Ermənistanın toponimik cinayətləri | |
“Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir”.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Hər hansı bir arealda toponimlər qatının formalaşması uzunsürən prosesdir. Yer-yurd adları, ilk növbədə, orada yaşayan xalqlar tərəfindən formalaşdırılır və tədricən öz təsdiqini tarixi ədəbiyyatda tapır. Müəyyən ərazidəki oykonimlər (yaşayış məntəqələri, şəhərlər, kəndlər, yaylaqlar, məhəllələr və s.), hidronimlər (çaylar, göllər, bulaqlar, şəlalələr və s.) və oronimlər (dağlar, dərələr, aşırımlar, düzənliklər və s.) həmin ərazidə yaşayan xalqların tarixi və etnoqrafiyası barədə tədqiqatçılara kifayət qədər məlumat verir. Toponimlər əsasən yerli əhalinin mənsub olduğu xalqın, tayfanın, ərazinin coğrafi mövqeyi, relyefi ilə, həmin ərazidə baş verən tarixi hadisələrlə səsləşir. Cənubi Qafqazda qədim türklərin, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər yaşadıqları ərazinin coğrafi relyefi, tarixi şəxsiyyətlərinin və tayfaların adları ilə adlandırılmışlar.
Orta əsrlərdən etibarən xristian missionerləri kimi, Cənubi Qafqaza gələn ermənilər əvvəlcə saxta tarix kitabları yazıb özlərini bu regionun axtoxton sakinləri kimi qələmə versələr də mövcud toponimlərin dəyişdirilməsinə nail ola bilməmişdilər. Saxta tarix kitablarında ermənilərin uydurduqları toponimlər öz əksini tapsa da, reallıqda oğuz-qıpçaq və alban tayfalarına məxsus toponimlər gündəlik ünsiyyətdə işlədilirdi və bu gün də işlədilir.
Bu gün Ermənistan Respublikası adlanan dövlət əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmışdır.
1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində, yəni, “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi.
İran ərazisindən ermənilərin köçürülüb gətirilməsinə rəhbərlik edən rus ordusunun erməni əsilli polkovniki Lararevin yazdığı kimi, ermənilər özlərinə Azərbaycan torpaqlarında “Yeni vətən” əldə edirdilər. Nəticədə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 90 mindən artıq Türkiyə erməniləri köçürülüb yerləşdirilmişdi. Ümumiyyətlə, rəsmi və qeyri-rəsmi köçürmələr nəticəsində XIX əsrin əvvəllərində Cənubi Qafqazda 200 mindən artıq erməni yerləşdirilmişdi.
Rus tədqiqatçısı N.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu yerli əhali deyil və buraya bizim tərəfimizdən köçürülmüşdür”.
Prezident İlham Əliyev 3 iyun 2020-ci il tarixində Tərtər Olimpiya Kompleksinin açılışındakı çıxışında demişdir: “İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rusiya-İran müharibəsindən sonra”.
Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan Respublikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur.
Rusiyanın 1827-ci ildə İrəvan xanlığını işğalından başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yarananadək ötən müddət ərzində həmin ərazidə yalnız üç azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdi. 1828-ci ildə İrəvan şəhərinin işğalından sonra o, “Erivan” adlandırılmışdı. Rusiya çarı I Nikolayın 1837-ci ildə Gümrüyə gəlməsindən sonra şəhərin adı dəyişdirilərək, çarın arvadı Aleksandra Feodorovnanın şərəfinə “Aleksandropol” qoyulmuşdu. 1828-1829-cu illər rus-türk müharibəsindən sonra ermənilər kütləvi surətdə Türkiyənin Bəyazid paşalığının ərazisindən Göycə gölünün ətrafında məskunlaşdırılmışdı. 1850-ci ildə İrəvan quberniyası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdirilərək “Novo-Bayazet” adlandırılmış və eyniadlı qəza mərkəzinə çevrilmişdi. Bu üç yaşayış məntəqəsinin adları istisna olmaqla, çar Rusiyası dövründə buraxılan inzibati və topoqrafik xəritələrdə, statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları və digər toponimlər olduğu kimi saxlanılırdı.
Ermənilərin Cənubi Qafqaza, o cümlədən də keçmiş Azərbaycan xanlıqlarının ərazisində növbəti axını XIX əsrin 90-cı illərinə təsadüf etmiş, Türkiyədə baş verən erməni üsyanlarının yatırılması nəticəsində 300 minə yaxın erməni Qafqaza köçüb gəlmiş, region qan çanağına dönmüşdü. Çar Rusiyasının hakim dairələrinin ermənipərəst mövqeyindən istifadə edən ermənilər Cənubi Qafqazda erməni dövlətinin əsasını qoymaq üçün 1905-1906-cı illərdə azərbaycanlıların yaşadıqları ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar.
XX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti - Ermənistan (Ararat) Respublikası yarandıqdan dərhal sonra yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı və deportasiyalarla müşayiət olunan etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Silah gücünə boşaldılmış azərbaycanlı yaşayış məntəqələrində Türkiyədən qaçıb gələn erməni qaçqınlarının məskunlaşdırılması ilə yanaşı, həmin yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə start verilmişdir.
Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etdi, əksinə, həm Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinin işğalını, həm də keçmiş İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirdi.
1918-ci il iyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda imzalanan sülh və dostluq haqqında müqavilə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezdi kürd, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin (Vağarşabad) qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Lakin erməni silahlı dəstələri ətraf bölgələrin azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirməklə respublikanın ərazisini genişləndirmək yolunu tutmuşdular.
1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar Ermənistan dövlətinin yeritdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin nəticəsi idi. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi - üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoymuşdu. Ermənistan daşnak hökuməti Zəngəzuru azərbaycanlılardan tamamilə təmizləməklə, Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra da Qarabağı və Naxçıvanı ələ keçirməklə daşnak parlamentinin 28 may 1919-cu il tarixli “Birləşmiş Ermənistan” yaradılması haqqında qərarını reallaşdırmaq niyyətində idi. 1918-1920-ci illərdə Qarabağın dağlıq hissəsində 150-dən artıq, Zəngəzur qəzasında 217 kənd bütövlüklə dağıdılmış, əhalisinin xeyli hissəsi erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüşdü. Təkcə İrəvan quberniyasında 300-dən artıq kənd dağıdılmış, əhalisi soyqırımına məruz qoyulmuşdu. Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xarabalığa çevrilmişdir. 1916-cı ildə İrəvan quberniyasında 373.582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12,5 min nəfər azərbaycanlı qeydə alınmışdı.
1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə Daxili İşlər Nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdır. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə indiki Ermənistan ərazisində 17 yaşayış məntəqəsinin adları erməniləşdirilmişdir.
1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra türkmənşəli toponimlərin erməniləşdirilməsi prosesi sürətlə davam etdirilmişdir. İlk illərdə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Torpaq Komitəsinə həvalə edilmişdir. 1935-ci ildən etibarən Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarları ilə həyata keçirilmişdir.
1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adları dəyişdirilmişdir.
Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə əməliyyatları həyata keçirilmişdir. 1988-ci ilin avqust ayınadək - yəni, azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmalarınadək indiki Ermənistan ərazisində türkmənşəli 521 yaşayış məskəninin adları dəyişdirilmişdir.
Sovet hakimiyyəti illərində Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi prosesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbaycanlı kəndlərinin adları Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinmişdir. Məsələn, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Quqark), Ağtala (Kamo (Kəvər)), Rəhimabad (Masis (Zəngibasar)), Qamışlı (Vardenis (Basarkeçər)) kəndlərinin adları məntəqələrinin siyahısından çıxarılmışdır.
Ümumiyyətlə, bu günədək indiki Ermənistan ərazisində 491 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi kütləvi qırğınlara, soyqırımına məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinmişdir. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımından və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalmışdır.
(Ardı var)
Nazim MUSTAFA, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri
|
|
03.09.2021 | 11:20 | |
|
|
|