“Məktəblərdə əyani təhsili bərpa etməliyik” | |
Sentyabr ayının ilk günləri bir çox ölkələrdə tədris ilinin başlanması üçün ənənəvi vaxtdır. Ancaq həmin günlərdə heç də bütün şagirdlər məktəbə gedə bilməyəcək. Koronavirus pandemiyası səbəbindən ötən il milyonlarla birinci sinif şagirdi parta arxasında otura bilmədi və bu il də istisna olmayacaq.
YUNİSEF-in dünyanın bir çox yerlərində yayımlanan yeni hesabat təhlilində qeyd olunur ki, ilk məktəb günü dünyanın ən kiçikyaşlı məktəbliləri və onların valideynləri üçün əlamətdar andır. Bu il pandemiya ucbatından, təxminən 140 milyon azyaşlı zəka sahibi məktəbə gedə bilməyəcək. Hesablamalara görə, 8 milyondan artıq uşaq bir ildən çoxdur ki, məktəbə ayaq basacaqları ilk günü gözləyir və belə aydın olur ki, onların gözləntiləri daha uzun davam edəcək, çünki pandemiya səbəbindən məktəblərin bağlandığı ərazilərdə yaşayırlar.
"İlk məktəb günü uşağın həyatında əlamətdar andır, çünki məhz bu gün uşaq şəxsi təhsil və inkişafın taleyüklü yoluna qədəm qoyur. Əksəriyyətimiz bu günün saysız-hesabsız xırda detallarını xatırlayırıq: o zaman nə geyindiyimizi, müəllimimizin adını, yanında oturduğumuz şagirdi. Amma milyonlarla uşaq üçün bu vacib gün qeyri-müəyyən müddətə təxirə salınır. Onlar sinif otaqlarına qayıdacaqları günü gözləyirlər, lakin bunu qarşıdakı tədris yarımilində edə bilməyəcəklər. Ən həssas uşaqlar üçün həyatlarında heç vaxt sinif otağına daxil ola bilməmək riski sürətlə artır ",- deyə YUNİSEF-in icraçı direktoru Henrietta For bildirir.
Birinci sinif bütün gələcək təhsil, o cümlədən oxuma, yazı və riyaziyyat ilə tanış olmaq üçün bünövrədir. Bu, həm də uşaqların müstəqillik əldə etmələrinə, yeni gündəlik qaydalara uyğunlaşmalarına və müəllimlərlə, şagirdlərlə konstruktiv münasibətlər qurmalarına kömək edən bir dövrdür. Əyani təhsil həm də müəllimlərə uşaqların rifahına mənfi təsir göstərə biləcək təhsil axsamalarını, psixi sağlamlıq problemlərini və zorakı davranış hallarını aşkar etməyə, aradan qaldırmağa imkan verir.
Dünya ölkələri distant təhsilin təmin edilməsi üçün müəyyən tədbirlər görür, lakin ibtidai məktəblərdəki şagirdlərin ən azı 29% -i üçün hələ də belə təhsil forması əlçatan deyil. Uzaqdan təhsil almaq üçün vəsait çatışmazlığı ilə yanaşı, kiçikyaşlı məktəblilər texnologiya, pis tədris mühiti, ev işlərinin yerinə yetirilməsi və ya əməyə məcbur edilməsi baxımından dəstəyin olmaması səbəbindən belə təlim prosesində iştirak etmək imkanından məhrum ola bilərlər.
Tədqiqatların nəticələrinə görə, bu keçid dövründə müsbət məktəb təcrübəsi uşaqların gələcək sosial, emosional və təhsil nəticələrinin proqnostik amillərindən biridir. Eyni zamanda, erkən illərdə təhsildə geridə qalan uşaqlar, bir qayda olaraq, sonrakı məktəb illərində də geridə qalmaqda davam edirlər və zaman keçdikcə belə geriləmə halları daha da artır. Uşağın aldığı təhsil illərinin sayı da onun gələcək gəlirinə birbaşa təsir göstərir.
Dünya Bankının hesablamalarına görə, bu cür nəticələrin yüngülləşdirilməsi üçün tədbirlər görülmədiyi təqdirdə bütün bu nəsil üçün gəlirin itirilməsi 10 trilyon dollar təşkil edəcək. Məlumata görə, bu cür boşluqlar erkən mərhələdə aradan qaldırılsa, təhsildəki boşluqların aradan qaldırılması xərcləri daha aşağı və daha səmərəlidir, təhsilə qoyulan investisiyalar isə iqtisadiyyatın bərpasını, böyüməsini və çiçəklənməsini dəstəkləyir.
YUNİSEF hökumətləri ən qısa müddətdə məktəblərdə əyani təhsil üzrə işləri bərpa etməyə və şagirdlərə münasibətdə hərtərəfli bərpa tədbirləri görməyə səsləyir. Dünya Bankı və YUNESKO ilə birgə YUNİSEF hökumətləri məktəblərin işinin bərpası baxımından üç əsas prioritet sahəyə diqqət yetirməyə çağırır:
"İlk məktəb günü yaxşı başlanğıc üçün ümid və imkanlar günüdür. Amma belə yaxşı bir başlanğıc bütün uşaqlar üçün mövcud deyil. Onların bəziləri üçün bu, indi tamamilə mümkün deyil. Ən qısa müddətdə məktəblərdə əyani təhsili bərpa etməliyik və pandemiya nəticəsində yaranmış təhsil boşluqlarını dərhal aradan qaldırmalıyıq. Əgər bunu etməsək, bəzi uşaqlar heç vaxt itirdiklərini qaytara bilməyəcəklər", - deyə Henrietta For bildirib.
Sonrakı həftələr ərzində YUNİSEF təhsil sahəsində mövcud böhranın təhsil fəlakətinə çevrilməsinin qarşısını almaq üçün öz tərəfdaşlarını və ictimaiyyəti səfərbərliyə çağırmaqda davam edəcək.
Oruc MUSTAFAYEV
|
|
30.08.2021 | 09:35 | |
|
|
|