Şəhid ailələrinə, qazi və hərbçilərə dövlətin davamlı qayğı siyasəti | |
Hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Çünki torpaqları işğal olunmuş bir ölkənin ərazi bütövlüyünü qoruyanlar və haqq savaşını verənlər onlardır: düşmənlə ağır döyüşə girir; Vətənin azadlığı üçün şəhidlik zirvəsinə yüksəlir; torpaqları geri qaytarmaq naminə sağlamlıqlarından keçib əlil olurlar.
Dövlət öz növbəsində ölkənin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən şəhid, yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş etdirir. Özü də ayrı-seçkilik qoymadan: həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.
Prezident İlham Əliyev avqustun 26-da Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri, Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim olunması mərasimində iştirak etdi. Həmin mərasimdə səsləndirilən, şəhid ailələrinə göstərilən qayğının konkret rəqəmlərlə ifadəsi insanda yaxşı əhval-ruhiyyə yaratmaya bilməzdi. Belə ki, 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin edilib. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezidentin cari ilin yanvarında imzaladığı sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Üstəlik, dövlətin qəti sözü var: Ev və mənzil verilməyən bir dənə də olsun şəhid ailəsi qalmayacaq!
Bu, dövlətin müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində prinsipiallığını, gördüyü işlərin ardıcıllığını və planlı şəkildə həyata keçirilməsini özündə ehtiva edir.
Sosial qayğı təkcə mənzil və avtomobil təminatı ilə bitmir. Bu kateqoriyadan olan insanların üstəlik, sağlamlıqlarının bərpası, daimi iş yerləri ilə təminatı məsələsi də mühüm əhəmiyyət kəsb edir. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib; 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilib və edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır.
Göründüyü kimi, burada həmin insanların reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqət məqamı da var.
Ümumiyyətlə, bu məqamlar və qeyd olunan rəqəmlər dövlət siyasətinin sosialyönümlü olmasını çox aydın ifadə edir.
Həm də onu anladır ki, bu yöndə verilən sözlər, səslənən bəyanatlar heç zaman quru vəd olmadı, real iş, ürəkaçan nəticə kimi ortaya qoyuldu.
Prezident İlham Əliyev Vətən üçün müqəddəs yola çıxan və şəhid olan heç bir əsgər ailəsini, heç bir qazini tək qoymadı. Onlar yaralananda hospitallara, xəstəxanalara getdi; səmimi dialoqlar qurdu; onların dərdlərini dinlədi; şəhid ailələri ilə davamlı olaraq görüşdü, onların qarşısında söz verdi və yerinə yetirdi. Çünki bu insanlar cəmiyyətin həssas təbəqəsidir və onlara göstərilməli olan diqqətin kökündə dövlətin, bütün cəmiyyətin mənəvi borcu məsələsi dayanır.
Prezident İlham Əliyev bütün çıxışlarında bu dəyəri belə ifadə edir: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir”.
Beləliklə, dövlətin sosial siyasəti, qeyd olunan həssas kateqoriyaya göstərdiyi münasibət ortaya gözəl mənzərə çıxarır - şəhid ailəsi təzə, rahat mənzillərlə təmin olunur; Qarabağ qazisi sağlamlığına qovuşur, işləyir, dövlətin bağışladığı hər cür təminatlı evdə yaşayır. “YAŞAT” Fondunun yaradılması ilə bağlı sərəncam da buna görə alqışlanmışdı. Bu gün fond da bu yöndə böyük işlər görür: gecikmədən, keyfiyyətli və davamlı! Yaralı əsgərlərimiz Türkiyə xəstəxanalarında müalicə alıb, sağlam geri qayıdır. Onların psixoloji durumu bərpa olunur, onların üzü gülür. Bu, olduqca vacib qayğıdır. Çünki qazi, şəhid ailəsi əzizdir, dəyərlidir!
|
|
30.08.2021 | 15:15 | |
|
|
|