Mehriban ƏLİYEVA: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir”

Xeyirxahlıq və xoş niyyət

 

Həyatda elə şəxsiyyətlər  var ki, onların adının çəkilməsi ilə bir anda gördüyü işlər göz önündə canlanır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva  da xalq tərəfindən sevilən  belə  şəxsiyyətlərdəndir. Həyatının  başlıca amalı  məhz  xeyirxahlıq   və  xoş niyyət olan  birinci  xanımın  adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir.

 

Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırdığı genişmiqyaslı layihələr, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda  həyata keçirdiyi  tədbirlər bu nəcib əməllər sahibinin hərtərəfli bilik və bacarıqlara malik olduğunu göstərir. Mehriban xanımın fəaliyyəti uşaqlardan tutmuş yaşlı insanlara kimi - əhalinin bütün təbəqələrini əhatə edir.

 

“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

 

Bu sözləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Və bu gün bizlər Mehriban xanımın söylədiyi fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin şahidiyik.

 

Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya, yeni öhdəliklər götürən Birinci vitse-prezident  Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə ölkə başçısı İlham Əliyevin və xalqımızın etimadını layiqincə doğrultmaqdadır.

 

Rəhbərlik etdiyi Heydər Əlyev Fondu  böyük uğurlara imza atmaqla, inkişafyönümlü layihələri gerçəyə çevirərək, fəaliyyətini qloballaşan dünyanın yeni aktual çağırışlarına adekvat şəkildə qurmağı bacararaq  ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edir,  milli mənafeləri qoruyur.Təkcə Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da böyük rəğbət qazanan, hər zaman köməyə, yardıma ehtiyac duyanların yanında olan Heydər Əliyev Fondu  Ulu Öndərin ideyalarını  rəhbər tutaraq ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa sanballı töhfələrini verir.

 

Fondun  uğurlu fəaliyyətində təhsilə diqqət və qayğı xüsusi önəm kəsb edir. Bu diqqət isə  Azərbaycanda görülən  işlərlə məhdudlaşmır.

 

Fondun prezidenti, UNESCO-nun  və İSESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva ona göstərilən bu etimadı da layiqincə doğruldub. Respublikamızın bir sıra dövlətlər ilə humanitar əlaqələrin mökəmlənməsinə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın genişlənməsinə, ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda da bir sıra məktəblərin tikintisinə və ya yenidən qurulmasına köməklik etmək, dəstək vermək Heydər Əliyev Fondunun ən uğurlu  fəaliyyət istiqamətlərindəndir. 

 

Beynəlxalq humanitar missiya

 

Azərbaycanın birinci xanımı çıxışlarında qeyd edir : “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”. Və təsadüfi deyil ki, Heydər Əliyev Fondu tərəfindən uğurla reallaşdırılan “Təhsilə dəstək” layihəsinin  əhatə dairəsi, coğrafiyası  gündən-günə  genişlənməkdədir. Layihə artıq ölkə miqyasından çıxaraq beynəlxalq humanitar missiyaya çevrilmişdir.

 

Heydər Əliyev Fondunun xarici ölkədə tikdirdiyi ilk təhsil ocağı

 

2008-ci ildə  Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün orta məktəb binası inşa olunub. 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin şagirdləri dərslərini çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qaldıqları bir vaxtda Heydər Əliyev Fondu nəcib təşəbbüslə çıxış edib. Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə tikilən, müasir tələblərə cavab verən yeni təhsil ocağı fəaliyyətini bərpa edib.

 

Təhsil müəssisəsində 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kitabxana, kompüter otağı, idman meydançası vardır. Məktəbin ümumi sahəsi 2 min kvadratmetrə yaxındır. Çətin dağlıq relyefdə yerləşən təhsil ocağı müasir avadanlıqlarla təmin olunmaqla 500-dən artıq şagirdin yüksək səviyyəli təhsil almasına imkan yaradıb. Heydər Əliyev Fondu məktəbi əyani vəsaitlərlə, o cümlədən Azərbaycan haqqında nəşrlərlə təmin etməklə öz xeyirxah missiyasına sadiq qalıb.

 

Onu da qeyd edək ki, təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi məktəb binası Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır.

 

Azərbaycan-Gürcüstan təhsil əlaqələrinə töhfə

 

Fond  Gürcüstandakı azərbaycanlıların hər sahədə olduğu kimi, təhsil sahəsində də müsbət irəliləyişə nail olmalarına dəstək və yardımını əsirgəməyib. 2008-ci il iyunun 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın   Dmanisi rayonunda inşa edilən kompüter-tədris mərkəzinin binası istifadəyə verilib. Ən müasir tələblərə və standartlara cavab verən mərkəzin dərs otaqları, iki böyük  zalı, kitabxanası, müəllimlər  və yardımçı otaqları hər cür avadanlıqlara təmin olunub. Mərkəzdə həm azərbaycanlı, həm də gürcü uşaqlar  pulsuz olaraq kompüter dərsləri keçmək imkanı əldə ediblər. Fond  mərkəzi əyani vəsaitlər - kitablar, dərsliklər, CD  və DVD-lərlə də təmin edib.

 

Gürcüstanın Dmanisi şəhərindəki 2 nömrəli Azərbaycan Beynəlxalq orta məktəbi və Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb də  Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir edilib.

 

Yararsız vəziyyətdə olan Qardabanidəki 3 nömrəli orta məktəb binası da Heydər Əliyev Fondunun “Təhsilə dəstək”  layihəsi çərçivəsində əsaslı təmir edilib. 2 korpusdan ibarət olan məktəbdə 1256 şagirdin təlim-tərbiyəsi üçün hər cür şərait və imkanlar var.

 

Marneuli şəhərindəki 7 nömrəli məktəb binası da 2010-cu ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir olunub. 2010-cu il martın 11-də məktəbin açılışı olub. Məktəbdə 120 şagird təhsil alır.

 

Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və  Cəfərli kəndlərindəki yararsız vəziyyətdə olan məktəblər Fond tərəfindən əsaslı təmir olunaraq şagirdlərin ixtiyarına verilmiş növbəti təhsil müəssisələridir.

 

Ulyanovsk müəllimlərinə və şagirdlərinə misilsiz  hədiyyə

 

Mehriban xanım Əliyevanın təşəbbüsü  ilə və şəxsən onun nəzarəti altında “Təhsilə dəstək” layihəsi çərçivəsində Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binasının əsaslı təmirdən sonra istifadəyə  verilməsini müəllimlər, şagirdlərlər və valideynlər dərin minnətdarlıq və sevinc hissi ilə qarşılayıblar. 2013-cü il sentyabrın 1-də müəllim və şagirdlərin üzünə qapılarını  açan təhsil ocağı  büsbütün yenilənib. Məktəbin təkcə xarici görünüşü deyil, məzmunu da dəyişmişdir. Şagirdlər yenilənmiş məktəb muzeyində Azərbaycanın tarixi və mədəniyyəti barədə materiallarla tanış olmaq imkanına malikdirlər.  Məktəbin kitabxanası yeni tədris vəsaitləri və digər nəşrlərlə zənginləşdirilib. Şagirdlərə Azərbaycan milli tətbiqi sənətinin bəzi növlərini öyrənmək imkanı da  yaradlıb. 

 

Həmin vaxt “Nezavisimaya qazeta” nın 2 sentyabr tarixli nömrəsində Heydər Əliyev Fondunun Ulyanovsk şəhərindəki məktəb binasının əsasli təmiri ilə əlaqədar dərc olunan məqalədə Fondun gördüyü işlər yüksək qiymətləndirilirdi: “Heydər Əliyev Fondu Ulyanovska, həqiqətən, misilsiz hədiyyə bəxş etmişdir. Yeniləşmiş 78 nömrəli məktəb sentyabrın 1-də qapılarını şagirdlərin üzünə açmışdır... Bizim rasional dövrdə belə möcüzələr, tez-tez olmasa da, baş verir. Ancaq bu möcüzələr yalnız xoş mərama və böyüməkdə olan nəslin sanballı və dərin biliklər əldə etməsi, bəşəriyyətin mədəni irsinin bir hissəsinə çevrilməsi arzusuna əsaslanır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Ulyanovskdakı 78 nömrəli məktəbin təmir olunması ilə bağlı təklifi də bu istək və qayğıdan qaynaqlanmışdır”.

 

Hamının MEHRİBANI

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın  Azərbaycanla yanaşı, adlarını qeyd etdiyimiz ölkələrdə, həmçinin Rumıniyada, Hollandiya və Misirdə, bir sözlə, dünyanın ehtiyac olan bütün guşələrində təhsilin keyfiyyətini yüksəltmək səyləri məhz böyüməkdə olan nəslin bilik və mədəniyyət səviyyəsini artırmaq estafetinin davamıdır.

 

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə məhz Fondun adını daşıdığı görkəmli şəxsiyyətə layiq xüsusi dəst-xətt müşahidə olunur. Azərbaycanda həyata keçirilən layihələr ölkəmizin müasirləşməsinə, dünya ölkələrinin sözün yaxşı mənasında diqqətini üzərimizə çəkməyə, təhsilimizin inkişafına, insanlarımızın şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Ölkəmizdən kənarda gerçəkləşdirilən layihələr isə Azərbaycanın təbliğatına, onun probleminin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasına hesablanıb ki, bizcə də artıq son bir ilin hadisələri göstərdi ki, bu məqsədə uğurla nail olunub.  Heydər Əliyev Fondunun  birbaşa dəstəyi ilə bir sıra xarici ölkələrdə  tikilən və ya yenidən qurulan təhsil ocaqlarında ölkəmizi tanıdan, onun üzləşdiyi işğal, qaçqın və soyqırım faktlarını diqqətə çatdıran muzey mərkəzlərinin qurulması da uğurlu fəaliyyətin mühüm hissəsidir.

 

Mehriban Əliyeva deyir: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.

 

Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq səviyyədə həyata keçirdiyi  möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri  özəyində humanizm, insanpərvərlik, mərhəmət  olan ortaq bir xətt birləşdirir. Təhsillə bağlı reallaşdırılan irimiqyaslı tədbirlər Mehriban Əliyevanın dünya insanının savadlanmasına xidmət etməklə hansı ölkədə yaşamasından asılı olmayaraq insanlara bir addım yaxın, faydalı olmaq məqsədini özündə ehtiva edir. Və ONU  təkcə bizlər deyil,  digər ölkələrdə reallaşdırdığı layihələrdən bəhrələnən insanlar da özünün doğması kimi qəbul edir. Birinci xanım artıq hamının MEHRİBANI olmağı bacarıb.

 

Samirə KƏRİMOVA



03.09.2021 | 09:42