“SABAHın məzunu” mərasimi
 
İyulun 5-də Bakı Konqres Mərkəzində “SABAHın məzunu” mərasimi keçirilib.
 
Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, dövlət və özəl qurumların rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, media kapitanları, təhsil ekspertləri və tələbələr iştirak edib.
 
Tədbirdən öncə iştirakçılar mərkəzin foyesində “Mən SABAHam” adlı sərgi ilə tanış olublar.
 
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
 
Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciəti Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev oxuyub.
 
Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxış edərək təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini, həyata keçirilən təhsil islahatlarının məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
 
Nazir qeyd edib ki, SABAH layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış bir təhsil modelidir. 4 il öncə yaradılmış SABAH qruplarının ilk nəticələri haqqında danışan təhsil naziri bildirib ki, 2017-ci ildə ali təhsil müəssisələrini bitirmiş 721 SABAH məzununun 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistratura səviyyəsində təhsilini davam etdirir, 30 faizdən çoxu isə peşəkar həyata qədəm qoyub.
 
Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən təhsil naziri bu yolda hər bir SABAH məzununa uğurlar arzulayaraq onları təbrik edib.
 
Daha sonra SABAHın məzunları – Bakı Musiqi Akademiyasının tələbəsi Vüsalə Babayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Samir Hüseynov SABAHın onlar üçün yaratdığı imkanlardan, bu qruplarda müasir dünyanın tələblərinə cavab verən yüksək hazırlıqlı mütəxəssislərin yetişməsi üçün münbit şəraitdən danışıb, əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını qeyd ediblər.
 
Mərasimdə təhsil aldıqları müddətdə ən yüksək akademik göstəricilər əldə edən SABAH məzunlarına sertifikatlar təqdim olunub, həmçinin simvolik SABAH açarı III kurs tələbələrinə verilib.
 
Sonda SABAH qruplarının himni səsləndirilib.
 
SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 40-dan artıq ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.
 
2017-2018-ci tədris ilində isə 842 SABAH məzunu təhsilini başa vurur.


05.07.2018 | 21:18