Şamaxıda "Gənc kimyaçıların yay məktəbi – 2018" adlı tədbir keçiriləcək

İyulun 4-də  Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Kimya Elmləri Bölməsi (KEB) və akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə kimya sahəsində tədqiqat aparan gənc alimlər üçün "Gənc kimyaçıların yay məktəbi – 2018" adlı tədbir keçiriləcək. 

 

AMEA-dan verilən məlumata görə, 5 gün müddətində gənc alimlər müxtəlif elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, kimya elminin yeni prioritetlərinə dair biliklərini təkmilləşdirəcəklər. Belə ki, ilk günlərdə qeyd olunan prioritet istiqamətlərlə bağlı KEB-ə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatlar, onların nəticələri yay məktəbinin subyektlərilə müzakirə olunacaq.

 

Yay məktəbinin gedişində, həmçinin, üç elmi panel mövzusu daxilində müzakirələrin təşkili üçün konfransın keçirilməsi də nəzərdə tutulub. Burada iştirak edən gənclər teleskopla ulduzları müşahidə edəcək, ulduzlar sistemi haqqında sənədli filmlərə baxacaq və Şamaxıda yerləşən Dəmirçi palçıq vulkanına ekskursiyaya cəlb olunacaqlar.

 

Samirə KƏRİMOVA 



03.07.2018 | 14:19