Məktəbdə əsaslı təmir işlərinə başlanılıb

Salyanın 480 şagird yerlik Sarvan kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılıb.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, 1974-cü ildə istifadəyə verilən məktəb binasında 44 il ərzində bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq artıq məktəb binasında təmir işlərinə  başlanıb.

 

Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı və pəncərələri yeniləşəcək, isitmə və havalandırma sistemi qurulacaq, sinif otaqları, fənn kabinetləri, idman və akt zalları, dəhliz və digər yardımçı otaqlar, demək olar ki, yenidən tikiləcək. Təhsil ocağının yeni avadanlıq və inventarlarla təchiz olunması da nəzərdə tutulub. Məktəbin ərazisində də müəyyən abadlıq işləri aparılacaq, yeni idman qurğuları quraşdırılacaq. Bir sözlə, məktəbdə şagirdlərin normal təhsil almaları üçün hər cür şərait yaradılacaq.

 

Məktəb binası bu ilin sentyabrında müəllim və şagird kollektivinin istifadəsinə veriləcək.

 



06.07.2018 | 17:24