ADNSU və Malatya İnönü Universitetinin birgə simpoziumu | |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Türkiyənin Malatya İnönü Universitetinin birgə təşkilatçılığı ilə V Beynəlxalq Süni İntellekt və Verilənlərin Emalı Simpoziumu öz işinə başlayıb.
Simpoziuma ayrı-ayrı universitetlər və müəssisələrdən 250-ə yaxın tədqiqatçı və alim qatılıb. Tədbirdə simpoziumun həmsədri, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, təşkilat komitəsinin üzvü, ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov və universitetin digər alimləri iştirak ediblər.
Simpoziumun açılışında çıxış edən professor M.Babanlı ilk öncə Türkiyə və Azərbaycanın sarsılmaz birliyindən danışıb, eyni zamanda Azərbaycanın tarixi qələbəsi-44 günlük müharibənin nəticəsi, əzəli torpaqlarımızın öz sahiblərinə qaytarılması haqqında tədbir iştirakçılarına məlumat verib. Simpoziumun keçirilməsinin əhəmiyyətindən danışan rektor süni intellektin inkişafından söz açaraq hər bir sahədə qazanılan uğurların, elmi nailiyyətlərin zamanın tələbinə uyğun, müasir çağırışlara cavab verməli olduğunu deyib. Qeyd edib ki, bu gün süni intellektin inkişafı da zamanın tələbindən irəli gələn, elmin gətirdiyi ən vacib prioritet yeniliklərdən biridir.
Qeyd edək ki, simpoizuma təqdim olunan məqalə və tezislər Azərbaycan, türk və ingilis dilində olmaqla, əsasən Süni intellekt sahəsini əhatə edib.
Bu barədə ADNSU-dan məlumat verilib.
|
|
13.09.2021 | 11:17 | |
|
|
|