“Xüsusi təhsilə cəlb olunan şagirdlərlə iş” layihəsinin açılışı

Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olan “Xüsusi təhsilə cəlb olunan şagirdlərlə iş” layihəsinin açılışı keçirilib.

 

İyulun 2-də Göygöl şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən açılış  mərasimində layihədə fərdi təhsilə cəlb olunan şagirdlər, onların valideynləri və məktəbin müəllimləri iştirak ediblər.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə  məsul şəxsi Raminə Məmmədovadan   aldığımız məlumata görə, layihənin keçirilməsində məqsəd evdə fərdi təhsilə cəlb olunan şagirdlərin müxtəlif yaradıcılıq işlərinə  və ekskursiyaya cəlb olunması, psixoloqla görüş vasitəsilə, həmçinin öz həmyaşıdları ilə bir məkanda olmaqla cəmiyyətə inteqrasiya olunması, müxtəlif bacarıqlarının inkişaf etdirilməsi, yaradıcılıq sahələrinə meyil və maraqlarının formalaşdırılmasıdır.

 

Layihə çərçivəsində özünü inkişaf, motivasiya, əl qabiliyyətinin artırılması barədə şagirdlər üçün qısamüddətli təlimlər keçiriləcək. 

 

Müəyyən olunmuş vaxtlarda şagirdlərin tarixi memarlıq abidələrinə ekskursiyası təşkil ediləcək. Göygöl Tarix Diyarşünaslıq Muzeyi,  Nizami Gəncəvi Məqbərəsi, Gəncə Şəhər Heydər Əliyev Park-Kompleksi, Şah Abbas Məscidi, Cavad Xan Türbəsinə maarifləndirici gəzinti təşkil olunacaq.

 

Şakir CƏFƏROV

 



07.07.2018 | 10:23