Tələbələr Şanxay Gömrük Kollecinin beynəlxalq təqaüdünü qazanıblar

Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat pilləsində təhsil alan  tələbələri - Beynəlxalq ticarət və logistika ixtisası üzrə II kurs tələbəsi Cəlal Abasov, İqtisadiyyat ixtisası üzrə II kurs tələbələri Mənsurə Abdullayeva  və Şəfa Məlikzadə, Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbələri Mahmud Bayramov və Sübhan Qarayev  2021/2022-ci tədris ilində Çinin Şanxay Gömrük Kollecinin beynəlxalq təqaüdünü qazanıblar.

 

Təhsil müəssisəsindən bildirilib ki, üç aylıq beynəlxalq onlayn proqramda təhsil alan tələbələr akademiya tərəfindən aparılmış müsabiqə əsasında seçiliblər. Tələbələrin seçilməsi akademik potensial və nailiyyətlər, ingilis dili bilikləri, xarici mühitdə ünsiyyət bacarıqları, gender balansı kimi meyarlar əsasında həyata keçirilib.

 

Cari ilin 13 sentyabr-25 dekabr müddətini əhatə edən beynəlxalq təhsil proqramına səkkiz fənn - beynəlxalq gömrük idarəetməsi, tarif texnologiyaları, müasir logistika, sərhədlərarası elektron ticarət hüququ, Çin dili, Çin gömrük idarəçiliyi, mədəniyyətlərarası biznes ünsiyyəti, iqtisadiyyatın prinsipləri daxildir. 

 

Proqram "VooV" platforması vasitəsilə tədris olunur. Tələbələrin onlayn ünsiyyəti, fikir mübadilələri, birgə qrup işləri və digər tapşırıqları "WeChat" proqramı vasitəsilə aparılır. Onların cari tədris semestrində həmin proqramda iştirakının asanlaşdırılması üçün akademiya tərəfindən müvafiq mexanizmlər müəyyənləşdirilib.

 

Proqramı müvəffəqiyyətlə bitirən tələbələr sertifikatlarla təltif olunacaqlar.

 

Qeyd edək ki, əsası 1908-ci ildə qoyulmuş Şanxay Gömrük Kolleci Çinin Baş Gömrük Administrasiyasının təlim qurumu, "Bir kəmər, bir yol" təşəbbüsündə Çin gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurum, Ümumdünya Gömrük Təşkilatının Asiya-Sakit Okean region ölkələrində Regional Təlim Mərkəzidir.

 

Gömrük Akademiyası COVID-19 pandemiyası müddətində həm tələbələr, həm də gömrük xidməti orqanlarının əməkdaşları üçün qlobal virtual/distant təhsil imkanlarını təşkil edib. Bu, Şanxay Gömrük Kolleci ilə əməkdaşlıq çərçivəsində akademiyanın tələbələr üçün təşkil etdiyi və xarici gömrük təlim qurumunun icra etdiyi ilk uzunmüddətli beynəlxalq distant/onlayn təhsil imkanıdır.

 



17.09.2021 | 17:44