Sağlam rəqabət və innovativ fəaliyyət | |
Son illər müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasını şərtləndirən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri ölkəmizdə təhsil sisteminin inkişafına xidmət edən uğurlu təşəbbüslərdən biri kimi mühüm əhəmiyyət kəsb etməkdədir. Təhsil Nazirliyinin təşəbbüsü ilə bu il 5- ci dəfədir ki, keçirilən müsabiqə təhsil müəssisələrimiz və müəllimlərimizin bir sıra maraqlı layihələri ilə diqqəti cəlb edir. Yenilikçi müəllimlərimizi və onların qalib layihələrini oxucuların diqqətinə çatdırırıq.
“Sabahın alimlərinə dəstək mərkəzi”
Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin müəllimi Səbinə İsayevanın V qrant müsabiqəsinə təqdim etdiyi “Sabahın alimlərinə dəstək mərkəzi”nin yaradılması layihəsi uğurlu yanaşmanın və yeniliyin məhsuludur. S.İsayeva layihəsi barədə fikirlərini bölüşür:
- Təhsil sahəsində aparılan islahatlar, ümumtəhsil müəssisələrində tətbiq olunan layihələr geniş dünyagörüşünə malik, yeni ideyalar üzərində düşünən gənclərin hazırlanmasına yönəldilib. Bu gün respublikamızda müasir informasiya texnologiyalarından istifadə edən və tədqiqatlar aparmağa həvəs göstərən şagirdlərimiz üçün geniş imkanlar yaradılıb. Məlumdur ki, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir.
Azərbaycanın 2012-ci ildən qatıldığı Intel ISEF (Intel International Science and Engineering Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədir.
Sumqayıt şəhərində bəzi orta ümumtəhsil məktəblərinin bu müsabiqəyə az və ya heç bir layihə təqdim etməməsi, bununla da həmin məktəb şagirdlərinin qaliblər sırasında az olması mövzunun aktuallığını sübut edir. Mən də bir müəllim kimi “Sabahın alimləri” müsabiqəsinə ilk dəfə 2018-ci ildən qatılmışam. Və elə ilk ildən rəhbərlik etdiyim layihə III yerə layiq görüldü. 2021-ci ildə isə Sumqayıtda digər bir məktəblə əməkdaşlıq etdim. İşlədiyimiz layihə “Ekologiya və ətraf mühitin idarə olunması” kateqoriyası üzrə qaliblər sırasında oldu. Müsabiqə çərçivəsində bir neçə il qaliblər sırasında olmuş məktəblərin təcrübəsini digər məktəblərlə bölüşmək, təcrübə mübadiləsi aparmaq, müsabiqəyə qoşulan məktəblərin sayını artırmaq ideyası məni “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nə layihə təqdim etməyimə stimul verdi.
Elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, eləcə də şagirdlərdə ətraf mühiti yaxşılığa doğru dəyişdirməyin mümkünlüyü fikrini aşılamaq layihənin əsas vəzifələri hesab edilir. Təbii ki, bu zaman yuxarı sinif şagirdlərində kollektiv işləmə, öz fikrini sərbəst izah etmə bacarığı, auditoriya qarşısında çıxış qabiliyyəti də formalaşacaqdır.
Sumqayıt şəhərində yaradılacaq “Sabahın alimlərinə dəstək mərkəzi” indiyə qədər heç vaxt müsabiqəyə qoşulmayan və ya qoşulsa da, qalib ola bilməyən məktəblərin də bu layihəyə qatılmasına stimul verəcək. Təhsilimizin inkişafına töhfə verə biləcək bu layihənin reallaşması istedadlı şagirdlərimizin vaxtında aşkara çıxarılmasına, onlara lazimi dəstəyin verilməsinə yardımçı olacaq.
“Müasir müəllimin pedaqoji saytı”
Qloballaşan dünya reallıqları müəllimlərdən xüsusi səriştə və bacarıqlar tələb edir. Tədrisdə daim uğurlar qazanmaq üçün müəllim axtarışlar aparmalı, öz üzərində işləməli, təhsil texnologiyalarından yaradıcı istifadə etməyi bacarmalıdır. Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin müəllimi Elçin Abbasovun “Müasir müəllimin pedaqoji saytı” layihəsi bu baxımdan öz aktuallığı ilə seçilir:
- Müasir, dinamik inkişaf edən dünyada müəllimə yalnız müxtəlif İKT alətlərini, Veb 2.0 vasitələrini öyrətmək yox, onları səmərəli şəkildə sistemləşdirərək hamının istifadə edə biləcəyi sayt və ya bloq formasında dizayn etməsinə ciddi ehtiyac var. Müasir pedaqoji mühitdə peşəkar müəllimlərin sayt və bloqlarının olması onlar arasında nisbətən yeni bir fenomendir. Müəllimlər arasında yenilikçi pedaqoji sayt və ya bloq müəllifliyi təşəbbüsünün formalaşması və inkişafı müasir müəllimin nüfuzuna təsir edən amillərdən hesab olunur.
“Müasir müəllimin pedaqoji saytı” layihəsinin əsas məqsədi müəllimlərin öz pedaqoji və rəqəmsal resurslarını sistemləşdirmək, inkişaf etdirmək, hər kəsə əlçatan etmək üçün peşəkar sayt və bloqlarını yaratması, bununla da təhsil prosesinin keyfiyyət və fasiləsizliyinə xidmət etməsidir. Bu məqsədlə Cəlilabad rayonunun 30 qabaqcıl müəllimi seçiləcək və onlara 10 gün ərzində təlim keçiləcək. Sonda müəllimlər arasında “Ən yaxşı bloq” müsabiqəsi təşkil olunacaq.
“Gələcəyin xəzinəsi - inkişafetdirici səyyar kitabxana”
Göytəpə şəhər O.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin müəllimi Samirə Əmrahovanın “Gələcəyin xəzinəsi - inkişafetdirici səyyar kitabxana” layihəsi də öz aktuallığı və hədəf auditoriyasının genişliyi baxımından əhəmiyyətli mövzudur.
- Məktəblərdə şagirdlər arasında ünsiyyətin effektli qurulmaması, davranış pozuntuları, nitq mədəniyyətinin azalması, danışıq üslubunun kobudlaşması, xarici qısaldılmış sözlərə meyillilik, həmfikir və həmsöhbət dostlar tapa bilməmək kimi hallarla tez-tez rastlaşırıq. Bu, aşkar şəkildə sosial şəbəkələrdə bəzi yeniyetmə və gənclərin paylaşımlarında, yazı və müraciət tərzlərində, düzgün dialoqun qurulmamasında, məhdud və təhlükəli düşüncəsində özünü kəskin büruzə verir. Qeyd olunan problemlərin əsas səbəbini xüsusən əksər rayon və kənd məktəblərinin zəif cəhətlərindən biri kimi müasirləşməyən, effektli istifadə olunmayan, oxucuları günü-gündən azalan kitabxana fəaliyyətinin zəif olması hesab edirəm. Heç kimə sirr deyil ki, təhsilin əsas prinsipləri olan təlim-tərbiyə, inkişaf və dəyərlərin yüksəlməsi yalnız keyfiyyətli mütailə ilə vəhdət halında mümkündür.
“Gələcəyin xəzinəsi - inkişafetdirici səyyar kitabxana” layihəsinin əsas məqsədi yerli və xarici inkişafetdirici, öyrədici ədəbiyyatlardan ibarət səyyar kitabxana təşkil etməklə şagirdlərdə ömürboyu mütaliə vərdişləri formalaşdırmaq, zehni və sosial bacarıqların inkişafına, məktəbin və nəticədə cəmiyyətin idarə edilməsinin təkmilləşdirilməsinə dəstək olmaqdır.
Layihə çərçivəsində Cəlilabad rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərindən 22 nəfər Azərbaycan dili və ədəbiyyat fənn müəllimi, 220 nəfər 6-8-ci sinif şagirdi müəyyənləşdirilərək mütaliə mədəniyyətinin təhsilimiz və cəmiyyətimiz üçün faydalarını çatdırmaqdan ötrü onlarla maarifləndirmə seminarları təşkil olunacaq. “Gələcəyin xəzinəsi” səyyar kitabxanası üçün müxtəlif bədii əsərlərin alınması, səyyar kitabxananın rayonun ərazisində yerləşən müxtəlif ümumtəhsil məktəblərinin hər birinə “səyahəti” və mütaliə olunmuş kitabların müzakirələri təşkil ediləcək. 5 ay boyunca davam edəcək layihəmizin sonunda “Gələcəyin xəzinəsi bizik” mütaliə yarışı keçiriləcək, yarışın nəticələri təhlil, qalib məktəb və şagirdlər müəyyən olunacaq, həmin məktəblərə kitab hədiyyə ediləcək.
“Kiçik yaşlı şagirdlər üçün mənim ilk Robotum”
Abşeron rayonu Məmmədli kənd tam orta məktəbin müəllimi Ulviyyə Abdulova V qrant müsabiqəsində “Kiçik yaşlı şagirdlər üçün mənim ilk Robotum” layihəsi ilə iştirak edib.
Ulviyyə Abdulova layihəsinin məqsəd və hədəfləri barədə fikirlərini bölüşür:
- V qrant müsabiqəsində qalib olmuş “Kiçik yaşlı şagirdlər üçün mənim ilk Robotum” layihəsinin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, şagirdlər üçün müasir tələblərə cavab verən tədris, rəqəmsal məktəb mühitinin formalaşdırılması, pedaqoji kadrların hazırlanması, təhsilin informasiyalaşdırılması konsepsiyası nəzərə alınmaqla STEAM-ın yenidən qurulmasıdır. Orta məktəblərdə STEAM yanaşması uşaqları eksperimentlərin aparılmasına, modellərin, musiqi və filmlərin müstəqil hazırlanmasına, ideyalarının reallığa çevrilməsinə və son məhsulun yaradılmasına həvəsləndirir. Bu yanaşma uşaqlara nəzəriyyə və praktiki bacarıqları effektiv şəkildə birləşdirməyə və gələcəkdə daha da inkişaf etdirməyə xidmət edir.
Layihə çərçivəsində işlədiyim Məhəmmədi kəndində müəllim və şagirdlərə xüsusi proqram əsasında təlim keçiləcək. Müəllimlərə STEAM təhsil metodu haqqında ilkin anlayışlar, mexanika və elektrik mühəndisliyi, telekommunikasiya, nəzarət və komputer texnikalarını əhatə edən dizayn proseslərinin mexatronika sistemlərinə daxil edilməsi, Lego Mindstorm EV3 robotları vasitəsi ilə sadə robot quraraq ilkin sadə əmrləri yerinə yetirmək üçün proqramlaşdırma, rəqəmsal incəsənət, robototexnologiya, elektrik və mexanika mühəndisliyi, inşaat mühəndisliyi dərsləri, praktik tapşırıqlar və digər mövzular öyrədiləcək.
Şagirdlər üçün (7-10 yaş qrupunda) interaktiv təlimlər həyata keçiriləcək. Elm, texnologiyalar, incəsənət, mühəndislik və riyaziyyatın sirlərini öyrədən proqramlarımız daha əyləncəli olmaları ilə fərqlənir. Hər modul 6 dərsdən ibarət olaraq 3 həftə ərzində keçirilir. Bizim proqramlar uşaqları layihə olimpiadalarına hazırlayır, problem həll etmə, düşünmə qabiliyyətini inkişaf etdirir, elmə və texnologiyalara həvəs yaradır, qrup halında işləmə qabiliyyətini artırır, elmi- texnoloji biliklərin real məsələlərə tətbiqini öyrədir, uşaqlarda öz bacarıqlarına güvəni yüksədir.
Bu layihə nəticəsində şagirdlər texnologiyalar sahəsində baş verən yeniliklərdən təkcə agah olmayacaq, həm də onlardan istifadə etmiş olacaqlar, İKT-dən düzgün istifadə vərdişlərinə yiyələnəcək, onlarda komandada işləmək bacarıqları formalaşacaq.
Yapon və Amerika tədris metodlarından bəhrələnən tədris proqramlarımız “HELP” adı altında geniş yaş qrupu üçün hazırlanmışdır. Belə ki, irəli sürdüyümüz proqram uşaqların hələ erkən yaşlardan praktiki biliklərə yiyələnməsinə, sinifdə öyrəndikləri nəzəri məlumatların real tətbiqini görməklə elmə və texnikaya maraq oyadılmasına xidmət edir. Şagirdlərlə yanaşı, eyni zamanda müəllimlər də beynəlxalq, yerli müsabiqələrə qoşularaq özlərini daha da inkişaf etdirəcək.
Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə reallaşdırılan təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Oruc MUSTAFAYEV |
|
03.09.2021 | 12:17 | |
|
|
|