Birincilərin birincisi | |
Başa vurduğumuz tədris ili müəyyən çətinliklərinə baxmayaraq ölkəmizin təhsil sistemində bir sıra uğurlarla yadda qaldı. Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkara çıxarılması, bilik və bacarıqlarının stimullaşdırılması, onlarda elmi tədqiqatçılıq səriştələri və yaradıcılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin təşkili nəticəsində şagirdlərimiz bir sıra beynəlxalq əhəmiyyətli olimpiadalarda uğurlar qazanaraq öz layiqli töhfələrini veriblər. Cari tədris ili həm də Respublika fənn olimpiadalarının qalibləri olan 8 istedadlı gənc - “Birincilərin birincisi” adına layiq görülən şagirdlərimiz üçün də yaddaqalan olub. Öz uğurları ilə diqqətçəkən gənclərimizi oxuculara təqdim edirik.
“Uğurun sirri daim optimist olmaq və çalışmaqdır”
Ranal Qurbanov, Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbin şagirdi: - 2 may 2004-ci ildə Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 1-ci sinfinə gedib. Daha sonra təhsilini Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə davam etdirib və həmin məktəbi bitirib. 2019-cı ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə 3-cü yerə və bürünc medala layiq görülüb. 2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş, 2021-ci ildə isə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medallara sahib olub. 2021-ci ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə I yerə layiq görülüb və qızıl medal qazanıb. “ Birincilərin birincisi” adını qazandığı üçün Fəxri fərmanla təltif olunub.
Ranal Qurbanov 2021-ci ildə FLEX təqaüd proqramında iştirak edib və ABŞ-da təhsilini davam etməyə dəvət alıb. 2021-ci ilin may ayında SAT proqramı üzrə imtahan verərək 1600 baldan 1530 bal yığıb. Arzusu həkim olmaqdır. Kitabları və mütaliəni çox sevir. Həmyaşıdlarına tövsiyəsi zamanlarını düzgün planlamaları, faydalı keçirmələri, fəal həyat tərzi sürmələridir. Onun üçün uğurun sirri daim optimist olmaq və çalışmaqdır.
“KAIST Universitetində təhsil almağı planlaşdırıram”
Xanım Yaqublu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi: - Respublika fənn olimpiadalarında 4 dəfə iştirak edib, 3 dəfə qızıl medal qazanıb. İştirak etdiyi 7 Beynəlxalq olimpiadada 5 gümüş, 2 bürünc medala layiq görülüb.
- Respublika fənn olimpiadaları final mərhələsi beynəlxalq olimpiada formatında keçirilən və hər mərhələsində getdikcə daha maraqlı və çətin olan müsabiqədir. Bu müsabiqənin Beynəlxalq olimpiada nailiyyətlərimi qazanmağımda böyük rolu olduğunu deyə bilərəm. Final mərhələdə açıq sualların yoxlanılmasında və qaliblərin seçilməsində xüsusi diqqət göstərdikləri, dördüncü dəfə bu olimpiadada iştirakıma şərait yaratdıqları üçün münsiflər heyətində təmsil olunan bütün müəllimlərə təşəkkür etmək istərdim. Cənubi Koreyanın KAIST Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil almağı planlaşdırıram.
“Qalib hissini yaşamaq çox qürurvericidir”
Yunis Əliyev, Mingəçevir şəhər Ruslan Muradov adına Texniki-humanitar liseyin şagirdi: - 2004-cü il iyulun 6-da Mingəçevir şəhərində anadan olub. 2010-cu ildə Mingəçevir şəhər Ruslan Muradov adına Texniki-humanitar liseyin 1-ci sinfinə daxil olub. Bu il həmin məktəbi əla qiymətlərlə bitirib.
- 2019-cu ildən başlayaraq Respublika fənn olimpiadalarında iştirak edirəm. 2 dəfə fənn olimpiadalarının finalçısı olmuşam. Bu il isə tarix fənni üzrə respublikada ən yüksək nəticəni əldə edərək “Birincilərin birincisi” adına layiq görülmüşəm. Təəssüratlarıma gəldikdə isə, həqiqətən, qalib hissini yaşamaq çox qürurvericidir. Məncə, bu uğuru əldə etmək üçün çox çalışmaq, əzmkar, ən əsası inadkar olmaq lazımdır. Hədəfim yüksək balla istədiyim ixtisasa daxil olmaqdır. Üzərimdə əməyi olan bütün müəllimlərimə təşəkkür edirəm.
“Ailəmə, müəllimlərimə minnətdaram”
Nazim Çələbiyev, İ.Hacıyev adına”Tərəqqi” texniki-humanitar liseyin şagirdi: - 6 fevral 2004-cü ildə Mingəçevir şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri 159 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2021-ci ildə İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi qızıl nişanla bitirib. “Fövqəladə hadisə şagirdlərin gözü ilə” mövzusunda keçirilən inşa-yazı müsabiqəsində 1-ci yerə layiq görülüb. 2021-ci il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında 285.3 bal toplayıb. Builki Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yeri tutaraq “Birincilərin birincisi” nominasiyasını qazanıb.
- Düşünürəm ki, ənənəvi olaraq hər il keçirilən Respublika fənn olimpiadaları şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait, öz biliklərini artırmağa stimul yaradır. Mən təhsilə verilən dəyəri, diqqəti, qayğını gördükcə daha da həvəslənirəm. Təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz təşəkkürümü bildirirəm.
Məqsədim öz peşəsinə dərindən yiyələnmiş bir hüquqşünas olmaqdır. Qazandığım uğurlara görə ailəmə, müəllimlərimə minnətdaram.
“İkinci dəfə “Birincilərin birincisi” oldum”
Əziz Hüseynov, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin şagirdi: - 2004-cü il oktyabrın 12-də Gəncə şəhərində anadan olub. İlk təhsilinə 2010-cu ildə Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə başlayıb. 2016-cı, 2017-ci və 2018-ci illərdə informatika üzrə Respublika fənn olimpiadalarında iştirak edib və qızıl medal qazanıb. ABŞ-da keçirilən “Genius Olympiad”da robototexnika üzrə qızıl medala layiq görülüb. 2019-cu ildə Sloveniyada keçirilən Avropa yeniyetmələrin informatika olimpiadasından respublikamıza ilk gümüş medal gətirib. Həmin ilin noyabrında Bolqarıstanda keçirilən informatika olimpiadasında gümüş, 2020-ci ilin yanvarında Qazaxıstanda keçirilən Beynəlxalq Jautikov Olimpiadasında bürünc medallara layiq görülüb. 2020-ci ildə informatika üzrə Respublika fənn olimpiadalarında yenidən qızıl medal qazanaraq “Birincilərin birincisi” olub. Elə həmin ildə də Beynəlxalq İnformatika Olimpiadasında (İOİ) son 9 ildə, uzun aradan sonra ölkəmizə bürünc medal qazandırıb.
Ə.Hüseynov 2021-ci ildə Sinqapurda onlayn keçirilən Beynəlxalq İnformatika Olimpiadasında iştirak edərək bürünc medal qazanıb və adıçəkilən olimpiadada iki dəfə medal qazanan ilk azərbaycanlı olub.
- Builki fənn olimpiadası məsələlərin çətinliyinə görə çox gərgin keçdi, mümkün 500 baldan 399 bal toplayaraq qızıl medal qazandım və ikinci dəfə “Birincilərin birincisi” nominasiyasının qalibi oldum. Qalibləri təhsil naziri Emin Əmrullayev təbrik və təltif etdi. Onu da deyim ki, bu nailiyyətlərim ilə Cənubi Koreyanın KAIST Universitetinə tam təqaüd ilə qəbul olmuşam.
“Gələcək hədəfim peşəkar mütəxəssis olmaqdır”
Murad Xəlilli, Bakı şəhər 244 nömrəli tam orta məktəbin şagirdi: - 23 may 2004-cü ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Əsəd Ələskərov adına 244 nömrəli tam orta məktəbi qızıl nişanla başa vurub. “Əlaçı”, “Xəmsə” intellektual oyunların qalibi olub.
- Şübhəsiz ki, təhsilim dövründə uğurlarım arasında mənim üçün xüsusi əhəmiyyətə malik olanlardan biri Respublika fənn olimpiadaları olub. Uşaqlıqdan coğrafiyaya olan xüsusi marağım sayəsində təhsil aldığım müddətdə fənn biliklərimi daha da təkmilləşdirə bildim. X sinifdə coğrafiya fənni üzrə olimpiadaya qatıldım və bürünc medal qazandım. Bu il daha çox çalışaraq qızıl medal qazanmağa nail oldum, həmçinin “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. Məktəbimin, valideynlərimin, fənni dərindən öyrənməyimə kömək olan müəllimim Xəyalə xanımın, BŞTİ-nin təşkil etdiyi “İstedad qazandır” layihəsi çərçivəsində dəstəyini əsirgəməyən Eldəniz müəllimin ümidlərini doğrultduğum üçün çox sevindim. Bu 2 il ərzində iştirakçılara xüsusi şəraitin yaradılmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Builki müəyyən çətinliklərə baxmayaraq olimpiadanın bütün mərhələlərinin qüsursuz keçdiyini deyə bilərəm.
Gələcək hədəfim müvafiq sahələr üzrə peşəkar mütəxəssis olmaqdır. Burada əldə etdiyim təcrübələrin hədəfimə çatmaqda müəyyən rol oynayacağına inanıram.
“Olimpiada əla təşkil olunmuşdu”
Ayhan Süleymanzadə, Türkiyə Dəyanət Vəqfi Baki Türk liseyinin şagirdi: - 14 iyul 2004-cü ildə Bakıda anadan olub. Paytaxtdakı 82 nömrəli tam orta məktəbə gedib. Daha sonra orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində davam etdirib. Ayhan bir sıra beynəlxalq olimpiadalarda iştirak edib, uğurlar qazanıb. Sonuncu dəfə 17-24 iyul 2021-ci il tarixlərində Litvada keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medala layiq görülüb.
- VIII sinifdən başlayaraq Respublika fənn olimpiadalarında iştirak edirəm. Son 4 il ərzində fənn olimpiadalarında 2 qızıl, 1 gümüş,1 bürünc medal qazanmışam. Builki olimpiadada qızıl medalla yanaşı “Birincilərin birincisi” nominasiyasının qalibi olmuşam. Əvvəlki illərdə olduğu kimi, bu il də olimpiada əla təşkil olunmuşdu, münsiflər heyəti çox ədalətli idi. Hədəflərimə gəlincə, ali təhsilimi Cənubi Koreyanın KAIST Universitetində davam etdirəcəyəm.
14 medallı istedad
Toğrul Abbasov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi: - 2005-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Bir sıra nüfuzlu beynəlxalq olimpidalarda ölkəmizi uğurla təmsil edib.
- Respublika fənn olimpiadalarına hazırlıqla VII sinifdən məşğul olmağa başlamışam. Yerli olimpiadalarda 2 qızıl, 1 gümüş medal qazanmışam. Beynəlxalq olimpiadalarda 3 qızıl, 3 gümüş, 4 bürünc medala layiq görülmüşəm. Cari ilin 14-24 iyul tarixlərində isə 62-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında bütünc medal qazandım. Təhsil Nazirliyi tərəfindən Respublika fənn olimpiadalarının təşkil olunması istedadlı, bacarıqlı şagirdlərin aşkar olunmasında mühüm rol oynayır. Hədəfim gələcəkdə ən prestijli universitetlərin birində təhsilimi davam etdirməkdir.
Oruc MUSTAFAYEV
|
|
30.07.2021 | 11:22 | |
|
|
|