Nobel sülh mükafatına 329 nəfərin namizədliyi irəli sürülüb | |
2018-ci il üzrə Nobel sülh mükafatına 329 nəfərin namizədliyi irəli sürülüb. Bu barədə Nobel Mükafatları Komitəsinin saytı (www.nobelpriz.com) xəbər yayıb. Sülh mükafatına iddialılar arasında 217 ictimai xadim və 112 təşkilatın adları yer alıb. Cari ilin payızında, qaliblərin adlarının elan olunacağı vaxta qədər namizədlərin sayı 20 faiz azala bilər.
Qeyd edək ki, çoxillik ənənəyə əsasən, iddiaçıların siyahısı açıqlanmır, bütün namizədlərin adları yalnız 50 il keçəndən sonra məlum olacaq. Məhz bu tarix ərzində siyahılar məxfi saxlanılır. Alfred Nobelin vəsiyyətinə əsasən, mükafat dekabrın 10-da Nobelin ildönümü günündə Osloda sahibinə təqdim olunur, qərar isə 5 ekspertdən təşkil olunmuş, Norveç parlamentinin təyin etdiyi komissiya tərəfindən qəbul edilir. A.Nobelin iradəsinə uyğun olaraq, sülh üzrə mükafat xalqların dostluğuna xidmət edən, hərbi qarşıdurmaları aradan qaldıra bilən, sülhpərvər qüvvələrin ünsiyyət və dialoqunu təşkil edən fəaliyyətlə məşğul olan şəxslərə və ya ictimai təşkilatlara verilir. 2017-ci ildə Nobel sülh mükafatına nüvə silahının qadağası üzrə beynəlxalq kampaniya (ICAN) layiq görülüb. Ötən il mükafata 318 namizəd iddia edib, onlardan 215-i fiziki şəxs və 103-ü ictimai təşkilat olub.
Oruc MUSTAFAYEV
|
|
28.02.2018 | 15:00 | |
|
|
|