə mövzuya uyğun geniş təbliğat və maarifləndirmə kampaniyası aparılacaq.

 

Yekunda iştirakçılar sertifikatlarla təltif olunacaq və layihə davamlılığı istiqamətində “İctimai fəal məktəb”lər şəbəkəsinin formalaşması üçün gələcək fəaliyyətlərə yönələn addımlar atılacaq.  

 



21.09.2021 | 12:27