Şəhid məzunun adını daşıyan bulağın açılış mərasimi olub

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə və müəllim kollektivinin bir qrup üzvü universitetin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan   məzunu Oruc Nəcəflinin  xatirəsinə inşa olunmuş bulağın açılışında iştirak ediblər.

 

Şəhidin ailə üzvləri, döyüş yoldaşları və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində qəhrəman məzunun adını daşıyan bulağın qarşısına gül dəstələri düzülüb və onun əziz xatirəsi böyük ehtiramla yad olunub.

 

Şəhid məzunun tələbəlik illərindən bəhs edən MDU-nun iqtisadiyyat fakültəsinin dekan müavini Nazim Niftəliyev onu nümunəvi, nizam-intizamlı və əsl Azərbaycan gənci kimi xatırladığını bildirib. N.Niftəliyev dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Oruc kimi qəhrəman oğulların müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.

 

Vətəninə, xalqına layiqli övladlar yetişdirən valideynlərə dərin ehtiramını ifadə edən və universitetin qəhrəman məzunları ilə qürur duyduqlarını bildirən MDU-nun akademik heyət üzvləri və tələbələri ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyiblər.

 

Qeyd edək ki, O.Nəcəfli 1989-cu il avqustun 29-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. 2007-2011-cü illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda, həmçinin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən O.Nəcəfli oktyabrın 17-də “Tülkü dərəsi” adlandırılan ərazidə qəhrəmancasına şəhid olub. Döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezidentin müvafiq sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

 



14.09.2021 | 16:11