AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti seminar | |
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin “ccTLD domen zonasında fəaliyyət göstərən veb-resursların göstəricilərinin qiymətləndirilməsi milli təhlükəsizliyin əsas komponenti kimi” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilib.
İnstitutdan verilən məlumata görə, mövzu ilə bağlı məruzəni təqdim edən institutun proqramçısı Yusif Sadıyev ccTLD domen zonasında fəaliyyət göstərən veb-resursların analitikası, e-dövlətin veb-infrastrukturunun formalaşması prosesi və veb-resursların analitikası, veb-infrastrukturun analitikası, Milli Statistika Sistemi və s. haqqında ətraflı məlumat verib.
“Yüksək səviyyəli domen zonasında veb-resursların analitikası ölkənin milli təhlükəsizliyinin vacib komponenti olan informasiya təhlükəsizliyinin əsasını təşkil edir”,–deyə bildirən məruzəçi qeyd edib ki, analitika e-dövlət vasitəsilə vətəndaşların onlayn mühitdə əlaqələrinin analizini aparmağa imkan verir.
O, veb-resursların analitikasının əsas istiqamətlərinə istifadəçi davranışı və profilləri, veb-resursa müraciətlərin sayı, istifadəçi tərəfindən axtarılan açar sözlər, ziyarətçilərin coğrafiyası, istifadəçilərin veb-resursdan istifadə müddəti, səhifələrarası keçidin aid edildiyini söyləyib.
E-dövlətin veb-infrastrukturunun dövlət sektorunda fəaliyyət göstərən hər bir qurumun veb-resursu əsasında formalaşdığını bildirən Y.Sadıyev qeyd edib ki, formalaşmış veb-infrastruktur əsasında qurumlarla vətəndaşlar arasında onlayn interaktiv əlaqə yaranır.
Məruzəçinin sözlərinə görə, Milli Statistika Sisteminin əsas vəzifəsi e-dövlət və istifadəçilər arasında əks-əlaqəni təmin etmək və toplanmış bütün məlumatları arxivləşdirərək statistik mexanizmlərin tətbiqi ilə proqnozlar verməkdən ibarətdir. Bu sistem ölkənin milli maraqlarına uyğun qurulur və bütün analitika prosesi orada öz əksini tapır.
O, həmçinin analitika xidmətlərindən istifadə edən veb-resursların paylanma faizini təqdim edib, hazırda dünyada aktiv olan veb-saytların 66,7 faizinin analitika xidmətindən istifadə etdiyini diqqətə çatdırıb.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Yusif ƏLİYEV
|
|
03.07.2018 | 13:26 | |
|
|
|