"2019-2023 Dövlət Proqramı" öz bəhrələrini verir

Müasir dövrün çağırışları ölkəmizdə prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və bu əsasda insan kapitalının inkişafını şərtləndirir. Bu zərurət ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını aktual edir. Dünya ali təhsil sistemində baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda intellektual potensialın gücləndirilməsinə qoyulan investisiya artıq ali təhsil sistemində mühüm keyfiyyət dəyişikliklərini və innovativ fəaliyyətin güclənməsini şərtləndirib.

 

Bu mənada Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Proqramın icrası  öz bəhrələrini verməkdədir və artıq payız semestri üçün tələbə qəbuluna start verilib. "2019-2023 Dövlət Proqramı"nın direktoru Turan Topalova " Azərbaycan müəllimi"nə proqramın icrası ilə bağlı fikirlərini bölüşüb.

 

-  Xahiş edirik, ilk növbədə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində doktorantura hazırlığı üzrə bu vaxta qədər görülmüş işlər barədə məlumat verəsiniz.

 

- “2019-2023 Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 711 nömrəli 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının icra istiqamətlərinə respublikamızda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi  üçün yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və ali təhsil müəssisələrimizin akademik imkanlarının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Dövlət Proqramının icra istiqamətlərindən biri olan xaricdə doktorantura təhsilinə ilk sənəd qəbulu 2019-cu ildə başlamış və artıq 4-cü sənəd qəbulu elan edilmişdir. Hazırda 13 ölkənin 43 ən nüfuzlu universitetlərində 84 doktorantımız təhsil alır.  

 

- Növbəti tədris ili üzrə doktorantura hazırlığı üzrə artıq elan verilib. İlk növbədə, bilmək istərdik, kimlər bu seçimdən yararlana biləcək?  Tələbələrin müraciətinə baxılması proseduru necə həyata keçiriləcək?

 

- Xaricdə doktorantura təhsili 7 prioritet ixtisas istiqamətləri üzrə dünyanın top 500 universitetində (beynəlxalq reytinq cədvəllərinin (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”)) doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsi üzrə  təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur.  

 

Eyni zamanda qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.4-cü maddəsinə əsasən “Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir”.

 

Proqrama müraciət etmək istəyən tələbələr elektron qaydada dp.edu.az saytına daxil olaraq qeydiyyatdan keçirlər. Namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə rəsmi veb-səhifə üzərindən elekron ərizə  doldurulmalı və tələb olunan sənədlərin skan edilmiş surəti əlavə edilərək elektron ərizə təsdiq olunmalıdır. İlkin mərhələdə mütəxəssislər tərəfindən sənədlərin ekspertizası aparılaraq namizədlərə sənədlərin düzgünlüyü barədə məlumat verilir. Birinci mərhələni uğurla başa vuran namizədlər bilik və bacarıqlarının qiymətləndirilməsi üçün komissiya üzvlərinin iştirak etdiyi müsahibə mərhələsinə dəvət olunur. Bu mərhələni də uğurla başa vurmuş namizədlər “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili almaq hüququ qazanırlar.

 

-  “2019-2023 Dövlət Proqramı”nda iştirak etmək istəyən gənclərə nə kimi tövsiyələriniz vardır? Onlar nələrə diqqət yetirməlidirlər?

 

- Namizədlərə xaricdə doktorantura təhsili üçün sənəd qəbulu açıq elan edilən zaman vaxt itirməmələri üçün vacib  sənədlərdən olan dünyanın top- 500 universitetlərin birindən prioritet ixtisas istiqamətləri üzrə əldə edilmiş qəbul sənədi, yerli ali təhsil müəssisələrdən (ATM) əldə edilmiş razılıq məktubu və tədqiqat planını əvvəlcədən əldə etmələri və elan müddəti bitənədək sadalanan vacib sənədlərlə birgə digər sənədləri də toplayaraq elektron ərizələrini təsdiqləmələri  tövsiyə olunur.

 

- “2019-2023 Dövlət Proqramı”na qəbul tələbələr qarşısında hansı öhdəliklər qoyur?

 

- Müvafiq seçim qaydalarına əsasən, dünyanın nüfuzlu universitet və laboratoriyalarında  tədqiqat aparacaq doktorantlar məzun olduqdan sonra Azərbaycana qayıdaraq 5 il  müddətində müqavilə bağladığı yerli ali təhsil müəssisəsində fasiləsiz pedaqoji fəaliyyət göstərmək üçün yerli ATM-lərdən razılıq məktubu almalıdırlar. Bununla yanaşı, proqram çərçivəsində təhsil almış yüksəkixtisaslı mütəxəssislərin çalışacaqları yerli ali təhsil müəssisələrində kadr potensialını inkişaf etdirməsi, impakt faktorlu  elmi jurnallarda məqalələrini dərc etdirməsi, kurrikulumların beynəlxalq standartlara uyğunlaşdırılması və s. istiqamətlərdə dəstək verməsi qarşıya qoyulmuş əsas hədəflərdəndir.

 

- Üçtərəfli müqavilənin iştirakçılarından biri də universitetlərimizdir.Onlar doktorantura təhsilinin yeni formatda təşkilinə necə baxırlar? Proqrama qoşulan universitetlərin əhatə dairəsinin genişlənməsi nəzərdə tutulurmu?

 

- “2019-2023 Dövlət Proqramı” nın əsas məqsədi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsidir. Hal-hazırda 14 yerli ali təhsil müəssisəsi (ATM) ilə birgə əməkdaşlıq əlaqələləri  çərçivəsində işlər görülməkdədir. 2021-ci il payız qəbulları üçün yerli tərəfdaş ATM-lərin sayının genişləndirilməsi və bölgələrdə yerləşən ATM-lərin cəlb olunması istiqamətində fəaliyyətin aparılması nəzərdə tutulmuşdur. Bununla bağlı davamlı addımlar həyata keçirilir.

 

- Proqramda nəzərdə tutulmuş prioritet ixtisas istiqamətləri necə müəyyən olunur? Azərbaycanın inkişafı baxımından daha çox hansı ixtisaslara üstünlük verilir?

 

- Azərbaycanın inkişaf strategiyası nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisaslarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 241 saylı 27 may 2019-cu il tarixli Qərarı ilə tənzimlənir. Proqram çərçivəsində maliyyələşmə 7 prioritet ixtisas istiqaməti üzrə aparılır. Bunlar: Təbiət, Kənd təsərrüfatı, Səhiyyə və rifah, Texniki və texnoloji, İqtisadiyyat və idarəetmə, Təhsil, Humanitar və sosial ixtisas istiqamətləridir.

 

-  Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2030: Milli Prioritetlər”də ali təhsil  sahəsində nəzərdə tutulmuş hədəflərə çatmaqda  “2019-2023 Dövlət Proqramı”nın rolu və əhəmiyyəti barədə nə deyərdiniz?

 

 - “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sərəncamına əsaslanan,  ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetlərin hər birinin həyata keçirilməsi üçün kadr potensialının  gücləndirilməsi əsas şərtlərdəndir ki, “2019-2023 Dövlət Proqramı”nın da məqsədi beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olunması və ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına nail olunmasıdır.

 

Oruc MUSTAFAYEV

 



30.07.2021 | 13:18