BSU-da elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi məqsədi ilə stimullaşdırıcı mexanizmlər tətbiq olunacaq | |
Bakı Slavyan Universitetində (BSU) 2021-2022-ci tədris ilindən etibarən bu ali təhsil müəssisəsinin professor-müəllim heyəti, eləcə də doktorantura səviyyəsi üzrə təhsilalanlarının elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi məqsədi ilə stimullaşdırıcı mexanizmlər tətbiq olunacaq.
Universitetdən məlumat verilib ki, stimullaşdırıcı mexanizmlər elmi-tədqiqat fəaliyyətinin müəyyən bir hissəsinin dəstəklənməsi, eləcə də yüksək elmi nəticələrlə yekunlaşmış elmi-tədqiqat işlərinə ayrılmış maliyyə mükafatları şəklində müəyyən olunacaq.
BSU rektorunun səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevin bildirdiyinə görə, qeyd olunan mexanizmlər bu ali təhsil müəssisəsinin elmi-tədqiqat istiqamətlərinə uyğun olaraq istər davam edən, istərsə də yekunlaşmış elmi-tədqiqat nəticələrinin mükafatlandırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, müvafiq mexanizmlərin icrası zamanı tədqiqatçılara istər yaş meyarlarına, istər elmi-tədqiqat işinin icra statusuna və profilinə, istərsə də elmi tədqiqatın nəzəri və praktiki əhəmiyyətinə, o cümlədən aparılacaq pedaqoji eksperimentlərin dəstəklənməsinə görə meyarların tətbiqi, eləcə də tədris ilinin müxtəlif dönəmlərində müraciət etmək imkanlarının yaradılması vacibdir.
Elmi-tədqiqat prosesinin stimullaşdırılmasının birinci mexanizmi universitetin gənc müəllim və doktorantlarını hədəfləməklə, BSU-da tədris edən və ya doktorantura səviyyəsi üzrə təhsil alan, yaşı 35-ə qədər olan tədqiqatçıların elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi məqsədini daşıyır. Qeyd olunan kateqoriya üzrə müraciətçilər həyata keçirdikləri və ya planlaşdırdıqları tədqiqat işlərinin davamı və ya yekunlaşdırılması məqsədi ilə qısamüddətli tədqiqat səfərləri, monoqrafiya və ya məqalə çapı, pedaqoji eksperimentlər kimi dəstəyin əldə olunması da daxil olmaqla, müxtəlif meyarlar əsasında müraciətləri təqdim edə biləcəklər.
A.Nağıyevin bildirdiyinə görə, ikinci mexanizm vasitəsi ilə müvafiq tədris ili müddətində həyata keçirilmiş və BSU-nun elmi-tədqiqat istiqamətləri üzrə əhəmiyyətli tədqiqat nəticələri ilə yekunlaşmış, akademik heyətin peşəkar inkişafı və kadr hazırlığı işində müstəsna elmi-pedaqoji dəyər yaratmış, beynəlxalq elmimetrik bazalarda nəşr edilmiş, bu kimi digər meyarlar əsasında ölçülə bilən, seçilmiş, həmçinin müraciət olunan zamanadək yekunlaşmış maksimum üç elmi-tədqiqat işinin nəticələrinin mükafatlandırılması nəzərdə tutulur.
Elmi Şuranın müvafiq qərarı ilə elmi-tədqiqat işlərinin stimullaşdırılmasını nəzərdə tutan hər iki mexanizmin tətbiqi qaydaları və şərtlərinin hazırlanması, icrasının təmin edilməsi məqsədi ilə BSU-nun əməkdaşları, professor Rəhilə Qeybullayevanın (yekunlaşmış elmi-tədqiqat işlərinin dəstəklənməsi mexanizmi) və dosent Sevinc Abışovanın (gənc tədqiqatçıların elmi-tədqiqat işlərinin dəstəklənməsi mexanizmi) rəhbərliyi altında müvafiq işçi qrupları yaradılıb.
|
|
27.07.2021 | 16:05 | |
|
|
|