Tələbələrin “Yay Təcrübə Proqramı” başa çatıb | |
Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində Zəyəm Texnologiyalar Parkında (ZTP) təşkil edilmiş “Yay Təcrübə Proqramı” başa çatıb.
MDU-dan bildirilib ki, hər iki təhsil müəssisəsinin rəhbərləri təcrübə proqramında iştirak edən tələbələrlə görüşüblər.
Görüşdə proqramı müvəffəqiyyətlə başa vuran tələbələri təbrik edən MDU-nun rektoru Şahin Bayramov yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da əmək bazarının müasir tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanmasında bu tipli təcrübə proqramlarının üstünlüklərindən danışıb.
Təhsil və sənaye arasında yaradılmış üçtərəfli əməkdaşlıq formatı çərçivəsində atılan ilk addımın uğurla nəticələndiyini vurğulayan Ş.Bayramov sözügedən təcrübə proqramının təşkilinə və dəstəyinə görə “Azmade Group” MMC və ZTP rəhbərliyinə təşəkkür edib.
“Yay Təcrübə Proqramı”nın iştirakçıları ilə təkrar bir arada olmaqdan məmnunluğunu ifadə edən MPM-nin direktoru İlham İlyasov təcrübə zamanı əldə edilən bilik və bacarıqların tələbələrin karyera inkişafındakı önəmindən söhbət açıb.
O, üçtərəfli əməkdaşlığın tələbələrin praktiki hazırlığının yüksəldilməsinə davamlı töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra təcrübə ilə bağlı təəssüratlarını bölüşən tələbələr proqram çərçivəsində təhsil aldıqları ixtisas üzrə praktiki bilik və bacarıqlarının artırılması üçün yaradılan şəraitə, göstərilən diqqətə görə təşəkkürlərini çatdırıblar.
|
|
01.09.2021 | 12:17 | |
|
|
|