Ege Universiteti ilə ADAU arasında Dövlət Proqramı çərçivəsində sayca 4-cü müqavilə imzalandı

Avqustun 9-da  ölkəmizdə icrası davam edən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində sayca 4-cü müqavilə imzalanıb. Növbəti razılaşma Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universitetinin ikili diplom proqramı üzrə əməkdaşlığını nəzərdə tutur. Müqaviləni təhsil naziri Emin Əmrullayevin və Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın iştirakı ilə Ege Universitetinin rektoru Necdet Budak və ADAU-nun rektoru İbrahim Cəfərov onlayn şəkildə imzalayıblar.

 

“Azərbaycanda həm kadr potensialının, həm də ali təhsilin imkanlarının genişləndirilməsində maraqlıyıq”

 

Təhsil naziri  Emin Əmrullayev ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasında ikili diplom proqramlarının  roluna diqqət çəkib. Elə bu səbəbdən də dövlətimizin  ölkə ali təhsil müəssisələrinin nüfuzlu beynəlxalq təhsil müəssisələri ilə əməkdaşlığını dəstəklədiyini deyib. Nazir bildirib ki, bu dəstəyi özündə ehtiva edən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ikili diplom layihələri maliyyələşdirilir. Nazir dövlət tərəfindən müəyyən edilən 5 prioritet istiqamətdən 4-ü üzrə layihələrin artıq reallaşdırıldığını bildirib: “Azərbaycanda həm kadr potensialının, həm də ali təhsilin imkanlarının genişləndirilməsində maraqlıyıq. İkili diplom proqramları və bu cür əməkdaşlıqların iki ölkə arasında təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə inanırıq. Bu istiqamətdə tələb olunan bütün addımlar atılır”.

 

Hər il 4 ixtisas üzrə 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege Universitetində ödənişsiz təhsil alacaq

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov  Ege Universiteti ilə əldə edilən razılaşmanın bakalavr səviyyəsində 4 ixtisası əhatə edəcəyini bildirib. Onun sözlərinə görə, bitki mühafizəsi, aqronomluq, aqromühəndislik və iqtisadiyyat ixtisasları üzrə  nəzərdə tutulan bu proqram çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege Universitetində ödənişsiz təhsil alacaq.

 

ADAU rektoru onu da qeyd edib ki, bu,  rəhbərlik etdiyi universitetin ilk ikili diplom layihəsi deyil. Bundan əvvəl də Oklahoma Dövlət Universiteti ilə magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar və bu istiqamətdə fəaliyyəti uğurla davam etdirməkdə qərarlıdırlar.

 

İkili diplom layihələri və təşəbbüskar universitetlər

 

Qeyd edək ki,  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırda 3 ikili diplom layihəsi icra olunur. Corc Vaşinqton Universiteti ilə həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də  ADA Universiteti magistratura səviyyəsində,  Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriatura səviyyəsində icra olunan beynəlxalq ikili diplom proqramı üzrə artıq qəbul həyata keçirilib. Bu çərçivədə hələlik sonuncu layihə Aqrar Universiteti ilə Ege Universiteti arasında əldə edilən razılaşmaya əsasən növbəti tədris ilindən start götürəcək. Gələcəkdə ölkə iqtisadiyyatı üçün prioritet olan digər bir neçə istiqamət üzrə də belə proqramların təsis olunması planlaşdırılır.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Strassburq Universiteti arasında  UFAZ adlandırılan ikili diplom proqramını həm bakalavr, həm də magistr  səviyyəsində həyata keçirilən ən uğurlu layihələrindən biri sayan  Təhsil Nazirliyi Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədlinin sözlərinə görə,  ölkəmizdə, sadəcə Dövlət Proqramı çərçivəsində deyil, həm də universitetlərin öz təşəbbüsü ilə uğurlu ikitərəfli layihələr gerçəkləşdirilir:  “Ölkəmizdəki universitetlərin ali təhsilin beynəlmiləlləşməsi çərçivəsində  həyata keçirdiyi ikili diplom layihələri arasında kifayət qədər uğurlu olanlar var. Məsələn, UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti arasında, Bakı Ali Neft Məktəbinin magistratura səviyyəsində Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə, AzMİU-nun İstanbul Texnik Universiteti ilə əməkdaşlıqları bunlardan yalnız bir neçəsidir. Bu proqramların ölkəmizdə ali təhsilin inkişafına əhəmiyyətli töhfə verəcəyəni düşünürük”.

 

Dövlət Proqramı uğurla davam edir

 

Artıq iki ilə yaxındır davam edən və dünyada təhsilə çox ciddi dəyişikliklər gətirən pandemiya Dövlət Proqramının icrasına necə təsir edib? Maraqlıdır, ayrı-ayrı ölkələrin təhsil sistemi ilə bağlantılı olan ikili diplom layihələri hansı çətinliklərlə üzləşib?

 

Layihələr üzrə hər müqavilənin fərqli şəkildə tərtib olunduğunu deyən Nicat Məmmədlinin  sözlərinə görə, razılaşmalarda fərqli məsələlər nəzərdə tutulur: “Dövlət Proqramında irəli sürülən şərtlərdən biri də məhz bundan ibarətdir ki, təhsilin azı 70 faizi Azərbaycanda təşkil edilir, cəmi 30 faizi xaricdə ola bilər.  Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universiteti arasındakı müqavilədə xaricə tələbə göndərilməsi nəzərdə tutulmayıb. Bütün dərslər burada keçirilir. Dövlət Proqramı çərçivəsində olan digər ikili diplom layihələri də biri -birindən fərqlənir. Məsələn, BMU-nun İNHA Universiteti ilə olan bakalavriatura səviyyəsi üzrə ikili diplom layihəsinə görə, təhsil 1 il - IV kursda Koreyada həyata keçirilir. Bu da o deməkdir ki, Proqram üzrə BMU tələbələri Koreyaya 2 il sonra gedəcəklər. ADA Universitetinin magistr proqramının isə il yarım Azərbaycanda, 7 ayı xaricdə - ABŞ-dadır. Bu layihə üzrə təhsil alan tələbələrin II kursda Amerikada təhsili nəzərdə tutulduğundan, 20 nəfərlik qrup artıq təhsil alacağı ölkəyə göndərilib. Çünki pandemiyaya baxmayarq, Corc Vaşinqton Universitetində təhsilin normal qaydada  davam etdirilməsi barədə qərar verilib”.

 

N.Məmmədli bildirib ki, universitetlərin təşəbbüsü ilə həyata keçirilən layihələr arasında hətta I kursu Azərbaycanda, II və III kursu  xaricdə, nəhayət, IV kursu yenidən ölkəmizdə təhsili nəzərdə tutan layihələr var: “Məsələ ondadır ki, əvvəlki proqramlarda xaricdən müəllimlərin gəlib universitetlərimizdə dərs deyəcəyi nəzərdə tutulurdu. Dərslər onlayn keçirildiyindən müəllimlər onlayn qoşuldular və onların ölkəyə gələ bilməməsi problem təşkil etmədi. Növbəti illərdə pandemiya amili ortadan qalxacaqsa, nəzərdə tutulan proqram üzrə müəllimlərin gəlib üz-üzə dərs deməsi təmin ediləcək. Sözsüz ki, bu cür modifikasiyalar bundan sonrakı layihələrdə də nəzərdə tutulacaq. Məsələn, Ege Universiteti ilə hazrlanan layihədə bu, artıq nəzərə alınıb”.

 

Təşəbbüslər doğru dəyərləndirilir

 

İkili diplom layihələri ali təhsil müəssisələrini öz standartlarını yüksəltməyə məcbur edir. Müasir dünyada rəqabətədavamlı təhsil ocağına çevrilmək həm də bu prosesdə ali təhsil müəssisələrinin nə qədər təşəbbüskar olmasından asılıdır. Dövlət Proqramı çərçivəsində yaradılmış proqramları idarə edən Təhsil Nazirliyi bütün mərhələlərdə bilavasitə iştirak edir, uyğun təşəbbüsləri dəyərləndirir və dəstəkləyir. Nicat Məmmədli bildirib ki, sadəcə Dövlət Proqramı çərçivəsində deyil, universitetlərin təşəbbüsü ilə həyata keçirilən layihələrdə də Təhsil Nazirliyi mümkün olan dəstəyi göstərir və bundan sonra da buna davam edəcək.

 

Ruhiyyə DAŞSALAHLI

 



13.08.2021 | 10:05