Mehriban ƏLİYEVA: “Azərbaycan “qara qızılı” insan kapitalına çevirməyi bacaran ölkədir” | |
Məlumdur ki, hər bir ölkənin inkişafının əsasında yüksək hazırlıqlı, peşəkar, milli-mənəvi dəyərlərə sahib insan amili dayanır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacaq” kəlamı ölkəmizdə təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Təhsilin inkişafına xüsusi diqqət ayrılır, gənc nəslin hərtərəfli biliklərə mükəmməl yiyələnməsi üçün bütün lazımi addımlar atılır. Yaşadığımız dünya reallıqları da göstərir ki, sürətli inkişaf mərhələsinə çatmış ölkələrin uğurları məhz elmə, təhsilə yüksək diqqət və qayğı sayəsində əldə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil sahəsinin inkişafını daim diqqət mərkəzində saxlayaraq Ulu Öndərin bu sahədə müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsinin təmin olunmasına xüsusi önəm verir.
Azərbaycan Prezidentinin ölkənin davamlı inkişafının təmin edilməsi və rəqabətliliyinin gücləndirilməsinə xidmət edən təhsil siyasətinin uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Müasir dövrdə hər bir fəaliyyət sahəsində yeni ideya və baxışlar tələb edilməklə yanaşı, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatlarının mövcudluğunu vacib şərtlərdən biri hesab edən ölkənin birinci xanımı qeyd edir: “Azərbaycan son illər ərzində bir çox uğurlara imza atıb, qələbələr qazanıb. Azərbaycan “qara qızılı” insan kapitalına çevirməyi bacaran ölkədir”.
Yarandığı ilk gündən Heydər Əliyev Fondu və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün böyük və çoxşaxəli fəaliyyətində təhsil sahəsinə xüsusi diqqət ayırıb. Bu illər ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilib. Fondun həyata keçirdiyi əməli işlərin miqyası yetərincə geniş və əhatəlidir.
Təhsilin dəyişən siması - “Yeniləşən Azərbaycana yeni məktəb”
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən bir sıra genişmiqyaslı proqram və layihələrin əsasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi dayanır. Ölkəmizin təhsil ictimaiyyəti tərəfindən böyük rəğbət və etimadla qarşılanan və son illərdə, ümumiyyətlə, təhsil sisteminin simasını dəyişən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Uğurla tətbiq edilən bu layihə hazırda ölkəmizin təhsil sahəsində müşahidə olunan nailiyyətlərin qazanılmasında mühüm rol oynayıb. Məhz bu proqram çərçivəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yeni məktəb binalarının tikintisinə, mövcud məktəblər üçün əlavə korpusların inşasına, onların əsaslı təmirinə, müasir avadanlıqlarla təminatına, ümumilikdə, infrastrukturun tam yenilənməsinə göstərdiyi diqqət və qayğı ümumtəhsil müəssisələrinin, onların müəllim və şagird kontingentinin əldə etdiyi nəticələrdə də aydın görünür. Yeniləşən, infrastrukturu dəyişən məktəblərdə tədrisin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Görülən işlər 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırılması ilə müşayiət olunmaqdadır.
Heydər Əliyev Fondu tərəfindən istər paytaxt Bakı, istərsə də regionlarda inşa və təmir olunan yeni məktəblər və uşaq bağçalarının istifadəyə verilməsi mərasimlərində Mehriban Əliyevanın şəxsən iştirakı isə təhsil sahəsinə artan diqqət və qayğının parlaq təzahürüdür.
Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban Əliyevanın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görüb. Genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilib. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilib. Belə müasir məktəblər təhsilimiz üçün yeni üfüqlər açır, şagirdlərə yeni imkanlar yaradır. Birmənalı olaraq qeyd olunmalıdır ki, ölkəmizdə müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirib və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblilərinin uğurlarının əsas təminatçısı olub. Sevindirici haldır ki, bu uğurlu tendensiya davam etməkdədir. Bunu məktəblilərimizin bir sıra beynəlxalq olimpiadalardakı uğurlu çıxışları da deməyə əsas verir.
“Təhsilə dəstək” - bərabər təhsil imkanlarının yaradılması
Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr sırasında “Təhsilə dəstək” layihəsi də diqqəti cəlb edir. Bu layihə son illərdə Azərbaycan vətəndaşları üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondunun fəaliyyətə başladığı gündən bu istiqamətdə reallaşdırdığı bir sıra uğurlu proqram və layihələri arasında əhəmiyyətli yer tutur. Ümumtəhsil müəssisələrində birbaşa tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş bu təşəbbüs məktəblərin əyani vəsait və şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına yönəlib. 2004-cü ildən başlayaraq Fondun dəstəyi ilə hər il qaçqın və məcburi köçkün ailələrinin ilk dəfə məktəbə qədəm qoyan uşaqlarına məktəbli çantaları və dərs ləvazimatı hədiyyə olunur. Uşaq tərbiyə müəssisələrinin müasir tələblər səviyyəsində yenidən qurulması da “Təhsilə dəstək” layihəsində öz əksini tapıb.
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də məktəblər yenidən qurulub və əsaslı təmir olunub.
Uğurlu təhsilin təməli - məktəbəqədər təhsil müəssisələrinin inkişafı
Ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin təkmilləşdirilərək müasirləşdirilməsi, gələcəyimiz olan körpələrin sağlam və bilikli böyüməsi də Heydər Əliyev Fondunun daimi diqqət mərkəzindədir. Son illər bu sahədə də Fond tərəfindən olduqca əhəmiyyətli layihələr icra olunmaqdadır. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı nəzərə alaraq Fond 2014-cü ildə "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirməyə başlayıb. Proqram çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin təmiri, yeni binaların inşası, təhsilin, tibbi xidmətin, qidanın keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərin həlli təmin olunub. Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.
Son illərdə respublikamızda yüzlərlə uşaq bağçasının inşa olunması göstərir ki, Azərbaycan dövləti gələcəyimiz olan körpələrin və uşaqların vətənimizə layiqli vətəndaş kimi formalaşmalarını prioritet vəzifələrdən biri elan edir.
Heydər Əliyev Fondunun uğurlu təşəbbüsü - STEAM
Məlumdur ki, müasir dünyada elm, texnologiya və innovasiyalar cəmiyyətin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Bu istiqamət Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın təhsilalanların müasir bilik və bacarıqlarının, XXI əsr səriştələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edən inteqrativ təhsil yanaşmalarının ölkəmizin təhsil müəssisələrində geniş tətbiqi üzrə təşəbbüslərində də özünü göstərir. Məhz Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun himayəsi ilə STEAM yanaşmasının məktəblərimizdə tətbiqinə başlanması son illərin ən uğurlu yeniliklərindən biridir.
2019-cu ildən ölkəmizdə uğurlu tətbiqinə başlanan STEAM layihəsi hazırda Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla 45 region üzrə 147 ümumtəhsil məktəbindən 25 mindən çox şagird və 800 müəllimi əhatə etməklə davam etdirilir. Ölkəmizin üzləşdiyi pandemiya şəraitinə baxmayaraq Heydər Əliyev Fondu tərəfindən “STEAM Azərbaycan” layihəsinin əhatə dairəsi genişləndirilib. Mühüm məqamlardan biri də odur ki, “STEAM Azərbaycan” layihəsi çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Bu isə təşəbbüskarı Heydər Əliyev Fondu olan STEAM layihəsinin yaşadığımız şəraitdə həyati əhəmiyyətinin və aktuallığının daha bir bariz nümunəsidir. Ötən tədris ilində Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin, Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyinin nəzdində, eləcə də Quba şəhərində STEAM mərkəzləri yaradılıb. Şübhəsiz ki, Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə artıq öz töhfələrini verməkdədir. Bundan başqa, Mehriban Əliyeva uşaq və gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, onların hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edən digər çoxsaylı layihə və təşəbbüslərin himayəçisidir.
Beləliklə də 2004-cü ildə ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının işığında yaradılan Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevanın milli təəssübkeşlik, vətənpərvərlik, diqqət və qayğısının təzahürü kimi ölkəmizin təhsil sisteminin yeniləşdirilməsi üzrə xoşməramlı missiya Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə, kamil insan potensialının formalaşdırılmasına xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyeva milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən, milli maraqların fövqündə dayanan səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbət və sevgisini qazanıb.
Oruc MUSTAFAYEV
|
|
26.08.2021 | 09:17 | |
|
|
|