Nizami Gəncəvinin yaradıcılığına bir nəzər | |
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bu il 880 illiyi tamam olur. Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.
Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. 1970-ci illərdə respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.
Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, müasir dövrdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi məsələləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqi aktuallıq kəsb edir.
Prezident İlham Əliyev qüdrətli söz ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
Gündən-günə parlaq qələbələrə, beynəlxalq əhəmiyyətli qlobal layihələrə imza atan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni əlaqələrin, əməkdaşlığın daha da möhkəmlənməsi üçün çox önəmli addımlar atmış, fərman və sərəncamlar imzalamışdır. Dövlətimizin başçısı İlham Əliyev doğma Azərbaycana, xalqına, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, mənsub olduğumuz dini köklərimizə dərindən bələd olan qüdrətli liderdir.
Azərbaycanı, milli mədəniyyətimizi dünya arenasında ən yüksək səviyyədə tanıtdıran Prezidentimiz cənab İlham Əliyev 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməklə Nizami ədəbi irsinin, elmi-fəlsəfi görüşlərinin bütün dünyada öyrənilməsi və təbliğ olunmasına əvəzsiz töhvə vermiş oldu.
Nizami poeziyasında onun qəsidələri məzmun zənginliyi, ideya dərinliyi ilə seçilir. Şairin ictimai-fəlsəfi qəsidələri hökmdar və cəmiyyət, mühit və fərd, elm və din, ağıl və zaman kimi problemlər ətrafında düşüncələrini əks etdirir.
“Məzlumlar qan udduğundan sənin ölkənə qarışıqlıq düşübdür” - deyə şair dövrün hökmdarını ədalətə çağırır.
Nizaminin qəzəllərinin əsas mövzusu məhəbbətdir. Bu şeirlərdəki məhəbbət real məhəbbətdir, yaşanılmış duyğuların ifadəsidir.
Şairin qəzəllərinin müəyyən hissəsi də ictimai, fəlsəfi, əxlaqi məsələlərə həsr edilmişdir. Dövrünün ədalətsiz qanunları ilə barışa bilməyən şair üzünü insanlara tutub: “Torpaq ye,amma çörək üçün özgəyə əl açma” - deyir.
Cavanlıq köç edər ,qoyma gedər əldən, zaman keçsin, İnanma bir addım burdan qəribi-karivan keçsin.
Mətləli qəzəli şairin həyat və insan haqqında olan qənaətini əks etdirir.
Nizami müxtəlif mövzuda, məzmunda rübailər də yazmışdır. Rübailərində ədalətlə zülm, səxavətlə paxıllıq, var-dövlət hərisliyi, “dünya malının dünyada qalacağı” kimi mətləblərə aydınlıq gətirir.
Yəmən sultanının baxdım qəbrinə, Bir kəfən çıxarıb uzatdı mənə. Dedi ki, gülmə sən səxavətimə, Dünyadan köçəndə bu çatıb mənə.
Nizaminin zəngin lirik irsindən qalan nümunələr şairin lirik duyğularından danışmağa kifayət edir.
Böyük qürur və fəxr hissi keçiririk ki, bu gün qalib bir ölkənin vətəndaşıyıq. Zəngin dövlətçilik təcrübəsi olan, beynəlxalq siyasi aləmdə böyük hörmət və nüfuz sahibi kimi tanınan, yüksək tribunalardan Azərbaycan həqiqətlərini dünyaya bəyan edən Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi təsadüfi deyil. 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin məzmunlu, məntiqli sübut və dəlillərə əsaslanan nitqlərində, fərman və sərəncamlarında, bəyanatlarında Nizami fəlsəfəsinin real nəticələrini görürük. Nizaminin görmək istədiyi azad insan, azad düşüncə, azad ölkə, insan əməyinə verilən yüksək dəyər prinsiplərini reallığa çevirən dövlət başçısı ilə xalqın birliyinin vəhdətində gündən-günə tərəqqi edən, çiçəklənən ölkə olaraq Azərbaycan Zəfər salnaməsində yeni səhifələr açmışdır. Xalqın etimadını doğruldan ölkə başçımızın xalqımıza parlaq qələbə müjdəsi daimidir, əbədi olaraq Azərbaycanımızın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır.
Fail SOVQATOV, müəllim, Astara rayonu
|
|
18.09.2021 | 14:25 | |
|
|
|