Aciz beynəlxalq missiya və problemini özü həll edən Azərbaycan

Prezident İlham Əliyevin Türkiyənin “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan cəmiyyəti və dünya ictimaiyyəti üçün bir sıra vacib mesajlar var idi. Əslində verilən mesajlar yeni deyildi, amma təkrar-təkrar verilməsi həll edilmiş Qarabağ problemi ilə bağlı müxtəlif rəylərin, fikir və mülahizələrin həm daxildə, həm də xaricdə davamı fonunda zərurət qazanmışdı. Məsələ nədən ibarətdir?

 

Məsələ ondan ibarətdir ki, beynəlxalq çevrələrdə münaqişənin mövcud şəkildə çözülməsini qəbul etməyənlər, ermənipərəst mövqedən çıxış edənlər hələ də var və onların bu yöndə hansısa açıqlaması bəzən çaşqınlığa, düşmənin əl-qol açmaq həvəsinə gətirib çıxarır.

 

Üstəlik, Ermənistanın daxilində müəyyən siyasi qüvvələr müharibənin sona çatmadığını yüksək səslə bəyan etməklə, bir tərəfdən öz cəmiyyətlərini aldadır, hardasa siyasi xal qazanmağa da çalışır, digər tərəfdən beynəlxalq aləmin diqqətini yenidən öz üzərlərinə çəkmək istəyir. Son günlər sərhəddə ara-sıra silahlı hərəkətlənmə, yəni, Azərbaycanın mövqelərinə atəş açmaq kimi hallar məhz bu məsuliyyətsiz bəyanatların nəticəsidir. Prezident İlham Əliyev də dəfələrlə revanşizm cəhdlərinin olduğuna dair fikirlər səsləndirib və Azərbaycanın Ermənistanın yeni müharibə cəhdlərinə verəcəyi cavabı açıqlayıb. Cavab budur ki, Ermənistan müharibənin gedişində öz qarşısında necə bir “Dəmir yumruq” görmüşdüsə, onu təkrar görəcək! Dövlətimizin mövqeyi bu qədər aydın və qətidir!!!

          

Prezident İlham Əliyev Türkiyə televiziyasına son müsahibəsində münaqişənin 30 illik tarixinə qayıtdı. Məhz bu xoşagəlməz mülahizə yürüdənlərə, imzalanmış üçtərəfli bəyanata ciddi yanaşmaq istəməyənlərə cavab olsun deyə.   Qayıtdı ki, II Qarabağ müharibəsinin nəticələrini qəbul etməyənlər nəhayət anlasınlar: Azərbaycanın 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu; Azərbaycan Ermənistan tərəfindən Xocalı soyqırımı dəhşətlərini yaşamışdı: Ermənistandan qovulan azərbaycanlılarla birlikdə Qarabağ və ətraf rayonlardan qaçqın düşən insanların hüquqları pozulmuş, Azərbaycan böyük qaçqın ordusunun meydana çıxması ilə sosial, humanitar fəlakətlərlə baş-başa qalmışdı. Təcavüzkar Ermənistandır, Azərbaycan deyil!!!       

 

Prezident İlham Əliyev bu münaqişə ilə bağlı, eyni zamanda dünya dövlətlərinin tutduğu mövqeyə də diqqət çəkir. Dünya dövlətləri Ermənistanın cinayətkar əməllərinə necə reaksiya verdilər, hələ konfliktin ilk illərində? Təbii ki, yalnız sözdə pislədilər, əməldə isə Ermənistan heç bir cəza, sanksiya görmədi. Ermənistan bu 30 ildə ancaq himayə olundu. Bu isə ədalətin pozulması və böyük haqsızlıq idi.  

 

Xocalı faciəsı bəşəriyyət üçün utanc olan insanlıq cinayətidir. Bəs, gəlin görək dünya həqiqətən utandımı? Ermənistanı cəzalandırdımı? Əksinə, Prezidentin də dediyi kimi, cəmi 13 ölkə Xocalı qətliamını soyqırım kimi tanıyıb. Ədalətsizliyin tablosu-başqa ad vermək mümkün deyildi.  

 

Biz dünyanın ədalətsizliyini II Qarabağ savaşında Gəncə, Bərdə, Tərtər ağır, dağıdıcı silahlarla atəşə məruz qalanda da gördük. Susdular... Ədalətsizliyin daha bir rəsmini də yenə özləri çəkdi. 

 

“30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi”-deyən Prezident İlham Əliyev açıq tekstlə ATƏT-in Minsk Qrupunu tənqid edir,  ona görə ki, torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğu halda, münaqişə 30 il davam etdi; Minsk Qrupu hər dəfəsində işgüzar görüntü yaratdı, çözüm üçün konkret, qəti addımlar atmadı, mexanizmlər müəyyənləşdirmədi. Buna birmənalı bacarıqsızlıq demək olar və illər sübut etdi ki, beynəlxalq missiya bu məsələdə aciz davrandı. Əslində Minsk Qrupunun varlığı aldadıcı xarakter daşıyırdı, sülhə olan inam da aldadıcı idi. Əks təqdirdə  Qarabağın işğalı niyə 30 il sürməliydi?!  

 

Kənardan heç bir irad, tənqidi mülahizə Azərbaycanın haqsız olduğunu isbat edə bilməz. Çünki Azərbaycan sülhpərvər imicini sona kimi qorudu. Sülh imkanları tükənən yerdə, təbii ki başqa variant meydana girər. İnam itirsə, danışıqlar masasına ümid ölür. Ermənistan silahlı qüvvələri cəbhədə təxribatlara əl atanda, Azərbaycan düşmənlə güc vasitəsilə danışmaq qərarını verdi; Öz dərdinə əlacı özün tapmalısan-bu həqiqətin izi ilə getdi. Azərbaycan bunu çoxdan anlayırdı. Hərbi potensialını buna görə hər il gücləndirirdi. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitlər sabit qalmır, ildən-ilə dinamik şəkildə artırdı. Qarşıda zamanı bilinməyən savaş var idi. Qələbə vəd edən SAVAŞ!!! II Qarabağ Zəfəri bu siyasətin nə qədər doğru olduğunu sübuta yetirdi.

 

V.Allahverdiyeva  



19.08.2021 | 15:40