Ermənistanın toponimik cinayətləri

Əvvəli  https://muallim.edu.az/news.php?id=17250

 

Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatları əsasən aşağıdakı qaydada həyata keçirilmişdir (adlar Sovet Ermənistanı dövründəki inzibati rayonların bölgüsü əsasında verilir):

 

  • 1. İlk növbədə, türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türkmənli - Lusaqyuğ (Eçmiədzin), Qorçulu - Mrqaşad, Sərdarabad - Hoktember (Qurduqulu, Hoktemberyan), Bayandur - Vağadur (Gorus), Şirvancıq - Lernakert (Artik) və s.
  • 2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilmişdir. Məsələn, Armudlu - Tandzut (Qurduqulu, Hoktemberyan), Daşqala - Karaberd (Ağin, Ani), Darəkənd - Dzoraqyuğ (Quqark), Dərəçiçək - Tsaxkadzor (Axta, Hrazdan), Göl - Liçk (Aşağı Qaranlıq, Martuni), Güllübulaq - Vardaxpuyr (Qızılqoç, Qukasyan) və s.
  • 3. Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq - Dostluq (Zəngibasar, Masis), Sultanabad - Şurabad (Ağbaba, Amasiya), Cücəkənd - Qızılşəfəq (Voronsovka, Kalinino), Aşağı Necili - Sayat-Nova (Zəngibasar, Masis), Çanaxçı - Sovetakert (Vedi, Ararat) və s. Bu proses bəzi erməni yaşayış məskənlərinin adlarının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılmışdır.
  • 4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərəbas - Darbas (Qarakilsə, Sisian), Dəlilər - Dalar (Qəmərli, Artaşat), Ələyəz - Araqats (Talin), Gabud - Kapuyt (Paşalı, Əzizbəyov), Çırpılı - Crapi (Ağin, Ani) və s.
  • 5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün bütün nəşrlərində adının önündə “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə - yəni, müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü yaratmağa xidmət etmişdir.Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı - Axpradzor (Basarkeçər, Vardenis), Nerkin Zeyvə - Hartaşen (Eçmiədzin), Mets Kəpənəkçi - Musaelyan (Düzkənd, Axuryan), Pokr Şiştəpə - Pokr Sepasar (Qızılqoç, Qukasyan) və s. Əslində isə həmin adlar Yuxarı Zağalı, Aşağı Zeyvə, Böyük Kəpənəkçi, Kiçik Şiştəpə və s. kimi oxunmalıdır.

 

Ümumiyyətlə, ermənilər azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə hallanan “dağ” sözbirləşməsini “sar”, təpə sözbirləşməsini “blur”, göl sözbirləşməsini “lic”, çay sözbirləşməsini “get”, bulaq sözbirləşməsini “ağbyur”, su sözbirləşməsini “cur”, dərə sözbirləşməsini “dzor”, daş sözbirləşməsini “kar”, gül sözbirləşməsini “vard” ifadəsi ilə əvəz etməklə, habelə, hərfi tərcümə yolu ilə toponimlərimizi erməniləşdirmişlər.

 

1935-ci il yanvarın 3-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanla 29 rayonda 72 türkmənşəli toponim dəyişdirilərək, mənəvi soyqırımına məruz qoyulmuşdur.

 

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları əsasında 100 mindən artıq azərbaycanlının 1948-1953-cü illərdə Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından Azərbaycan SSR-in Kür-Araz ovalığına deportasiyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Qarabağlar rayonu azərbaycanlıların depotasiyasından sonra ləğv edilmiş, onun kəndlərinin çoxu indiyədək xaraba qalmışdır.

 

Təkcə 1978-ci ildə 23 rayonda türkmənşəli 60 toponim dəyişdirilmişdir.

 

1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminin qarşısının vaxtında alınmaması öncə Ermənistanda yaşayan azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası ilə nəticələndi. Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məntəqələri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - hazırda “Nrnadzor” adlandırdıqları Nüvədi kəndi 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu.

 

1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991-ci il fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş, 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilmişdir.

 

Elə azərbaycanlı yaşayış məntəqəsi olmuşdur ki, onun adı indiyədək bir neçə dəfə dəyişdirilmişdir. Məsələn, azərbaycanlıların 1988-ci ildə deportasiya olunduqları Amasiya rayonundakı Yeniyol kəndinin adını 1991-ci ildə dəyişdirərək Ağvorik qoymuşlar. Lakin 1935-ci ilədək Yeniyolun adı Qaranamaz olmuşdur. Daha bir nümunə Pəmbək bölgəsindəki Böyük Qarakilsə yaşayış məntəqəsinin adı 1926-cı ildə dəyişdirilərək Martunaşen qoyulmuş, 1935-ci ildə bir daha dəyişdirilərək Kirovakan adlandırılmış, indi isə Vanadzor adlandırırlar.

 

İndiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası məhz inzibati rayonlar üzrə bölgünün mövcud olduğu dövrdə, hələ Ermənistanda sovet hakimiyyəti dövründə başa çatdırılmışdır. Əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə də məhz onların o dövrdə doğulub boya-başa çatdıqları kəndin və rayonun adları qeyd olunmuşdur və yaddaşlarda da o cür yaşayır.

 

7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanun qəbul edilmişdir. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilmiş, əvəzində 11 vilayət (marz) yaradılmışdır. Şirak vilayətinə keçmiş Amasiya (Ağbaba), Qukasyan (Qızılqoç), Axuryan (Düzkənd), Ani (Ağin) və Artik rayonları, Lori vilayətinə keçmiş Kalinino, Stepanavan (Cəlaloğlu), Tumanyan (Allahverdi), Spitak (Hamamlı) və Quqark rayonları, Tavuş vilayətinə keçmiş Noyemberyan, İcevan (Karvansara) və Tauş (Şəmşəddin) rayonları, Araqadzon vilayətinə keçmiş Talın, Aparan, Araqats (Ələyəz), Aştarak (Əştərək) rayonları, Kotayk vilayətinə keçmiş Hrazdan (Axta), Kotayk (Abovyan - Ellər), Nairi rayonları, Geğarkunuk vilayətinə keçmiş Krasnoselsk, Vardenis (Basarkeçər), Martuni (Aşağı Qaranlıq), Kamo (Kəvər) və Sevan rayonları, Armavir vilayətinə keçmiş Bağramyan, Hoktemberyan (Sərdarabad) və Eçmiədzin rayonları, Ararat vilayətinə keçmiş Masis (Zəngibasar), Artaşat (Qəmərli) və Ararat (Vedi) rayonları, Vayotsdzor vilayətinə keçmiş Vayk (Əzizbəyov) və Yeğeqnadzor (Keşişkənd) rayonları, Sünik vilayətinə keçmiş Meğri, Sisyan, Qafan və Gorus rayonları daxil edilmişdir. İrəvan şəhərinə isə ayrıca vilayət statusu verilmişdir.

 

Ermənistan Dövlət Daşınmaz Əmlakın Kadastrı Komitəsinin 2007-ci ildə verdiyi məlumata görə, yerdə qalan 21 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılmışdır. Ermənistanda siyasi motivlərə əsasən, bilərəkdən dəyişdirilməyən cəmi bir neçə yaşayış məntəqəsinin adları indiyədək olduğu kimi saxlanılmışdır. Məsələn, Nizami (Zəngibasar), Avşar (Vedi), Hallavar (Quqark), Şamlıq (Tumanyan (Allahverdi)) və s.

 

Ümumiyyətlə, son dövrədək Ermənistanda 700-dən artıq türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilmişdir.

 

Ermənistan ərazisində oykonimlərlə yanaşı, hidronimlərin və oronimlərin adlarının da dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilmişdir. Bu qəbildən olan bəzi toponimlər 1961-ci ildə Ermənistan SSR-in ilk Atlasının buraxılmasına qədər dəyişdirilmişdir. Məsələn, Göycə gölünü “Sevan”, Zəngi çayını “Hrazdan”, Arpaçayı “Axuryan”, Ələyəz dağını “Araqats”, Ağbaba dağını “Qukasyan”, Dərəçiçək yaylağını “Tsaxkadzor” adlandırmışlar və s.

 

Sovet hakimiyyəti illərində adları dəyişdirilən toponimlər barəsində Ermənistan SSR Ali Sovetinin qərarlarının bir nüsxəsi bir qayda olaraq SSRİ Ali Sovetinin Rəyasət Heyətinə, onun Katibliyinə və SSRİ Nazirlər Sovetinin nəzdindəki Dövlət Geodeziya və Kartoqrafiya Baş İdarəsinə göndərilirdi ki, həmin dəyişikliklər yaşayış məntəqələrinin siyahısında və buraxılan xəritələrdə nəzərə alınsın. Bu gün həmin sənədlər Rusiya Federasiyası Dövlət Arxivinin müvafiq fondlarında saxlanılır.

 

2014-cü ildə AMEA Tarix İnstitutu indiki Ermənistan ərazisində soyqırımına məruz qoyulan və 702 inzibati-ərazi vahidini əhatə edən “Vandalizm: tarixi adlara qarşı soyqırımı” (tərtibçi - Nazim Mustafa, “Ön söz” - akademik Yaqub Mahmudov) kitabını çap etdirmişdir.

 

Uydurma “böyük Ermənistan” iddiasını gerçəkləşdirmək üçün ermənilər tarixi saxtalaşdırmaq ənənəsini bu gün də davam etdirirlər.

 

Rəsmi İrəvan 1988-2020-ci illərdə Dağlıq Qarabağın və onun ətraf rayonlarının silah gücünə Ermənistana anneksiya edilməsi siyasəti yürütmüşdür. Məlumdur ki, 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayəti və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” elan edilmişdi.

 

26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etmişdir. Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılmışdır.Əsgəran və Hadrut rayonları isə ləğv edilmişdir. Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir.

 

Hələ Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində inzibati-ərazi vahidlərinin adlarının dəyişdirilməsi çox nadir hallarda baş vermişdi. Xankəndinin adı dəyişdirilərək Stepanakert, Aşağı Qaranlıq rayonunun adı dəyişdirilərək Martuni, Dizak rayonu isə Hadrut rayonu adlandırılmışdır.

 

1992-1993-cü illərdə Ermənistanın havadarlarının köməyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində DQMV və onun ətrafındakı 7 rayon - Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçmişdi. Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kvadratkilometr ərazisində 900 yaşayış məntəqəsinin işğalı ilə nəticələnmişdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmışdı. Faktiki olaraq işğal edilmiş Azərbaycan əraziləri Ermənistanla birləşdirilmişdi. Qondarma DQR əslində İrəvandan idarə olunur, Ermənistanın büdcəsindən maliyyələşdirilirdi.

 

(Ardı var)

 

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri

 



10.09.2021 | 13:15