Xalqın ruhu, inamı ilə qazanılan QƏLƏBƏ

Azərbaycan xalqı II Qarabağ savaşına necə başladı, hansı ovqatla?

 

Təbii ki, bu, unudulmazdır və həmin günləri hər birimiz fəxr hissi ilə xatırlayırıq. Ona görə ki, tarixi torpaqlarımızın alınması üçün elan olunan müharibə qərarı bütün xalqımızı səfərbər etdi. İlk növbədə onu gördük ki, Azərbaycan gəncləri cəbhə bölgəsinə yollanmaq üçün könüllü şəkildə hərbi çağırış məntəqələrinə axışır. Həmin günlərdə qürur doğuracaq bir tablo var idi qarşımızda!

 

İnsanı fərəhləndirən, bir qədər də duyğusallaşdıran bu səhnəni yaradan səbəblər nə idi?

 

Birincisi, xalqın ruhu. Prezident İlham Əliyev xalqın işğalla barışmaz ruhunu Qələbəmizi təmin edən əsas amillərdən biri kimi qiymətləndirir:

 

Qələbənin əldə olunmasında bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti. Müharibə üçün düzgün zaman seçilməli idi. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, öz torpaqlarına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur”...

 

Gələk ikinci səbəbə. Bunun adı inamdır: müharibə yolu ilə torpaqları işğaldan qurtarmağa olan inam. Dövlətin siyasətinə olan inam! Ordunun gücünə olan inam!    

 

Prezident İlham Əliyevin “CNN Türk” televiziyasına verdiyi müsahibədən bəzi fraqmentə diqqət edək:

 

“Bütün çətinliklərə baxmayaraq, biz Qələbəyə inanırdıq. Müharibənin ilk günündən biz artıq Zəfər əldə etdik. Müharibənin ilk günündə bir neçə kənd azad edildi və bu, Ordumuza da ruh yüksəkliyi verdi, özümüzə də əminlik verdi və inam verdi”.

 

Bəllidir ki, düşmənin əlində uzun illər qalan doğma torpaqları xilas etmək vəzifəsi dövlətin və vətəndaşın üzərində olur. Azərbaycan öz ordusunu inkişaf etdirərkən, iqtisadi imkanlarını müdafiə qüdrətinin artırılmasına yönəldərkən, sözsüz ki, Qarabağın taleyini düşünərək addımlar atırdı. Dövlətin rəsmi siyasəti birmənalı olaraq Qarabağın geri qazanılmasına hesablanmışdı. Vətəndaş bu siyasəti izləyir, xüsusən hərbi paradlara, dövlət büdcəsi vəsaitlərinin ayrılmasında hərbi sahənin prioritet götürülməsinə diqqət yetirirdi: təcavüzkar Ermənistanın qarşısında biz necə bir gücə sahibik?!

 

Etiraf etməliyik ki, cəmiyyətimiz məlumatlı idi və ölkənin iqtisadi imkanlarından, ordunun yenilməz bir orduya çevrilməsindən mənəvi-psixoloji güc ala bilirdi. Məhz bu mənəvi-psixoloji güc müharibə zamanı öz sözünü dedi: Azərbaycan bu imtahandan alnıaçıq çıxdı.       

 

Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır. Təsadüfi deyil ki, Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. Ancaq bütün digər şəhərlər də Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik”.

 

Prezident İlham Əliyev bu sitatda çox doğru şəkildə Qarabağ məsələsini hamımızın borcu kimi xarakterizə edir və böyük qürur hissi ilə bu borcun yerinə yetirildiyini bütün çıxışlarında ifadə edir. 



20.08.2021 | 12:49