Beynəlxalq ikili diplom proqramı haqqında növbəti məlumat sessiyası

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı haqqında növbəti məlumat sessiyası keçirilib. Budəfəki məlumat sessiyası proqram çərçivəsində tədris edilən İnşaat mühəndisliyi ixtisasına həsr olunub.

 

BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli ikili diplom proqramı haqqında məlumat verib. O, proqrama müraciət forması, qəbul şərtləri, proqramın modeli, tədris dili və s. barədə ətraflı danışıb. Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulunun davam etdiyini qeyd edən direktor onlayn qeydiyyatın 14 avqustda yekunlaşacağını diqqətə çatdırıb. Bildirib ki, 17 avqustda keçiriləcək I mərhələdə abituriyentlər riyaziyyat və fizika fənlərindən yazılı imtahan, 19 avqustda keçiriləcək ikinci mərhələdə isə ingilis dili fənnindən şifahi imtahan verəcəklər. O, nəticələrin 23 avqust tarixində açıqlanacağını vurğulayıb.

 

İkili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang İnha Universiteti barədə ətraflı məlumat verib.  İNHA Universitetinin 1954-cü ildə Koreya müharibəsindən sonra yarandığını bildirən Hyunjin Yang təmsil etdiyi universitetin mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biri olduğunu diqqətə çatdırıb. Proqramın üstünlüklərindən danışan Hyunjin Yang iki diplom əldə etməklə yanaşı, tələbələrin Cənubi Koreyaya getmək imkanı qazanacaqlarını da  qeyd edib.

 

Məlumat sessiyasında BMU-İNHA ikili diplom proqramında İnşaat mühəndisliyi ixtisasında “Tərsimi həndəsə və mühəndis qrafikası” fənnini tədris edən, eyni zamanda BMU-nun mühəndislik fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Mirzəyev çıxış edib. O, inşaat mühəndisliyinin mühəndislik sahələri içərisində ən geniş yayılmış tikinti sahəsi olduğunu vurğulayıb. Bildirib ki, inşaat mühəndisliyi ixtisası üzrə BMU-da yüksəkixtisaslı kadrlar hazırlanır və bunun üçün universitetdə kifayət qədər kadr potensialı, təsdiq olunmuş tədris proqramları, eyni zamanda maddi-texniki baza mövcuddur.

 

Sonda proqram üzrə İnşaat mühəndisliyi ixtisasında təhsil alan Anar Rzayev çıxış edib. O, ilk növbədə Təhsil Nazirliyinə abituriyentlər üçün belə bir imkan yaradılmasına görə minnətdarlığını bildirib. Proqram barədə fikirlərini bölüşən tələbə proqramın üstünlüklərindən  danışıb və abituriyentlərə bu ixtisası seçməyi tövsiyə edib.

 

 



11.08.2021 | 17:15