Azərbaycan müharibəni ləyaqətlə aparıb | |
Məlumdur ki, müharibə ilə bağlı ən dolğun və hərtərəfli təhlillər müharibədən sonra aparılır. Söhbət düşmənə necə bir zərbə vurulduğundan gedəndə, burada onun itirdiyi hərbi texnikadan tutmuş, əsgər sayına kimi statistika ortaya qoyulur. Bu, öz yerində.
Müharibəyə aid həm də belə bir sual var: dinc əhali bu hərbi əməliyyatlar gedişində zərbəyə nə qədər məruz qaldı? Ermənistanın da, Azərbaycanın da müharibə əxlaqını faktlar çox gözəl ifadə edir. Gəncənin, Bərdə və Tərtərin ağır silahlardan atəşə tutulmasında hədəf dinc əhali idi. Səbəb öldürmək, daha çox sayda itkilər yaratmaq, paralel olaraq qorxutmaq və həmin rayonları boşaltmaq məcburiyyətinə gətirmək idi. Rayonlarımız boşalmadı, əhali torpağında möhkəm dayandı, amma yaşayış binaları zərər gördü, insanlar öldü, uşaqlar yetim, valideynlər övladsız qaldı. Bu, Ermənistanın adına yazılan mənzərədir və hərbi cinayətlərinin təkzibolunmaz sübutudur.
Azərbaycana gəldikdə, Ermənistana adekvat cavab vermədi; Dinc əhaliyə atəş açmadı; Ermənistanın şəhər və rayonlarına oxşar şəkildə dağıdıcı silahlar atmadı; Müharibəni məhz döyüş bölgəsində apardı.
Prezident İlham Əliyev Azərbaycanın necə bir müharibə apardığını çox dəqiq şəkildə belə ifadə edir:”Məsuliyyətli ölkə olaraq Azərbaycan müharibəni ləyaqətlə aparıb. Azərbaycan Ordusunun məsuliyyəti və peşəkarlığı nəticəsində Ermənistan tərəfində mülki əhali arasında itkilər çox az olub. Təqribən 30 nəfər civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində - ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntı olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan müharibəni ləyaqətlə aparıb və savaşa xas olan bütün qaydalara riayət edib”.
Bəli, Azərbaycan Qarabağ savaşındakı qələbəsi ilə, müharibəni ləyaqətlə aparması ilə dünyada özünə çox gözəl bir nüfuz qazandırdı.
|
|
20.08.2021 | 09:23 | |
|
|
|