Gömrük Akademiyasında ilk “Məzun günü” | |
İyulun 3-də Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk “Məzun günü” qeyd edilib.
Bu münasibətlə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, təhsil nazirinin müavini Firudin Qurbanov, komitə sədrinin müavinləri və idarə rəisləri, akademiyanın müəllimləri və valideynlər iştirak ediblər.
Mərasim dövlət himninin oxunması ilə başlayıb.
Sonra akademiyanın rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov məzunları təbrik edib. Bildirib ki, 4 il əvvəl fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsinin Akademiyası qısa zaman ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib. Ölkəmizdə təhsilə, gənc nəslin təlim-tərbiyəsinə xüsusi qayğı göstərildiyi qeyd olunub və akademiyanın ilk məzunlarının tədris prosesini yüksək nəticələrlə başa vurmaları təhsil sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirilib.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Sədr akademiyanın ilk “Məzun günü”nü həm də Dövlət Gömrük Komitəsinin tarixində mühüm hadisə kimi qiymətləndirib.
Ulu öndər Heydər Əliyevin təhsilə, gənc nəslin elmi biliklərə yiyələnməsinə daim xüsusi diqqət göstərdiyini vurğulayan komitə sədri, bu istiqamətdə formalaşan dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın ictimai-siyasi həyatında gənclərə xüsusi yer verildiyini, ixtisaslı gənc kadrların hazırlanmasının və onların işlə təmin olunmasının dövlətimizin strateji hədəflərindən olduğunu söyləyib.
Səfər Mehdiyev hazırda akademiya üçün mükəmməl elmi-texniki bazaya malik, müasir tələblərə cavab verən yeni binanın inşasını da ölkə başçısı İlham Əliyevin peşəkar kadrlara, ixtisaslaşmış təhsil ocaqlarının inkişafına göstərdiyi qayğının təzahürü kimi dəyərləndirib. Komitə sədri məzunların gələcək həyat və fəaliyyətlərində təhsil aldıqları ali məktəbi uğurla təmsil edəcəklərinə ümidvar olduğunu deyib.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 2018-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Gömrük Akademiyasının ilk məzunlarının bu il ali məktəbi bitirməsi xoş bir hadisədir. Cümhuriyyətin mövcud olduğu qısa müddət ərzində təhsillə bağlı bir sıra nailiyyətlərin əldə olunduğunu söyləyən Firudin Qurbanov, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da təhsil sahəsində, ixtisaslı kadrların hazırlanması istiqamətində daha mühüm və məqsədyönlü addımlar atıldığını diqqətə çatdırıb. Təhsil nazirinin müavini Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsinin də bu sahə üzrə peşəkar kadrların hazırlanması istiqamətində görülən işlərin bariz nümunəsi olduğunu deyərək ali təhsil ocağının fəaliyyət göstərdiyi qısa vaxt ərzində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb.
Tədbirdə akademiyanın müəllimləri, valideynlər və tələbələr çıxış edərək məzunlara uğurlar arzulayıblar.
Sonda təlim-tədris prosesində fərqlənən müəllim və tələbələr mükafatlandırılıb, məzunlara diplomlar təqdim edilib.
Qeyd edək ki, bu il Gömrük Akademiyasını 37 gənc hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə bitirib və onların yarıdan çoxu təhsilini magistr pilləsi üzrə davam etdirəcək. O cümlədən, məzunlardan 7 nəfəri Avropanın müxtəlif universitetlərində magistr təhsili alacaq.
|
|
04.07.2018 | 14:26 | |
|
|
|