İnşaat mühəndisliyi ixtisasının gələcək perspektivləri | |
Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Mühəndislik Universiteti (BMU) və “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə “Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri” mövzusunda vebinar keçirilib.
BMU-dan bildirilib ki, vebinarın keçirilməsində əsas məqsəd İnşaat mühəndisliyi ixtisasının gələcək perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə BMU ilə Koreyanın İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində İnşaat mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsi olub.
Dövlət Proqramı İdarəetmə Qrupunun ikili diplom proqramları üzrə mütəxəssisi Tərlan Abbasovanın moderatorluğu ilə baş tutan tədbirdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında ətraflı məlumat verilib.
Tədbirdə spiker qismində “2007-2015 Dövlət Proqramı”nın məzunu olan və hazırda “Mott MacDonald” şirkətində inşaat mühəndisi kimi çalışan Arzu İmanlı çıxış edib. Peşəkar şirkətlərdə təcrübənin önəminə toxunan A.İmanlı tələbələrin bununla peşəkar şəbəkəni inkişaf etdirəcəklərini, universitetdə öyrəndikləri nəzəriyyəni praktikaya tətbiq edə biləcəklərini və öz ixtisaslarını bu sahənin peşəkarlarından öyrənəcəklərini diqqətə çatdırıb.
A.İmanlı Skansa şirkətində keçdiyi təcrübələrindən, eləcə də “Mott MacDonald” şirkətində yol və infrastruktur mühəndisliyi kimi işə başlamasından danışıb. İnşaat mühəndisliyi məzunları üçün karyera seçiminə toxunan spiker İnşaat mühəndisliyi sahəsinin çox böyük olduğunu bildirib və onun bir neçə sahəsi, o cümlədən Struktur mühəndisliyi, Ətraf mühit mühəndisliyi, Nəqliyyat mühəndisliyi, Geotexnika mühəndisliyi, Layihə infrastrukuru mühəndisliyi haqqında ətraflı danışıb.
BMU-İnha ikili diplom proqramının direktoru Humay Cəfərli Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil verilməsi məqsədilə bir sıra layihələrin həyata keçirildiyini bildirib. Bu layihələrdən birinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın olduğunu vurğulayıb və Cənubi Koreyanın İnha Universiteti ilə BMU arasında icra olunan ikili diplom proqramının bu layihə çərçivəsində həyata keçirildiyini sözlərinə əlavə edib. Qeyd edib ki, proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim tədris texnologiyalardan yararlanaraq mühəndislik sahəsində Azərbaycanda XXI əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. O, çıxışında proqrama qəbul, imtahanların keçirilməsi, tələb olunan sənədlər və proqramın üstünlükləri barədə iştirakçıları məlumatlandırıb.
|
|
27.07.2021 | 12:25 | |
|
|
|