Müsabiqəyə kifayət sayda vakant yer çıxarılacaq | |
Cari ilin iyul ayının 2-dən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna start verilib. Artıq 4 gündür ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi - elektron ərizələrin qəbulu prosesi başlayıb.
Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, tam avtomatlaşdırılan bu mərhələdə yalnız 10 il fasiləsiz olaraq müddətsiz müqavilə ilə müəllim işləmiş və 3 ildən az müddətə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlərdən əmək kitabçasının yüklənilməsi tələb olunur. Digər namizədlər elektron qeydiyyatdan keçərkən hər hansı sənəd yükləməyəcəklər: “Şəxsiyyət vəsiqəsinin göstəriciləri əsasında qeydiyyatdan keçmək lazımdır. Ərizələrə namizədlər onları təsdiqlədikdən sonra baxılır. Artıq 31 mindən artıq namizəd qeydiyyatdan keçib. Onlardan 23836 nəfərin ərizəsi qəbul edilib. Hazırda 4169 namizədin ərizəsinə baxılır”.
İyul ayının 8-də elektron ərizələrin qəbulu başa çatdıqdan sonra həmin ərizələrdəki göstəricilər qiymətləndirilib araşdırılacaq. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti - test imtahanı mərhələsinin iyul ayının ikinci yarısında başlaması nəzərdə tutulub. Elektron ərizəsini təsdiq edən namizədlər onlara verilən tarixdə test imtahanında iştirak edəcək, ixtisas, metodika və məntiqə aid sualları cavablandıracaqlar. İmtahanların avqust ayının 1-dək yekunlaşdırılması planlaşdırılıb.
Vakant yerlərin seçiləcəyi üçüncü mərhələdə hər namizədə 8 vakant yer seçmək şansı veriləcək, elektron yerləşdirmədən sonra isə müsahibə keçiriləcək. Sonuncu mərhələ olan müsahibə mərhələsində namizədlərin ixtisas biliyi ilə yanaşı, psixoloji durumu, ümumi dünyagörüşü komissiya tərəfindən qiymətləndiriləcək.
Proses yekunlaşdıqdan sonra vakant qalan yerlərə müəllimlərin müddətli müqavilə ilə işə götürülməsinə başlanılacaq.
Vakant yerlərlə bağlı narahatlıqları da qeyd edən M.Camalzadə vakant yerlərin toplanılması işinə çox ciddi nəzarətin həyata keçirildiyini vurğulayaraq, namizədləri ümidsizliyə qapılmamağa çağırıb: “Bəzi müəllimlər düşünürlər ki, vakant yer yoxdursa, keçid balı toplasalar belə, imtahanda iştirak etməyin əhəmiyyəti yoxdur. Ancaq namizədlər bilməlidirlər ki, ötən ay başa çatan müəllimlərin yerdəyişməsi müsabiqəsində olduğu kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə də kifayət sayda vakant yer çıxarılacaq. Odur ki, namizədlər ümidsizliyə qapılmasınlar. Bu il imtahanlarda topladıqları bal əsasında həm il ərzində çıxarılacaq vakansiyalara müddətli müqavilə ilə işə girmək üçün müraciət edə, həm də növbəti işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər”.
Müsabiqədə ən çox müşahidə edilən səhvləri də qeyd edən M.Camalzadənin sözlərinə görə, namizədlər topladığı bala uyğun olan yerləri seçmirlər: “Ən çox rast gəlinən yanlışlardan biri odur ki, namizədlər keçid balı toplaya bilmədikləri yerləri seçdikləri üçün yerləşdirilmirdilər. Bu tendensiyanın qarşısını almaq üçün bu il texniki müdaxilə etmək məcburiyyətində qaldıq. Artıq namizədlər keçid balı toplamadıqları vakant yeri seçə bilməyəcəklər. Proqram təminatı keçid balının həmin vakansiyanı seçməyə imkan vermədiyi barədə namizədə xəbərdarlıq edəcək. Bunun sayəsində namizədlər indiyədək müşahidə etdiyimiz səhvləri etməyəcək və seçim imkanı olan 8 şansdan daha səmərəli yararlana biləcəklər. Lakin namizədlərdən xahişimiz budur ki, işləməyəcəkləri, heç tanımadıqları müəssisələrdəki yerləri seçməsinlər. Tanımadığı məktəbi seçir, yerləşdirilir və sonradan imtina edirlər. Nəticədə həmin yer vakant qalır. Ən yaxşı halda həmin yerə il ərzində müddətli müqavilə ilə müəllim götürülür. Lakin Təhsil Nazirliyi vakant yerlərə müddətli müqavilə ilə deyil, daimi əsaslarla müəllim qəbul edilməsində maraqlıdır”.
Bütün bölgələr üzrə ümumi təhsil müəssisələrində vakant yerlərin olduğunu qeyd edən M.Camalzadə ən çox ehtiyac hiss edilən fənlər barədə də məlumat verib: “Ümumilikdə ibtidai sinif, xüsusən, rus bölməsində ibtidai sinif, fiziki tərbiyə, texnologiya, musiqi, ingilis dili, Azərbaycan dili müəllimliyi üzrə vakansiyalar var”.
Ruhiyyə DAŞSALAHLI
|
|
06.07.2018 | 11:09 | |
|
|
|