İkili diplom proqramına dair növbəti məlumat sessiyası keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icrasına ötən tədris ilində start verilən beynəlxalq ikili diplom proqramı haqqında növbəti məlumat sessiyası keçirilib. Məlumat sessiyasında proqramda tədris olunan Elektronika mühəndisliyi ixtisası barədə geniş məlumat verilib.

 

BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli bildirib ki, icra olunan ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında həyata keçirilir. H.Cəfərli proqrama müraciət forması, qəbul şərtləri, proqramın modeli, tədris dili və s. barədə ətraflı danışıb. Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbuluna artıq start verildiyini vurğulayan proqram direktoru onlayn qeydiyyatın 14 avqusta kimi davam edəcəyini qeyd edib.

 

İkili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang təmsil etdiyi universitet barədə iştirakçıları məlumatlandırıb. O, 1954-cü ildə yaranan İNHA Universitetinin mühəndislik sahəsində Cənubi Koreyanın lider universitetlərindən biri olduğunu vurğulayıb. Proqramın üstünlüklərindən danışan Hyunjin Yang tələbələrin IV kursda İnha Universitetində təhsillərini davam etdirmək şansının olduğunu və sonda iki diplom əldə edə biləcəklərini sözlərinə əlavə edib.

 

 



03.08.2021 | 17:04