Təhsilin inkişafı naminə | |
Məlumdur ki, hər hansı təhsil sisteminin səviyyəsi onun müəllimlərinin yaradıcı fəaliyyəti, təhsilalanların dövrün kritik çağırışlarına müvafiq olaraq yüksək hazırlıqlı, peşəkar, XXI əsrin tənqidi düşünmə, kommunikasiya, komanda halında işləmək kimi zəruri bacarıq və səriştələrinə sahib fərdlər kimi yetişdirilməsi istiqamətində davamlı səylərindən asılıdır. Görünən odur ki, Azərbaycan müəllimləri öz fərdi bacarıq və ideyalarını təhsil sisteminin inkişafına sərf etmək iqtidarındadır və bu təşəbbüskarlıq son illərdə ölkəmizdə həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrində də özünü bariz göstərməkdədir. 2017-ci ildən “Ümumtəhsil” və “fərdi” kateqoriyalar üzrə keçirilən müsabiqələr təhsil ictimaiyyətində maraqla qarşılanmaqdadır. Bu mənada cari ildə keçirilmiş V Qrant müsabiqəsinin qalib gəlmiş layihələri də aktuallığı ilə seçilir.
“İnklüziv təhsildə məktəbə hazırlıq mərhələsinin interaktivləşdirilməsi”
Son dövrdə bütün dünyada və eləcə də ölkəmizdə davam edən pandemiya şəraiti tədrisin məsafədən təşkili məcburiyyətini yaradıb, bu isə öz növbəsində təhsildə İKT-nin tətbiqini labüd edib. Elektron resurs və vəsaitlərin tədrisə cəlbi və onlayn dərslərin keçirilməsi böyük yaş qruplarındakı şagirdlər üçün problemi qismən həll etsə də, xüsusilə kiçikyaşlı şagirdlərin tədrisi prosesində ciddi problemlər yaratmaqdadır. Bakıdakı 202 nömrəli tam orta məktəbin “Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi”nin “Ümumtəhsil” kateqoriyasında qalib olduğu “İnklüziv təhsildə məktəbə hazırlıq mərhələsinin interaktivləşdirilməsi” layihəsi bu problemin həllini nəzərdə tutur. Layihə barədə məktəbin direktoru Arzu Süleymanova fikirlərini bölüşür:
- Kiçik yaş qrupunda tədrisin təşkili şagirdlərin dərsə marağının cəlbi və təhsilalanların bilikləri mənimsəmələri üçün tədrisin oyunlaşdırılmasını tələb edir. Xüsusi diqqətə ehtiyac duyulan şagirdlərə gəldikdə isə müəllimlərin tədrisdə birbaşa iştirakı çox vacib nüans olsa da, hazırda məsafədən tədris bunu mümkünsüz edir. Belə olan halda kiçik yaş qrupundakı şagirdlər üçün tədrisin təşkili üçün interaktiv tədris vəsaitlərinin cəlbi, demək olar ki, məcburiyyət yaradıb.
İnklüziv məktəblərdə xüsusi diqqətə ehtiyacı olan şagirdlərin bilik və bacarıqları mənimsəmələri üçün tədris prosesində audio, video və taktil tədris metodlarının tətbiqi çox əhəmiyyət kəsb edir. Pandemiya şəraitində distant təhsil imkanları audio və video metodların tətbiqinə qismən şərait yaratsa da, taktil metodun tətbiqində ciddi problem meydana çıxıb. Eləcə də şagirdlərin hər birinin eyni maddi-texniki imkanlara malik olmaması audio və video resursların tətbiqinə də ciddi maneə yaradır.
Yuxarıda sadalanan problemlə yanaşı, digər bir ciddi problem hər şagirdin məsafədən tədrisə qoşulması üçün uyğun şərait və texniki imkanlara malik olmamasıdır. Eləcə də balacaların diqqətini mobil telefon və tabletlərdəki oyunlardan ayırıb, tədris prosesinə cəlb etmək də ayrıca çətinlik yaratmaqdadır. Məhz bu səbəbdən hər şagirdin istifadə edə biləcəyi və hər üç metodu əhatə edəcək mobil tətbiqin yaradılmasına ehtiyac yaranıb. Bütün bu problemləri nəzərə aldıqda kiçik yaş qrupundakı şagirdlərin tədrisi prosesində müasir yanaşmaların tətbiqinə zərurət var. Belə ki, həm istənilən şərait və texniki imkanda çalışa biləcək, həm də oyunlaşdırma ilə tədrisi balacalar üçün maraqlı edəcək interaktiv tədris vəsaitlərinin cəlbinə ehtiyac yaranır. Eləcə də cari tədris vəsaitlərinin dövlət təhsil müəssisələrində istifadə edilən dərslik vəsaitləri əsasında hazırlanması da pandemiyadan sonrakı mərhələdə şagirdlərin dərslərə fasiləsiz inteqrasiyası üçün çox vacib nüansdır.
Yuxarıda sadalanan məsələləri nəzərə aldıqda şagirdlərin bilikləri mənimsəmələri və tədris prosesinə marağını artırmaq üçün mobil cihazlarda və tabletlərdə işləyəcək interaktiv tədris resursunun yaradılması nəzərdə tutulub. Layihəmin məqsədi bütün ölkə ərazisində məktəbəqədər hazırlıq mərhələsində olan inklüziv məktəb şagirdlərinin bilikləri mənimsəmələri üçün interaktiv tədris resurslarının təşkili və vəsaitdən istifadəni maksimum əlçatan etməkdir. Mütəxəssislərin dəstəyi ilə dövlət təhsil müəssisələrində istifadə edilən dərslik vəsaitlərinin strukturuna uyğun tədris vəsaitinin formalaşdırılması, şagirdlərin bilikləri mənimsəmələri üçün sadə və intuitiv dizaynın, android cihazlarda çalışacaq mobil tətbiqlərin yaradılması və onların tabletlərdə də işləkliyinin təmin olunması, tədris vəsaiti üçün unikal kontentin qurulması, yaradılmış ləvazimatın storlarda yerləşdirilməsi və tanıtımı qarşıya qoyulmuş əsas vəzifələrdir.
“Şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlığı - III modul”
Bakıdakı 8 nömrəli məktəbin coğrafiya müəllimi, Beynəlxalq Coğrafiya Olimpiadasının (IGEO) ölkə üzrə təmsilçisi Yaşar Seyidəliyevin V qrant müsabiqəsində qalib olmuş layihəsi də aktuallıq baxımdan diqqət çəkir. Belə ki, “Şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlığı - III modul” layihəsi coğrafiyadan beynəlxalq müsabiqələrə (iGeo və eGeo) hazırlıq təşkil edir.
- 2020-ci ildə ilk dəfə olaraq Avropa Coğrafiya olimpiadasından (eGeo) iki bürünc medal gətirmişik. Bu medallar ölkə təhsilində beynəlxalq coğrafiya müsabiqəsində şagirdlər tərəfindən əldə olunan ilk medallardır. Məhz təhsildə qrant vəsaiti hesabına təmin olunmuş hazırlıq dərsləri ilə ölkəmizi coğrafiya üzrə təmsil edən məktəblilər ölkə təhsilində coğrafiyadan ilk dəfə Avropa Coğrafiya Olimpiadasında (eGeo) uğur qazanıblar. Beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq davamlı prosesdir. Bu səbəblə biz olimpiadaya hazırlıq dərslərini sadəcə layihə müddəti ilə məhdudlaşdırmırıq. Layihəmizin icra müddəti başa çatsa da, biz olimpiada gününədək dərslərimizi davam etdiririk. Coğrafiyadan xüsusi istedadı ilə seçilən bölgə şagirdləri də bu imkandan yararlana biləcəklər. Beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq sahəsində böyük təcrübə və bazaya malik olan layihəmizin əsas məqsədi iGeo və eGeo-da ölkəmizi təmsil edəcək şagirdləri müəyyən etmək və onların hazırlıqlarını ən yüksək səviyyəyə çatdırmaqdır.
Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlıq dərsləri beynəlxalq coğrafiya kurikulumuna uyğun olaraq ingilis dilində keçirilir. Bu olimpiadalar üç hissədən ibarətdir: 1-cavabı yazılı olan test, 2-multimediya testi və 3-çöl işi. Layihəmizin vəzifələri arasında orta məktəbdə keçilməyən mövzuların tədrisi, çöl işi vərdişlərinə yiyələndirmək, coğrafiyadan istedadı olan şagirdləri iGeo və eGeo-da tələb olunan praktik təcrübələrə hazırlamaq və çöl işlərinin aparılma qaydasını öyrətmək, coğrafiya üzrə ölkə təhsil kurikulum standartlarında olmayan, iGeo və eGeo-nun proqramında (kurikulumda) olan mövzuları keçmək də var.
Layihənin sonunda şagirdlər beynəlxalq coğrafiya olimpiadalarına düşən suallara cavab verə bilmək və çöl təcrübələrində tələb olunan bacarıqları əldə edəcəklər. Layihəmizin məqsədi həm də Azərbaycandan coğrafiya fənni üzrə beynəlxalq olimpiadalara komanda yaratmaq üçün metodologiya və bazanın təşkilidir.
Qeyd etmək istərdim ki, layihəmiz çox böyük və məsuliyyətli bir işi öz çiyinlərinə götürmüşdür. Bu məsuliyyəti layiqincə icra etmək və yerinə yetirmək üçün bizə dəstək verən hər kəsə öz dərin təşəkkürümü bildirirəm.
“Məntiq oyunları”
Şəmkir şəhər Morul tam orta məktəbin tarix müəllimi Natiq Məhəmmədlinin müsabiqəyə təqdim etdiyi layihənin mövzusu və hədəfləri son dövrün reallıqları baxımından xüsusi əhəmiyyət kəsb edir. Layihə təhsilalanlarda XXI əsrin zəruri bacarıqlarından sayılan məntiqi təfəkkürün formalaşması və inkişafına həsr olunub.
- Məlum olduğu kimi, son illərdə Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri müəllimlərin təhsil sahəsində novator ideyalarının reallaşmasına böyük bir dəstək verir. Bu il mən də öz ideyamla “Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi”nə müraciət etdim və qalib oldum. Layihəmin adı “Məntiq oyunlarıdır”. Əvvəlcə bu ideyanın necə yarandığını qeyd edim. Məlumdur ki, təhsilin əsas məqsədlərindən biri şagirdləri gələcək həyata və əmək bazarına hazırlamaqdır. Əmək bazarında isə önəmli bacarıqlardan biri məntiqi bacarıqların inkişafıdır. Əgər müasir iş elanlarına fikir versək, bu bacarığın zəruriliyinin hər zaman xüsusi qeyd və bir çox hallarda da işə qəbul mərhələsində test edildiyini görə bilərik. Doğrudur, ayrı-ayrı fənlərin, xüsusi ilə də texniki fənlərin tədrisi zamanı bu sahəyə diqqət ayrılır. Bütün bunlarla bərabər məntiq fənni ayrı bir fənn kimi tədris olunmur. Bu səbəblərə görə də mən bu ideya ilə müsabiqəyə müraciət etmək qərarına gəldim.
Layihəmin məqsədi Şəmkir rayonunun 10 ümumi təhsil müəssisəsinin VI, VII və VIII sinif şagirdləri arasında birmərhələli məntiq imtahanı təşkil etmək və bu imtahanda ən yüksək nəticə göstərmiş 40 nəfər şagirdə 2 ay boyunca məntiq təlimləri keçməkdir. Layihənin sonunda isə bu 40 şagird arasında “Qaliblərin qalibi” adlı müsabiqə keçirmək nəzərdə tutulub. Layihənin əsas hədəfi məntiqi təfəkkürün inkişafı olsa da, eyni zamanda şagirdlərin boş vaxtlarının səmərəli təşkili, müəyyən bilik və bacarıqlar qazanmasına kömək etmək, eyni zamanda onların Respublika fənn müsabiqələrinə hazırlaşmalarına dəstək olmaqdır. Ümumilikdə, layihədə 500 nəfərdən artıq şagirdin iştirakı nəzərdə tutulub. Qısa zamanda layihənin eyniadlı sosial media hesabı yaradılacaq.
Oruc MUSTAFAYEV
|
|
17.09.2021 | 13:45 | |
|
|
|