Dirçələn, mədəni ruhu özünə qayıdan ŞUŞA | |
Qarabağ Zəfərinin zirvə nöqtəsi sayılan Şuşanın qısa müddət ərzindəki inkişafına fərəhlə şahidlik edirik. Bu ilin yanvar ayının əvvəllərindən Zəfər yolunun inşası ilə başlayan ilk quruculuq işlərinin gözəl nəticələri var: Torpaqlara qayıdışı şərtləndirən əsas faktor yol idi, artıq həmin yol bizləri Şuşaya rahatlıqla aparıb çıxarır. Daha da rahatlıq üçün hazırda Füzuli şəhərindən tunellər daxil olmaqla, məsafəni qısaldan magistral yol da çəkilir.
Məlumdur ki, məğlubiyyət acısı ilə qovrulan düşmən Şuşanın su təsərrüfatına təxribat etmişdi, əsl sahiblərinin yaşamaq imkanları əngəllənsin deyə. Azərbaycan hökumətinin qayğısı ilə Şuşanın su və elektrik təsərrüfatı da az vaxtda bərpa olundu. Natəvan bulağı da bərpa edildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. İndi Şuşada yeni beşulduzlu hotel inşasına hazırlıq aparılır. Ona görə ki, uzun həsrətdən sonra hər kəsin Şuşa vüsalı tez gerçəkləşsin!
Bundan başqa, tarixi, mədəni, dini abidələrin bərpası başlandı.
Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri geri gətirildi və mərkəzi meydanda qoyuldu. Üzeyir Hacıbəylinin abidəsi yenidən hazırlandı. Bülbülün ev muzeyi təmir edildi. Üzeyir Hacıbəylinin ev muzeyinin təmirinə hazırlıq planlaşdırılır.
Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, tamamlanır. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib.
Çünki Şuşanın mədəni ruhu özünə qayıtsın, mədəni inkişafı başlasın!
Şəhərin Baş planı əsasında birinci mərhələdə üç, dörd və beşmərtəbəli 25 yaşayış binasının inşası nəzərdə tutulur. Onlardan birinin artıq təməli də qoyuldu.
Ona görə ki, şuşalılar tez bir vaxtda öz evlərinə köçsünlər! Qədim şəhərin qədim etnosu öz torpağında nəhayət, möhkəmlənsin!
Bütün bunlar Şuşanın inkişaf dinamikasını, orada görülən, görüləcək işlərin miqyasını anladır. Qarşımızda Prezident İlham Əliyevin Böyük Qələbənin səhərisi xalqa müraciətində yüksək vurğu ilə səsləndirdiyi “Şuşa, biz səni dirçəldəcəyik!” vədinin yerinə yetirilməsinin qürur yaradan mənzərəsi var!
Əgər bunlar ilk sırada həllini tapmasaydı, Şuşa ardıcıl iki möhtəşəm mədəni tədbirə ev sahibliyi edə bilməzdi. Şuşa öz övladlarını belə tezliklə qucaqlaya bilməzdi. Şuşa dünya mediasının, ictimaiyyətinin nümayəndələrinin ziyarəti üçün əlverişli yer ola bilməzdı.
Azərbaycanın siyasi elitası, mədəni, ədəbi, elmi ictimaiyyəti mütəmadi olaraq Şuşa platformasında reallaşdırılan tədbirlərdə bir araya gəlir. “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri Şuşanın mədəni həyatının bərpasında uğurlu bir bünövrə, gözəl başlanğıc kimi çıxış edir və Şuşa gələcək mədəni tədbirlərə öz qapılarını məmuniyyətlə açıq saxlayır.
Fərəhləndirici haldır ki, erməni vandalizminə məruz qalmış tarixi, mədəni abidələr qısa vaxt ərzində bərpa edilərək, əski zamanlardakı vəziyyətinə qaytarılır. Molla Pənah Vaqifin məqbərəsi kimi. Məqbərənin gözəl təmirinə, onun qarşısında Vaqif Poeziya Günlərinin açılış mərasiminə şahidlik etmək həqiqətən də qürurverici idi.
Məqbərənin tarixi hamı üçün, xüsusən yeni nəsillər üçün maraq doğurandır. Prezident İlham Əliyevin verdiyi məlumatlar olduqca dolğun idi, çünki 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışının iştirakçılarından, canlı şahidlərindəndir. Məqbərə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdi və o zaman bu, sıradan bir hadisə deyildi. Nəyə görə?
Səbəbini Prezident İlham Əliyev belə açıqladı: “Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.
Bəli, bu, o deməkdir ki, Xarıbülbüllə yanaşı, Vaqifin məqbərəsi də Şuşanın mədəniyyət beşiyi olmasının rəmzlərindən biridir. Bu uca məqbərə həm də Şuşanın tarixən Azərbaycana məxsus ərazi olduğunu da, eyni zamanda Azərbaycanın Qarabağ Zəfərini də simvollaşdırır.
Gələn il bu qədim şəhərin 270 yaşı tamam olacaq və təməl ildönümü təntənəli şəkildə elə Şuşada qeyd ediləcək.
Şuşa bütün elmi-mədəni tədbirlərin keçirilməsində əsas mərkəz rolunu oynayacaq. Bu uğurlu dövlət siyasəti Şuşanın əski şöhrətini özünə qaytarmağa xidmət edir; Azərbaycanın mədəni irsinə sevgini, hörməti və ehtiramı ifadə edir.
Sözsüz ki, Şuşada məlahətli, valehedici muğam səsləri, musiqi, ədəbiyyat istedadları yenidən pöhrələnəcək, bu istedad, mədəni ruh dərin rişələr atacaq və Şuşanın Qarabağın tacı, mədəniyyət beşiyi kimi nüfuzu bütün dünyaya yenidən yayılacaq!
Vəfa ALLAHVERDİYEVA
|
|
01.09.2021 | 15:14 | |
|
|
|