Qalib MÜƏLLİM

Qarabağ uğrunda döyüşlərə qatılan daha bir müəllim - Ruslan Əhmədov. Şirvanda yaşayır, Salyanda işləyir. 3 ildir Salyandakı Təzəkənd ümumi orta məktəbində dərs deyir. Şagirdləri onu sevir, o da şagirdlərini. Özü bu sevgisinin millətinə, torpağına, dövlətinə bağlılığından irəli gəldiyini deyir. Ürəyindəki sevgini şagirdlərinə də aşılamağa çalışır. Vətən müharibəsinin iştirakçısı olaraq bunun daha da asanlaşacağına inanır. Hesab edir ki, Vətən müharibəsində iştirakı şagirdlərinin ona olan sevgi və hörmətini qat-qat artırıb. Axı, o da Vətən müharibəsi iştirakçısıdır və bu iştirakı ilə  Vətəninə olan sevgisini təsdiq edib.

 

VƏTƏN onu da çağırdı

 

Oktyabrın 10-dan aldığı çağırış əsasında heç tərəddüd etmədən əyninə hərbi geyim geyinib, əlinə silah götürüb: “Xüsusi təyinatlılar mövqeləri alıb irəliləyir, həmin mövqelərin müdafiəsi Milli Ordumuzun ayrı-ayrı batalyonlarına tapşırılırdı. Ağcabədi rayonunda, əsasən Laçından olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə məktəbində yerləşən məntəqədə aparılan bölgüyə əsasən Qubadlının Sarıyataq kəndinin müdafiəsini təşkil edən qüvvələrin tərkibinə daxil edildim. PK atırdım müharibədə. Dekabrın 30-dək Qubadlının müdafiəsində iştirak etdim.  İlk vaxtlarda ermənilər itirdikləri mövqeləri geri almaq üçün uğursuz cəhdlər edirdilər. Ancaq hər dəfə geri oturdulurdular. Bu cəhdlər elə uzun çəkmədi. Ordumuz irəlilədikcə cəbhə də, top-tüfəng səsi də Sarıyataqdan uzaqlaşdı”.

 

Od-alov onların olduğu yerdən uzaqlaşsa da, ölüm yenə bir addımlıqlarında olub: “Erməni gülləsindən şəhid olan, yaralanan olmadı, ancaq aramızdan minaya düşənlər oldu”.

 

Ruslan Əhmədov 2 ay 20 gündən sonra sağ-salamat elinə-obasına, evinə-ailəsinə, ən əsası, məktəbinə, şagirdlərinin qarşısına qayıdıb. Özü də üzüağ, alnıaçıq.

 

Ruslan müəllim Vətən müharibəsində “PK” atıcısı olsa da, hərbi xidmət dövründə atıcı olub, manqa kamandiri kimi yetişib. Baş atıcı kimi fəaliyyət göstərən  Ruslan Əhmədov Azərbaycan sülhməramlılarının tərkibində 6 ay Əfqanıstanda da  xidmət edib. Azərbaycan sülhməramlı qüvvələrinin tərkibində göstərdiyi bu fəaliyyəti uğurla başa çatdıraraq Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələrinin (İSAF) medalına layiq görülüb.

 

İdmana olan həvəslə vətən sevgisi birləşəndə

 

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Ruslan Əhmədov Şirvanda Çılpaqlı qəsəbəsində doğulub. Burada 2 nömrəli tam orta məktəbin I sinfinə gedib. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təhsil alıb. 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb və uğur qazanaraq Salyanda - Təzəkənd ümumi orta məktəbində fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsinə işə götürülüb. Həftədə 2-3 dəfə Salyana gedib-gəlir. Vətənə layiqli insanlar - mənəvi cəhətdən iradəli, fiziki cəhətdən güclü şəxsiyyətlər yetişdirmək üçün bütün bilik və bacarığını səfərbər edir. Bu məqsədə gedən yolda  heç nə qarşısını kəsə bilməz. Buna isə idmana olan həvəslə Vətənə qarşı bəslənən sevgini birləşdirərək nail olacağını düşünür.

 

Yolun açıq, biləyin qüvvəli, sözün təsirli olsun, Azərbaycan müəllimi! Tərbiyə işinin təşkilində etdiyin hər fədakarlıq bəhrə versin!

 

Ruhiyyə DAŞSALAHLI

 



06.08.2021 | 13:21