Müzəffər Ali Baş Komandanın Kəlbəcər səfəri və verdiyi mesajlar hər birimizin qəlbinin səsidir

“Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.

 

Heydər ƏLİYEV,

ümummilli lider

 

 

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban  Əliyevanın  Kəlbəcər rayonuna səfəri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin sevincini mənə yenidən yaşatdı. Ölkə başçısının Kəlbəcərə qədəm qoyması ilə, sanki Kəlbəcərin hər bir dağı-daşı, gülü-çiçəyi dil açıb öz xilaskarını salamlayırdı. Bizim isə sevincimizin həddi-hüdudu yox idi. Hamı bir-birini bu xoş gün münasibəti ilə təbrik edir, bir-birinə gözaydınlığı verirdi. Bu, bir faktdır ki, Müzəffər Ali Baş Komandan o bölgələrə ayaq basandan sonra bizim də həmin torpaqlara dönəcəyimiz günün uzaqda olmadığına əminlik hissimiz artır. Ümid edirəm ki, Ali Baş Komandanımız İlham Əliyevin Kəlbəcərə səfərindən sonra biz də inşallah tezliklə Kəlbəcərə gedib bu torpaq üçün vuruşub həlak olan qardaşım- Milli Qəhrəman Şahların məzarını ziyarət edəcəyik.

 

Prezidentimizin bu səfəri Ermənistan tərəfinin son zamanlar Azərbaycanın sərhəd bölgələrində, xüsusi ilə Kəlbəcər və Naxçıvan ərazilərində atəşkəsi pozması, müxtəlif yalanlar səsləndirməsi dövrünə təsadüf etdi. Bu məqamda həm səfərin özü, həm də Azərbaycan bayrağının Kəlbəcərdə dalğalandırılması yerinə düşdü.  Bu, Azərbaycan zabitinə, əsgərinə və böyüyən gənc nəslə cəsurluq, qorxmazlıq nümunəsi idi.

 

Sərkərdə kimi qalib, Prezident kimi ölkəsini inkişaf etmiş dövlətlər sırasına çıxaran, övlad kimi ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyev ailə başçısı kimi də bütün gənclərə gözəl bir örnəkdir. Eyni zamanda, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının bütün müsbət keyfiyyətlərini özündə cəmləşdirən Mehriban xanım həm gözəl həyat yoldaşı, həm də sədaqətli silahdaş kimi daim qürurla, fəxrlə cənab İlham Əliyevin yanındadır. İlham Əliyevlə Mehriban xanımın Kəlbəcərdəki səmimi görüntüləri, gözlərindəki sevinc işığı insana xoş duyğular bəxş etdi.

 

Kəlbəcərdə Prezident İlham Əliyevin tövsiyə xarakterli çıxışları oldu. Ölkə başçısı qeyd etdi ki, Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Göyçə mahalı və digər ərazilərin adını dəyişdirərək öz torpaqları kimi qələmə vermək istəyirlər, ancaq həmin ərazilər Azərbaycan torpaqlarıdır və bizim hər birimizin mənəvi borcudur ki, o tarixi yerləri öz adları ilə adlandırıb yaddaşlara həkk edək.

 

Ermənistan ərazisində olan həmin o torpaqlar Azərbaycana məxsus olub. Xəritələrdə də bu məsələ öz əksini tapıb. Azərbaycanlılar orada əsrlər boyu yaşayıb və həmin ərazilərin adları da bizə məxsusdur. Prezident İlham Əliyev müharibədən əvvəl həmişə deyirdi ki, işğal altında olan bütün torpaqlarımızda bayrağımız dalğalanacaq və belə də oldu.

 

Kəlbəcərin işğal olunmasından bəhs edən cənab İlham Əliyev qeyd etdi ki,  “Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdür və bunun da günahkarı AXC-Müsavat  hakimiyyətidir. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi”.

 

Mən müəlliməm. Müəllimin isə ümdə vəzifəsi tarixi həqiqətləri düzgün təbliğ və gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir.  Həmişə şagirdlərimə deyirəm: 1993-cü il elə bir dövr idi ki, əgər ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirməsə idi, Azərbaycan dövlətinin müstəqilliyi yenidən təhlükə altına düşə bilərdi. Axı biz tarixin dərslərini unutmamışıq. 1918-ci ildə qurulan müstəqil Azərbaycan dövləti cəmi 23 ay yaşadı. 1993-cü ildə Azərbaycanın müstəqilliyini həmin təhlükə gözləyirdi. Çünki bir tərəfdən mənfur düşmənlərimiz, bədnam qonşularımız ermənilər torpaqlarımızın işğalını davam etdirirdi, digər tərəfdən isə sapı özümüzdən olan baltalar xarici dövlətlərin təsiri altında Azərbaycan xalqını vətəndaş müharibəsinə sürükləyirdi. O dövrdə hakimiyyətdə olan və öz hakimiyyətlərini qorumaqdan başqa heç bir amalı olmayan AXC-Müsavat nümayəndələri isə həmin zaman respublikamızda cərəyan edən mürəkkəb prosesləri, siyasi böhranı, xaosu və insanların sabaha inamsızlığını aradan qaldırmaq iqtidarında deyildir.  Məhz belə bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin göstərdiyi cəsarət və qətiyyət ölkəmizi parçalanmaqdan, işğallardan xilas etdi. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti Azərbaycan dövlətinin təzəcə qazanılmış müstəqilliyini əbədi, daimi, sarsılmaz etdi. Bunu hər bir azərbaycanlı bilməlidir. Şagirdlərimə deyirəm ki, Heydər Əliyev bu xalq üçün çox böyük işlər görüb. Ancaq onun xalqımıza etdiyi ən böyük yaxşılıq dövlətimizi İlham Əliyev kimi geniş təfəkkürə, qətiyyətə, hərtərəfli dünyagörüşünə malik, xalqının mənafeyini qorumağı bacaran güclü bir liderə etibar etməsidir. Xalq daim öz liderinin yanındadır, ona arxalanır. Və əmindir ki, tezliklə məhz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük işlər görüləcək, minlərlə soydaşımız ata-baba yurdlarına qayıdacaqlar.

 

Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışlarından irəli gələn məsələləri gənc nəslə çatdırmaq üçün Azərbaycan müəlliminin, məktəbinin üzərinə böyük vəzifələr düşür. Azərbaycan təhsilinin qarşıya qoyduğu məqsədə çatdığı 44 günlük müharibə dövründə göz qabağında oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bayrağımızı zirvələrə ucaldan, Qələbə çalan, şəhid olan, qazi olan əsgərlərimiz, zabitlərimiz Azərbaycan təhsilinin vətənpərvərlik ruhunda tərbiyə etdiyi gənclərdir. İnanırıq ki, İlham Əliyev cənablarının çıxışlarından irəli gələn tarixi faktların gənclərin yaddaşında əbədi qalması üçün hər bir təhsil işçisi şərəflə çalışacaqdır.

 

 

Tahirə ŞÜKÜROVA,

Bakı şəhəri R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru

 



03.09.2021 | 15:00