“Laləli bağ” adlı rəsm sərgisi | |
Sumqayıt şəhərində “Sülh Plaza” otelində “Laləli bağ” adlı tədbir keçirilib. Sumqayıt göz xəstəxanasının həkim endokrinoloqu Aytən İsmayılova sağlamlıq imkanları məhdud uşaqlara kömək məqsədilə təşkil olunan bu rəsm sərgisi barədə iştirakçılara ətraflı məlumat verib. Sərgidə 11 yaşlı Fatimənin nənəsi Lətifə Rəhimovanın çəkdiyi rəsmlər nümayş olunub.
Sərginin keçirilməsində əsas məqsəd burada toplanan vəsaiti fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə yardım kimi köçürmək olub. Sərgidə nümayiş olunan rəsmlərin arasında biri diqqəti xüsusilə cəlb edib. Həmin rəsmdə erməni qəsbkarların əsarətindən azad olunan Qarabağımızın dilbər guşəsi olan Ağdamın Maqsudlu kəndinin təsviri verilib. Rəsmdə yeniyetmə qızın uzaqlara dikilən mənalı baxışları düşmənlər tərəfindən Xocalıda öldürülən günahsız fidan balaların, eləcə də Zəhranın ölümünün ağrısını sanki təzədən yaşadıb iştirakçılara.
Qonaqlara təqdim olunan başqa rəsmlərdə də insanı düşünməyə vadar edən maraqlı lövhələr yer alıb. Gözəl havası, suyu, bərəkətli torpağı olan Qarabağın təbiəti də ustalıqla fırçaya alınıb. Rəssamlıq üzrə təhsil almasa da, Lətifə Rəhimovanın rəsmlərində hiss və həyəcan, doğma yurda vurğunluq kimi müqəddəs hisslər rənglərin dili ilə ustalıqla ifadə olunub. Kətan üzərində yağlı boyadan məharətlə istifadə edən müəllif rəsmlərinin hər birində 11 yaşlı nəvəsinin müxtəlif rəng çalarlığında təsvirini verib. Sərgi iştirakçıları həmin rəsmləri alaraq öz evlərində tarixi bir xatirə kimi saxlamağa qərar veriblər. Bu, həm də xüsusi qayğıya ehtiyac olan uşaqlara diqqətin təzahürü kimi dəyərləndirilib.
Tədbirin sonunda Tərtər Rayon Hərbi Komissarlığının baş həkimi Nadir Rəhimov ailəsi adından sağlamlıq imkanları məhdud olan 11 yaşlı Fatiməyə göstərilən qayğıya görə təşkilatçılara və bütün iştirakçılara dərin təşəkkürünü ifadə edib.
Sonda qonaqlar çay süfrəsi ətrafında Fatimə ilə xatirə şəkli çəkdiriblər.
Sifai SƏFƏROVA
|
|
18.07.2021 | 12:19 | |
|
|
|