BDU-nun müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Dövlət Universiteti (BDU) müəllim-tələbə heyəti üçün Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə təcrübə-tanıtım səyahəti təşkil edib.

 

BDU-dan bildirilib ki, əvvəlcə müəllim və tələbələrə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah edilib.

 

Daha sonra filiz emalı sahəsinə ekskursiya təşkil olunub. Müəllim və tələbələrə müəssisədə yaradılan iş şəraiti, qiymətli metalların hasilatı, emalı prosesi, laboratoriyanın iş prinsipi haqqında ətraflı məlumat verilib.

 

Təcrübə-tanıtım səyahətində geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova, dekan müavini İlqar Quliyev, Faydalı qazıntılar kafedrasının dosenti Şəhla Abdullayeva, kafedranın laborantı Nigar Səttarzadə, tələbə və magistrantlar iştirak ediblər.

 

Qeyd edək ki, 2019-cu ildə "AzerGold" QSC və BDU arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokolda qarşılıqlı razılıq əsasında ölkə ərazisində metal filizi yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur.

 

 



03.08.2021 | 13:33