Vətən müharibəsi qazisi ali təhsilini Kiyevdə davam etdirəcək | |
44 günlük Vətən müharibəsinin iştirakçısı, müharibə əlili Ruslan Şıxıyev Ukraynanın nüfuzlu dövlət ali təhsil müəssisələrindən biri olan Milli Mühasibat və Audit Statistikası Akademiyasına daxil olub.
Ruslan Şıxıyev bildirib ki, o, təhsilini qiyabi şöbədə davam etdirəcək.
Qazilərə dövlət qayğısından danışan R.Şıxıyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qayğısı nəticəsində şəhid ailələri, qazilər mənzillərlə, avtomobillərlə təmin edilir.
Keçdiyi döyüş yolundan danışan qazi deyib ki, o, müharibəyə könüllü yollanıb. Suqovuşan uğrunda gedən ağır döyüşlərin birində artilleriya atəşi nəticəsində ağır kəllə-beyin travması alıb, diz bağları yırtılıb. Artıq şəhid olduğunu düşünsə də, döyüş yoldaşları onu təhlükəsiz əraziyə çıxarmağa nail olublar.
Qazinin sözlərinə görə, iyunun 14-də dövlətimizin başçısı tərəfindən ona üçotaqlı mənzil təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul edilib.
Prezident İlham Əliyevin sərəncamları ilə “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Azərtac
|
|
14.09.2021 | 13:24 | |
|
|
|