26899 namizəd üçün SEÇİM mərhələsi | |
İyulun 5-dən start verilən 2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin daha bir mərhələsi - vakansiya seçimi başa çatmaq üzrədir. Bu mərhələyə 19 fənn - Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə və coğrafiya üzrə ümumilikdə 26899 namizəd buraxılıb.
Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edirlər. Hazırda Azərbaycan dili və ədəbiyyatı, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə namizədlər vakansiya seçir. Seçim etmək və elektron ərizələrini təsdiqləmək üçün onlara avqustun 14-dək vaxt verilib. Vaxt həmin gün saat 11.59-da başa çatacaq.
Təhsil Nazirliyindən namizədlərə belə bir xəbərdarlıq da edilib ki, seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina edənlərin müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq. Odur ki, namizədlər kifayət qədər məsuliyyətli, qərarının arxasında durmaları tələb olunan bir mərhələdədirlər. İndi düzgün seçməlidirlər ki, seçilə bilsinlər. Seçilmələri üçün isə son sözü namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşünü müsahibə proqramına uyğun olaraq yoxladıqdan sonra müvafiq komissiya deyəcək.
Beləliklə, avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi həyata keçiriləcək. Müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Eyni zamanda müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Xatırladaq ki, 19 fənn - Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə və coğrafiya üzrə test imtahanları keçirilib. Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46930 namizəd iştirak edib.
Ruhiyyə DAŞSALAHLI
|
|
13.08.2021 | 14:11 | |
|
|
|