Qərbi Kaspi Universitetində tələbələr yeni üsullarla imtahan verirlər

Qərbi Kaspi Universitetində yay imtahan sessiyası davam edir. Universitetin rektoru, professor Andris Leitas imtahanlarda iştirak edir, sessiyanın gedişini nəzarətdə saxlayır. Universitetdə fəaliyyət göstərən Apelyasiya Komissiyası imtahan nəticələrindən narazı qalmış tələbələrin müraciətlərinə obyektiv və operativ şəkildə baxır.  Son imtahan sessiyalarında olduğu kimi, bu dəfə də fərqli imtahan modelləri sınaqdan çıxarılır. Belə ki, mövcud imtahan formaları (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar) ilə yanaşı, yeni imtahan modelləri tətbiq edilir. Bu modellər “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi imtahan formalarıdır. Yeniliklərdən biri də budur ki, tələbələr imtahan formasını özləri seçmək hüququna malikdirlər. Bu imtahan modelləri tələbələrə yalnız nəzəri deyil, təcrübi bilikləri də mənimsəməyə imkan verir, onların səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir. “Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilərlər. Bununla belə, suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir.

 

“Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır. İmtahan nəticələrini tələbələr universitetin internet saytında (wcu.edu.az) hər bir tələbə üçün yaradılmış şəxsi kabinetə daxil olaraq öyrənə bilirlər.

 

Hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün  ödənişsiz əsaslarla intensiv kurslar, konsultasiya saatları və iki təkrar imtahan təşkil olunur.

 



02.07.2018 | 17:49