“Karaoke...”

II yazı

 

Müasir texnologiyalar vasitəsilə Azərbaycanın mədəni sərvətlərinin qorunması və gələcək nəsillərə ötürülməsi, Azərbaycan xalqının mədəni irsi ilə bağlı aktual maarifçilik və təhsil problemlərinin həlli, respublikanın əhalisi arasında mədəni maarifçilik sahəsində yeni didaktikanın tətbiqi üçün texniki vasitələrin işlənilməsi milli musiqi mədəniyyətimizin inkişafı baxımından önəmlidir. Müasir şəraitdə ənənəvi mənəvi mədəniyyət milli özünüidentifikasiya vasitəsi kimi, insanın tərbiyəsi və ahəngdar inkişafı üçün bəhrəli zəmin kimi çıxış edir. Bu mənada onun qorunub saxlanılması, bərpa olunması, zənginləşməsi və mənalandırılması olduqca vacib cəhətdir. Bu gün dünya məkanında ictimai gerçəklik şəraitində baş verən qlobalizasiya və interaktiv proseslər ona gətirib çıxarır ki, insanlar bəzən özünü “itirir”, özünəməxsus tarixi-mədəni köklər itirilir. Qloballaşma və ya antiqloballaşma problemlərini detallı şəkildə dərindən dərk etmək o qədər də vacib deyil, əslində bu cəhəti qavramaq zəruridir: bizim sivilizasiyanın sabit inkişafı istisnasız olaraq, mədəni rəngarəngliyin qorunub saxlanılması şəraitində mümkündür. 

 

Maddi və mənəvi sənədləşmənin tarixi abidələrində həkk olunmuş mədəni təbəqələrin mozaikliyi və rəngarəng koleydoskopluğu şəraitində Azərbaycanın çiçəklənməsi fenomeni xalqın etnogenezində öz əksini tapır, belə ki, xalq bədii yaradıcılığın ən müxtəlif sahələrində nadir dəyərlərin yaradıcısıdır və bu sahələrdən biri də klassik poeziyadır.

 

Azərbaycan klassik poeziyası minnillik boyu inkişaf və təkmilləşmə yolu keçmişdir. O, Azərbaycan xalqının çoxəsrlik tarixi ilə sıx əlaqədə, xalq poetik musiqili yaradıcılığının şifahi forma və janrlarından başlayaraq, Orta əsrlər dövrünün ilk yazılı fərdi-müəllif poetik əsərlərinə, eləcə də şeir yaradıcılığı sahəsində müasir bədii axtarışlara qədər nizamlı şəkildə sistemləşdirilmiş, kristallaşaraq cilalanmış və hərtərəfli surətdə inkişaf etdirilmişdir.

 

Azərbaycan poetik mədəniyyəti özünəməxsus seçilmiş söz quruluşunda monumentallıq, arxitektonika baxımından dəqiq düzülüşü, onun keçmişdə və indiki dövrdə yaşarılığı iki ölçüdə kodlaşdırılır: bir tərəfdən, “kollektiv yaddaş”, “mədəni yaddaş” kimi terminlərin köməyi ilə, digər tərəfdən, - poetik irsin janr-obraz zənginliyi və rəngarəngliyi vasitəsilə. Bunlar hər zaman yaradıcı insanın həyatında və məişətində etik, əxlaqi, mənəvi, eləcə də estetik və humanist cəhətlərə diqqəti yönəldərək, olduqca qabarıq surətdə nümayiş etdirir.   

 

Bütün yuxarıda deyilən cəhətlər “Karaoke. Klassik Azərbaycan poeziyası” nəşrində geniş işıqlandırılır. Bu, Azərbaycanın ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş ilk metodik vəsait olub, müasir informasiya-kompüter texnologiyalarının istifadəsi ilə, məkan-zaman məfhumunun, bizim eranın VII əsrindən başlayaraq, XX əsrin sonlarına kimi tarixi-xronoloji sahənin geniş əhatə olunması ilə materialın didaktik sistemləşdirilmiş nümunəsidir. Həm çap şəklində, həm də elektron - DVD disk şəklində təqdim olunan bu nəşrdə, Azərbaycanın xalq yazıçısı Anarın sözlərilə desək, “Azərbaycan poeziyasının inciləri toplanmışdır”.

 

Əgər xalq mahnıları, Azərbaycan bəstəkarlarının klassik romansları və mahnıları kompleks, polifunksional metod nöqteyi-nəzərindən şəxsiyyətin və ümumilikdə məktəb kollektivinin imkanlarının fəallaşdırılması demək olar ki, öz məqsədinə çatmış səviyyədədir. Poeziya karaokesi isə faktiki olaraq, yuxarı siniflərdə ədəbiyyat dərslərində Azərbaycan poeziyasının klassik nümunələrinin qavranılması və öyrənilməsi baxımından ilk təcrübədir.   

 

Haqqında danışdığımız nəşrin metodoloji əsasına müraciət edərək, bu cəhətləri qeyd etməliyik:

 

1. Azərbaycan klassik poeziyasının 100 nümunəsinin karaoke janrında təqdim olunması ədəbiyyat dərslərində bədii poetikaya xas olan leksik ifadələrin, qrammatik xüsusiyyətlərin və fonetik vərdişlərin özünəməxsus şəkildə inteqrasiya olunmuş materialdır.

2. Buradakı nümunələr məzmun və mövzu baxımından tədris planı ilə üzvi surətdə bağlı olub, bu və ya digər poetik üslubun, ənənələrin, yaranması dövrü ilə bağlı, Azərbaycan poetikasının xüsusiyyətləri, onun mədəni daşıyıcıları və yaradıcıları haqqında əlavə məlumat kimi dəyərləndirilə bilər.  

3. Poeziya karaokenin ümumestetik və tədrislə bağlı istiqamətləri ifadə olunan poetik mətnin obrazlı qavranılmasına yardım edir, onun motivasiyası baxımından yaddaqalan olmasını təmin edir, poetik misralar arasındakı quruluş-məna, temp, metro-ritmik qarşılıqlı əlaqələrini təşkil edir. 

 

Beləliklə, Azərbaycanın klassik ədəbiyyat dərslərində karaokedən istifadə olunması poetik materialın öyrənilməsi və istifadə baxımından yeni imkanları önə çəkir ki, bu da oxumanın, musiqi müşayiətinin və videoqrafik materialın sintezi ilə bağlıdır.

 

Əsas məsələ ondan ibarətdir ki, bununla bizim mənəvi irsimiz qorunub saxlanılır, biz isə canlı surətdə Azərbaycan xalqının çoxəsrlik ədəbi-bədii söz abidələrinin sonrakı nəsillərə ötürülməsi imkanı əldə edirik. Müəllifin təqdim etdiyi metodika üzrə sistematik məşğul olmaqla, sizin musiqi eşitmə qabiliyyətinizin, ritmik təşkili hissiyyatınızın, həm şeir, həm də musiqi müşayiəti baxımından inkişaf etdirilməsi təmin olunur, oxuma vərdişləri, dil daşıyıcısı rejimində sərbəst ifadənin tempi möhkəmlənir, Azərbaycan poeziyasının klassik nümunələrinin oxunmasında aktyor ustalığı və melodeklosiya bacarığı inkişaf etdirilir. 

 

Coğrafi baxımdan Avropa və Asiya qitələrinin sərhədində yerləşən müasir demokratik Azərbaycan tarixi keçmişinə görə müxtəlif sivilizasiyaların - Əhəməni-Sasani-Səlcuq, roma-Bizans, Skif-Xəzər, Türk-Oğuz - qovuşuğunda yerləşir.

 

Azərbaycan etnosunun tarixini izləsək, görərik ki, ölkənin bütün əhalisinin 90 faizini təşkil edən azərbaycanlılardan başqa, əsrlər boyu bu etnosun formalaşmasında və təşəkkülündə müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişdir. Onların arasında altay ailəsinin türk qoluna aid olan azərbaycanlılar, tatarlar, məhsəti türkləri; hind-avropa dil qrupuna aid - tatlar, talışlar, dağ yəhudiləri, kürdlər; Qafqaz dil qrupuna aid - udinlər, ləzgilər, avarlar, saxurlar, buzuqlar, ingiloylar, qrızlar, xınalıqlılar; slavyan dil qrupuna aid - ruslar, molokanlar, ukraynalılar və b. qeyd olunmalıdır.  

 

Müasir Azərbaycan polietnik dövlətdir və respublikanın rəhbərliyinin balanslaşdırılmış siyasətinin əsas məqsədlərindən biri dövlətin polietnik kütləsinin - ölkənin mədəni genofondunun determinantının qorunub saxlanılmasından ibarətdir ki, bu da özündə etnik mədəniyyətin dil, xalq incəsənəti, xalqın maddi mədəniyyəti, adət və ənənələri, etika və tərbiyənin ənənəvi sistemini və s. cəmləşdirir.  

 

Azərbaycanda özünəməxsus “etnik renessans” Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə verilmiş sərəncamı ilə başlamışdır. Sərəncamda azsaylı etnosların təhsil, mətbuat, mərkəzi televiziya və raadioda xüsusi verilişlər buraxılışı, bərabərlik və tərəfdaşlıq, həmrəylik və ədalətlilik, tolerantlıq və vicdanlılıq hüquqlarına malik olması dəqiq şəkildə göstərilmişdir. Bu sərəncamın uğurla həyata keçirilməsi sayəsində yeni Azərbaycanın vətəndaşının bugünkü təfəkkürü üç komponentin vəhdətindən ibarətdir: öz etnosuna mənsubluq hüququ (istər azərbaycanlı, tatar, talış, rus və başqaları olsun), öz milli ənənələrinə və öz xalqının tarixinə məhəbbət və hörmət, milli dilin və milli mədəniyyətin öyrənilməsi meylləri; çoxmillətli Azərbaycan cəmiyyətinə mənsubluq hüququ və nəhayət, dünya birliyinə mənsubluq hüququ, təkcə öz xalqının və çoxmillətli ölkəsinin deyil, bütün dünyanın taleyinə görə məsuliyyət daşımaq. Yəqin ki, elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişafı problemi ilə üzləşməsin. Ümumi məqsəd, məlum olduğu kimi, birləşdirir.

 

Bizim əsas məqsədlərimiz - yeni biliklərlə zənginləşərək, millətlərin və onun mədəniyyətinin qorunması, əvvəlki nəsillərin topladığı biliklərin gələcək nəsillər üçün qorunmasını təmin etmək və s. ibarətdir. Azərbaycandakı xalqların rəngarəng və çoxcəhətli musiqi folkloru - zəngin mənəvi irs olub, öz kökləri ilə əsrlərin və minilliklərin dərinliklərinə gedir.

 

Azərbaycanda multikulturalizm dövlət siyasəti olub, xalqların və dini icmaların dostluq və mehriban qonşuluq şəraitində birgə yaşayışını və fəaliyyətini təmin edir.

 

Qeyd edək ki, bu il mayın 12-də Azərbaycanın qədim şəhəri Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının birinci günündə “Azərbaycan musiqisində multikulturalizm” adlı konsert oldu. Qədim Azərbaycan torpaqlarında yaşayan müxtəlif xalqların təmsilçiləri olan musiqi qrupları və ifaçılar bütün dünyaya xalqların birliyini və vəhdətini nümayiş etdirdilər. 

 

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd etmişdir ki,  “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

 

Tariyel MƏMMƏDOV,

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, “Musiqi dünyası” jurnalının baş redaktoru

 

 



18.09.2021 | 10:03