CRIPTIC layihəsi çərçivəsində ilk çöl tədqiqatına start verilib

BP şirkətinin baş sponsorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun tərəfdaşı olduğu CRIPTIC layihəsi çərçivəsində Neftçala rayonunun Xəzər dənizi sahilindəki  pilot ərazidə ilk çöl tədqiqatına start verilib.

 

CRIPTIC - Cleaning Riverine Plastic from a Transboundary Inflow to the Caspian  (Xəzər dənizinə axan transsərhəd çayların plastik tullantılardan təmizlənməsi) Handelens Miljofund ekoloji fondu tərəfindən maliyyələşdirilən Norveç-Azərbaycan birgə elmi tədqiqat layihəsidir. CRIPTIC layihəsinin reallaşması, həmçinin “ESRI”, “At-Geotech”, “Azərkosmos”, “MONT Qrup”, “SPECTRA”, “Az-Green”, “Caspian Geomatics”, “Quintessence C&S” şirkətləri tərəfindən  dəstəklənir.

 

Layihənin Norveç tərəfindən əsas tərəfdaşları “Akvaplan-Niva”, Norveç Su Tədqiqatları İnstitutu (Norwegian Institute for Water Research NIVA), SALT, Terra Nor, Azərbaycan tərəfindən isə Azərbaycan Coğrafiya Cəmiyyəti, Coğrafiya İnstitutu, Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi (CASPISNET), Su Mütəxəssisləri Birliyi, “Azərsu” ASC-nin  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən təmsil olunur.

 

Layihənin CRIPTIC çərçivəsində tərəfdaşı olan Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin (CASPISNET) təşkilati dəstəyi ilə baş tutan bu çöl tədqiqatında müxtəlif universitetlər (UFAZ, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti), dövlət və özəl  sektor olmaqla, on beşdən artıq təşkilatdan ekologiya, hidrologiya, okeanoqrafiya, iqlimşünaslıq, geofizika, coğrafiya, coğrafi informasiya sistemləri (CİS), məsafədən zondlama sahəsində təhsil alan, çalışan tələbə və mühəndislər iştirak edib.

 

CRIPTIC komandası pilot zonada uzunluğu 1.200 km, eni 140 m olan zolaqda dron çəkilişlərini yerinə yetirdikdən sonra xüsusi proqram təminatı vasitəsilə yığılan hər bir plastik tullantının onlayn qeydiyyatına və ərazinin təmizlənməsinə başlayıb. Azərbaycanda ilk dəfə tətbiq olunan bu metod bir çox mütəxəssis və aidiyyatı təşkilatlara müasir dünya təcrübəsindən yararlanaraq plastik tullantılara qarşı mübarizəni ən effektiv şəkildə yerinə yetirməyə kömək edəcək. Toplanmış plastik tullantılar AZGREEN şirkətinin dəstəyi ilə Bakıda yerləşən plastik tullantıların təkrar emalı ilə məşğul olan zavoda təhvil verilib.

 

CRIPTIC layihəsinin Azərbaycan üzrə rəhbəri, Coğrafiya İnstitutunun Xəzər Dənizinin Səviyyə problemi şöbəsinin böyük elmi işçisi Elnur Səfərov bildirib ki, layihənin əsas məqsədi yaxın il yarım ərzində müasir peyk, dron müşahidələrinin, proqramlaşdırma dillərinin, maşın dili (machine learning), süni intellektin coğrafi informasiya texnologiyaları (CİS) platformasında kompleks tətbiqi ilə modelləşdirlilməsi və toplanan bu təcrübənin azərbaycanlı mütəxəssislərə öyrədilməsidir.

 

Layihənin üç iş paketindən ibarət olduğunu qeyd edən təşkilatçı bunların çay sahillərinin təmizlənməsi və Kür çayının plastik çirkləndiricilərinin klassifikasiyası, təmizləmə əməliyyatları üçün kartoqrafiya işlərinin yerinə yetirilməsi, ictimaiyyətin cəlb olunmasından ibarət olduğunu diqqətə çatdırıb. E.Səfərovun sözlərinə görə, artıq CİS sahəsində dünya nəhəngi olan ABŞ-ın ESRI şirkəti ilə CRIPTIC çərçivəsində qarşılıqlı əməkdaşlıq haqqında ilkin razılaşma əldə olunub. ESRI şirkəti tezliklə layihənin maksimum effektiv şəkildə yerinə yetirilməsi istiqamətində fəaliyyətə başlayacaq.

 

Bundan əlavə, pilot zonada nisbətən iri plastik tullantıların daha böyük ərazilərdə yerləşməsini müəyyən edən yüksək ayırdetmə qabiliyyətli peyk təsvirlərinin qarşılıqlı əməkdaşlıq əsasında “Azərkosmos”un operatoru olduğu və Yer səthinin məsafədən müşahidəsi peyki “Azersky” tərəfindən təmin olunması da nəzərdə tutulub.

 

Daha kiçik tullantıların müəyyən olunması isə əməkdaşlıq çərçivəsində “AT-Geotech” şirkətinin dron çəkilişləri ilə artıq   8 avqust tarixindən  etibarən  başlanılıb.

 



12.08.2021 | 13:25