ICESCO-nun nümayəndəsi Bakı Dövlət Universitetində

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Elm və Texnologiya bölməsinin məsləhətçisi Məhəmməd Şərif Bakı Dövlət Universitetində (BDU) olub.

 

ICESCO-nun nümayəndəsi ilə BDU-nun rektoru Elçin Babayev arasında keçirilən görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

Azərbaycanın ICESCO-nun yaxından əməkdaşlıq etdiyi və əlaqələrə böyük önəm verdiyi əsas üzv dövlətlərdən biri olduğunu diqqətə çatdıran rektor bildirib ki, nüfuzlu beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə digər üzv ölkələrlə qarşılıqlı əməkdaşlıq, təhsil, elm və mədəniyyət sahələrində bir-birinə inteqrasiya üçün geniş imkanlar var:”Geniş əməkdaşlıq əlaqələri universitetin də qlobal təhsil mühitinə və elmi ictimaiyyətə inteqrasiyasına yol aça bilər”.

 

Rektor  ICESCO tərəfindən 2020-ci il 29 sentyabr tarixində verilən, Azərbaycan və Ermənistan arasında cərəyan edən son hadisələr, əhəmiyyətli sivil dəyərə malik arxeoloji və tarixi məkanlara, o cümlədən bir sıra məscidlərə, müqəddəs tarixi yerlərə qarşı dağıntıların törədilməsi barədə narahatlığı əks etdirən bəyanatı yüksək qiymətləndirib. Eyni zamanda bildirib ki, 2021-ci il 13 yanvar tarixində Azərbaycan Prezidenti İlham Əliyev və ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik arasında görüş zamanı sıx əməkdaşlığa dair fikirlər səsləndirilib və bu, bir daha onu təsdiq edir ki, ICESCO həmişə Azərbaycanın yanındadır.

 

Görüş zamanı ICESCO-nun irəli sürdüyü təşəbbüs əsasında və mövcud əməkdaşlıq çərçivəsində Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaxından iştirakı ilə Bakı Dövlət Universitetində keçiriləcək “Cihazqayırma və Tərsinə Mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” adlı beynəlxalq tədbirə hazırlıq işləri geniş müzakirə edilib.

 

ICESCO-nun Elm və Texnologiya bölməsinin məsləhətçisi M.Şərif təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini söyləyib. Qonaq ICESCO qarşısında duran vəzifələrdən birinin də İslam aləmində elmin, təhsilin, zəngin mədəni irsin qorunmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Bu baxımdan təmsil etdiyi təşkilatın Azərbaycanla bağlı son illərdəki fəaliyyətini yüksək dəyərləndirən M.Şərif Azərbaycan-Ermənistan münaqişəsinə toxunaraq bildirib ki, adıçəkilən bəyanat təşkilat tərəfindən tərəddüd edilmədən verilib və ICESCO-nun Azərbaycanın qələbəsinə olan inamının təzahürüdür.

 

Son illər yeni müstəvidə inkişaf etməkdə olan Azərbaycan-ICESCO əməkdaşlığı çərçivəsində gələcəkdə də ölkəmizlə bağlı bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran qonaq onu da qeyd edib ki, təmsil etdiyi təşkilat bu mühüm təşəbbüsün yüksək səviyyədə həyata keçirilməsi üçün lazım olan bütün işləri görəcək. Artıq bir çox sahələrdə BDU ilə əlaqələrin yaradıldığını vurğulayan M.Şərif münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin önəmini söyləyib.

 

Görüşdə Azərbaycanla ICESCO arasında elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən digər layihələr, bu layihələrdə BDU-nun iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 



14.09.2021 | 17:13