16 xarici ölkənin universitetlərinə daxil olan məzunlarla görüş keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov təhsil ocağının xaricdə magistratura və doktorantura pilləsində təhsil alacaq 2021- ci il məzunları ilə görüşüb.

 

Rektor bildirib ki, məzunlar getdiyi ölkələrdə Azərbaycanı layiqincə təmsil etməlidirlər: “Hər biriniz həmin ölkələrdə Azərbaycanın intellektual əsgərləri olmalısınız. Sizin üzərinizdə şəhidlərimizin, dövlətimizin, xalqımızın haqqı var. Buna biganə yanaşmayın. Vətənimizi, Ali Məktəbimizi, ailənizi layiqincə təmsil etməlisiniz”.

 

E.Qasımov məzunlara gedəcəyi ölkələrdə Azərbaycanın səfirlikləri, diplomatik nümayəndəlikləri ilə sıx əlaqədə olmağı tövsiyyə edib. Xüsusi vurğulayıb ki, eyni zamanda təhsil aldıqları universitetlərlə BANM arasında əlaqələrin qurulmasına səy göstərsinlər: “Bir sözlə, Ali Məktəbinizi unutmayın. Dünya artıq Bakı Ali Neft Məktəbini tanıyır”.

 

Qeyd edək ki, bu il BANM-in bakalavr və magistr məzunu olan 40 tələbə 16 xarici ölkənin universitetlərinə daxil olub. Həmin ölkələr arasında ABŞ, Almaniya, Kanada, Macarıstan, Norveç, Litva, Niderland, İtaliya, Estoniya, Belçika, Böyük Britaniya və Çexiya kimi ölkələrin məşhur ali təhsil müəssisələri var.

 

Yeri gəlmişkən, təhsil ocağının builki məzunlardan 7 - si ABŞ - ın müxtəlif universitetlərində magistratura və doktoranturaya təqaüdlə, 6- sı isə DAAD təqaüd proqramı ilə Almaniyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

 

 



28.07.2021 | 11:23