Səmərəli idarəetmə, sağlam psixoloji mühit, mənəvi-əxlaqi dəyərlər | |
Binəqədi rayonu üzrə 276 nömrəli tam orta məktəb. Yayın qızmar günlərindən biri olsa da, sinif otaqlarından səs gəlir. Kəsik-kəsik yayılan səslərdən belə anlaşılır ki, qızğın müzakirə gedir. Adama elə gəlir ki, dərs gedir. “Yayın cırhacırında nə dərs?”, - deyə soruşursunuzsa, nəzərinizə çatdırım ki, bu da bir növ dərsdir. Dinləyicisi məktəb rəhbərliyindən tutmuş adlı-sanlı müəllimlər, kitabxanaçılar, psixoloqlar, fənn metodbirləşmə sədrləri, məktəb saytlarını idarə edən, məktəbin ictimaiyyətlə əlaqələrini tənzimləyən şəxslərdir. Onlar 2017-2018-ci tədris ilinin yekunlarına dair iyun ayı üçün nəzərdə tutulan “Məktəb seminarları”nın iştirakçılarıdır. Başa çatan dərs ilinin yekunlarını müzakirə edirlər. Harda səhvə yol verildi, hansı addım yerində və vaxtında atıldı, verilən qərarların səhv payı neçə faiz təşkil etdi və s. Bunu indi müəyyənləşdirmək lazımdır ki, növbəti dərs ilində belə yanlışlar təkrarlanmasın.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məhz bu məqsədlə artıq 4 tədris ilidir ki, paytaxtın 12 inzibati rayonunun bütün ümumtəhsil məktəblərinin pedaqoji heyətini əhatə edən “Məktəb seminarları” təşkil edir. Budəfəki müzakirələr tədrisin təşkili, məktəb imicinin formalaşdırılması, şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedadlı şagirdlərlə iş, karyera inkişafı, eksternat imtahanları, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər mövzuları əhatə edib.
Sessiyalarda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.
“İstedadlı uşaqlarla işə ibtidai siniflərdən başlamaq lazımdır”
Daxil olduğumuz ilk otaqda moderator təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Təhsil haqqında” qanuna edilmiş mühüm dəyişikliklər barədə seminar iştirakçılarına məlumat verir.
M.Vəliyeva dəyişikliklər paketini müstəqillik tarixində ilk dəfə keyfiyyətə yönələn ən vacib addımlardan biri kimi dəyərləndirib. Qanunda həyata keçirilən dəyişikliyin nəticəsi olaraq növbəti il üçün verilən tapşırıq konkret olub: məktəblərdə istedadlı uşaqlarla işə ibtidai siniflərdən başlamaq lazımdır. Uşaqların olimpiadalara hazırlığını yaxşılaşdırmaq üçün şablon testlərdən uzaqlaşıb, tətbiqi yönlü tapşırıqlara üstünlük verilməlidir.
Məzmunun icrasında qiymətləndirmənin rolu, aparılma qaydaları xüsusi əhəmiyyət kəsb etdiyindən məktəbdaxili qiymətləndirmənin mövcud çətinlikləri ilə bağlı müzakirələr xeyli uzanıb. Bildirilib ki, Təhsil Nazirliyinin Təhsil İnstitutunda, müvafiq struktur bölmələrində qiymətləndirməyə yeni baxış, qiymətləndirmənin yeni qaydaları işlənib hazırlanıb. Təhsil nazirinin müavini Təhsil İnstitutunun hazırladığı yeni qiymətləndirmə standartının yeni tədris ilindən başlayaraq tətbiq ediləcəyini vurğulayıb. Həmin standartların müzakirəsində müəllimlərdən fəallıq gözlədiyini deyən M.Vəliyeva onlardan təkliflərini göndərmələrini xahiş edib.
Keyfiyyətli təhsil, birgə qərarvermə, məktəbin fəaliyyətinin dövlət standartlarına cavab verməsi baxımından dövlətin irəli sürdüyü məzmunun həyata keçirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müəllimlərin sertifikasiya qaydaları ilə bağlı yeniliklər, gələcəkdə sertifikasiya prosesinə gedəcək müəllimlərin hansı mərhələlərdən keçəcəyi, hansı kriteriyalara cavab verməli olduqları ilə bağlı məsələlər də müzakirə olunub.
Sonra ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən amillərlə bağlı hər bir iştirakçının fikri soruşulub. Bu amillər, o cümlədən məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, sağlam psixoloji mühitin təmin olunması, mənəvi-əxlaqi dəyərlərin formalaşdırılması, valideyn-müəllim, müəllim-şagird münasibətlərinin tənzimlənməsi istiqamətində sistemli işin aparılması kimi mövzular ətrafında müzakirələr təşkil edilib.
4-cü il müzakirələri yekunlaşdı
Beləliklə,“Məktəb seminarları”nın 4-cü il müzakirələri “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunub. Bu istiqamətdə il ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək əsas məqsəd olub. Odur ki, müzakirələrdə müəllimlərin və ümumiyyətlə, məktəblərin çətinlikləri, uğurları müzakirə edilib. Hansı məqamda çətinlik çəkdikləri ilə bağlı müzakirələrə daha çox vaxt ayrılıb.
Seminarın sonunda növbəti il üçün müvafiq tapşırıqlar verilib. Növbəti seminar tədris ilinin əvvəlində keçiriləcək. Planlaşdırma, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və hər bir vəzifənin həyata keçirilməsi istiqamətində görüləcək işlər, vəzifələrin icrası zamanı konkret şəxslərin üzərinə düşən məsuliyyət məhz növbəti tədris ilinin əvvəlində keçiriləcək “Məktəb seminarları”nın mövzusu olacaq.
Seminar: iştirakçılar nə ilə maraqlanırdı, nə qazandı?
Seminar göstərib ki, müəllimləri və məktəb kollektivini ən çox maraqlandıran olimpiada hərəkatı ilə bağlı yeniliklər, “Təhsil haqqında” qanuna bununla bağlı edilən dəyişikliklər, qiymətləndirmənin aparılması qaydalarıdır. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri məktəbin və tədrisin məzmununun icrasına nəzarət etdiklərindən onları daha çox qiymətləndirmə məsələləri maraqlandırıb.
İşin planlaşdırılmasında, səmərəliliyin artırılmasında, növbəti tədris ili üçün məktəbləri maraqlandıran layihələrin hazırlanmasında, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında, ümumiyyətlə, bir çox mənada mütləq qərar verilməsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinə kömək edən bir proses kimi dəyərləndirilən “Məktəb seminarları” indiyədək böyük uğur qazanan layihələrdəndir.
Beləliklə, seminarda ona da qərar verilib ki, artıq məktəblər ildə iki dəfə hesabat verəcəklər. BŞTİ tabeliyində olan 317 təhsil müəssisəsi öz hesabatını müəyyən edilmiş vaxtlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edəcək. Seminar iştirakçıları isə burada səslənən təklifləri, verilən tapşırıqları, müəyyənləşdirilən prioritetləri fəaliyyət planlarına daxil etməlidirlər.
Ruhiyyə DAŞSALAHLI
|
|
06.07.2018 | 12:45 | |
|
|
|